525.Az

Parislə Moskva arasında soyuq küləklər əsir - Xaqani Cəfərli yazır


 

Parislə Moskva arasında soyuq küləklər əsir - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Rusiya ilə Fransanın arzularından asılı olmayaraq, iki ölkə arasında yenidən soyuq küləklər əsməyə başlayıb.

Ötən ilin yayında Vladimir Putinin Parisə səfərindən sonra Moskva ilə Paris arasında isti münasibətlər yaranmağa başlamışdı. Fransada belə fikirlər səslənirdi ki, Emmanuel Makron sələfləri Nikola Sarkozi və Fransua Ollandın edə bilmədiyini edərək Rusiya ilə münasibətlərdə uğur qazanacaq. Lakin indi vəziyyət yenidən əks istiqamətdə yön alıb.

İki ay əvvələ kimi Rusiya əleyhinə sanksiyalara qarşı çıxan, qadağaların effektinə inanmayan və Rusiya ilə əməkdaşlığın daha doğru yol olduğuna inanan Emmanuel Makronun Vladimir Putinlə danışıqları sərt xarakter almağa başlayıb. Münasibətlərin yenidən soyumasının ilk səbəbi Belarusda keçirilən prezident seçkilərindən sonra bu ölkədə yaranmış vəziyyətə yanaşmada Rusiya ilə Fransa arasında kəskin fikir ayrılığının yaranması oldu. Seçkilərdən üç gün sonra Emmanuel Makronun Vladimir Putinlə telefon danışığı zamanı Belarusda seçkilərin nəticələrinə etiraz edən  vətəndaşların zorakılığa məruz qalmasının yolverilməz olması və tərəflər arasında dialoqun yaradılması zərurəti ilə bağlı fikri Rusiya prezidenti tərəfindən rədd edilmişdi. O zaman belə ehtimal olunurdu ki, bu telefon danışığı Parislə Moskvanın münasibətlərinə mənfi təsir etməyəcək. Lakin Belarusda etirazların səngiməməsi, etirazçılara qarşı zorakılıqların artması və ən nəhayət, Rusiya müxalifətinin lideri Aleksey Navalnının sui-qəsd kimi görünən zəhərlənməsi Parislə Moskva arasında münasibətlərin soyumasını qaçılmaz etdi.

Avropada bir çoxları belə hesab edir ki, Navalnının zəhərlənməsi Emmanuel Makronun Vladimir Putinlə arasında yaranmış münasibətlərin davam etməsinə imkan vermir. Hətta Parislə Moskva arasında müşahidə olunan yaxınlaşmanın artıq tarixə qovuşduğu haqqında fikirlər də səslənir. Fransa prezidentinin Rusiyaya səfəri gündəmdən çıxdığı kimi, iki ölkənin xarici və müdafiə nazirlərinin 2+2 formatında görüşü də qeyri-müəyyən olaraq qalır. Parisdə və Moskvada heç kim bu görüşün nə zaman keçiriləcəyi ilə bağlı fikir bildirə bilmir. Əksər müşahidəçilər hesab edirlər ki, Navalnının zəhərlənməsi ətrafında qalmaqal səngimədən bu görüş baş tutmayacaq. Bu həftənin ilk günü Emmanuel Makronla Vladimir Putin arasındakı telefon danışığı zamanı Fransa prezidenti Navalnıya qarşı törədilən sui-qəsdə aydınlıq gətirilməsini qəti şəkildə tələb edib. Vladimir Putin isə bu yanaşmanın əleyhinə çıxıb. Şərhçilər hesab edir ki, Makronun Putindən hesabat tələbə etməsi kimi qəbul olunan bu telefon danışığının təsirləri Parislə Moskvanın münasibətlərində uzun zaman hiss olunacaq.

Müşahidəçilərə görə, Moskva Parisin Rusiyanın Avropa Şurasına qayıtması prosesinə verdiyi dəstəyi doğru dəyərləndirməyib. Görünür, Putinlə danışığında Makronun səs tonunun və leksikonun dəyişməsi də Parisin xəyal qırıqlığının nəticəsidir. Çünki Rusiyanın Avropa Şurasına qayıtmasına dəstək verən Paris Moskvanın Qərblə münasibətlərini yenidən dəyərləndirəcəyinə ümid edirmiş. İndi isə bunun tam əksi baş verib və bu vəziyyət Parisdə Rusiya ilə bağlı xəyal qırıqlığı yaradıb.

Müşahidəçilər hesab edir ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının kimyəvi silah hesab olunan "Noviçok" zəhəri ilə zəhərlənməsi faktının Almaniya ilə yanaşı, Fransa  laboratoriyası tərəfidən təsdiq edilməsinin təsirləri Moskva ilə Paris arasında münasibətlərə zamanla daha çox mənfi təsir edəcək. Paris bu olayı Rusiyanın beynəlxalq öhdəliklərinə əməl etməməsi kimi dəyərləndirir. Moskva isə öz növbəsində Fransanı Rusiyaya qarşı qərəzli olmaqda ittiham edir. Müşahidəçilər isə Vladimir Putinin Makronunun ona uzatdığı əli tutmadığı qənaətindədirlər. Çünki Fransanın dəstəyi olmadan Rusiya Avropa Şurasının sıralarına qayıda bilməzdi. Müşahidəçilər hesab edir ki, bu vəziyyət Vladimir Putinin dünyagörüşündən qaynaqlanır. Artıq belə fikir hakimdir ki, Vladimir Putin güzəşti zəiflik əlaməti sayır və bütün gücü ilə heç bir beynəlxalq məsələdə güzəştə getməkdən imtina edir. Bu isə əməkdaşlığı faktiki olaraq mümkünsüz hala gətirir.

Müşahidəçilər hesab edirlər ki, Rusiya Qərbin onunla bir çox məsələdə əməkdaşlıq etməyə məcbur olmasından sui istifadə edir. Məlum olduğu kimi, Avropanın enerji təminatı ilə bağlı Rusiyadan ciddi asılılığı var. Bundan başqa, Suriya, Livan və Ukrayna kimi münaqişəli ölkələrdə Qərb Rusiyanın yardımına ehtiyac duyur. Paris böyük maraqları olduğu Livanda vətəndaş müharibəsinə son verilməsi üçün Rusiyanın yardımına ümid bəsləyir. Moskva da bütün bunların fərqindədir və buna görə Parisin sona qədər münasibətləri pisləşdirmək niyyətində olmayacağından sui-istifadə edir. Müşahidəçilərin qənaətincə, Moskvanın bu yanaşması Parisi öz siyasətini yenidən dəyərləndirmək məcburiyyətində qoyduğundan onu bundan sonra da Rusiyaya qarşı sərt siyasət yürütməyə vadar edə bilər.

 





21.09.2020    çap et  çap et