525.Az

İbrət dərsi... - Nadir Rzalının yazısı


 

İbrət dərsi... - <b style="color:red">Nadir Rzalının yazısı </b>

Xətainin 500 il əvvəl dediyi "Söz var kəsər savaşı, söz var kəsdirər başı..." misraları bu gün çox aktuallaşıb. Səbəb də bəzi insanların düşünmədən danışmalarıdır. Sənin sözün səni ən qiymətli adama da çevirər, bir qəpikdən daha dəyərsiz edib yerlə yeksan da edər. Ona görə də, necə deyərlər, danışmazdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır.

Xalq yaxşını pisdən asanlıqla ayırd edə bilir. Camaat çox ayıqdır, sanki tükü tükdən seçərək hər bir insanın üzərinə öz xarakter qiyafəsini biçir. Odur ki, insanları qıcıqlandırıb nifrət yaratmaq təhlükəlidir. Hələ həmin şəxs dövlət məmuru olanda məsələ daha da ciddiləşir. Çünki toplum məmurların dediklərini onların özlərinin sözü kimi yox, təmsil etdiyi qurumun mövqeyi kimi qəbul edir. Elə buna görə də, bu məsələ çox vacib və olduqca həssas məsələdir.

Yəqin unutmamısınız, bu ayın əvvəlində Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri (artıq keçmiş şöbə müdiri!) Hikmət Babayev taksilərin fəaliyyəti ilə bağlı hazırlanmış yeni konsepsiya haqqında danışarkən əhalini qıcıqlandıran fikirlər səsləndirmiş, vətəndaşlara necə hərəkət etmələri ilə bağlı öz "məsləhətlərini" vermişdi: "Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur". BNA rəsmisinin sözündən belə çıxırdı ki, kasıbın taksidə nə işi var, pulu yoxdur minməsin, taksi hamı üçün deyil. Hiss olunurdu ki, Hikmət Babayev axşam işdən evə yorğun gəlib ayaqlarının ağrısından dişini dilinə sıxanlardan, günorta növbəsi oxuyub axşam 7-də dərsdən çıxan, sabahın dərsini çatdırmalı olan, gözündən yuxu tökülən tələbələrdən, avtobus və metrodan istifadə edə bilməyən xəstə insanlardan xəbərsizdir. Belə nümunələri çox sadalamaq olar.

Jurnalistin bu konsepsiyanın icrasının kiçik sahibkarları bazardan sıxışdırıb çıxaracağı ilə bağlı sualına cavabında isə Hikmət Babayev deyirdi ki, bu fikirləri səsləndirən ekspertlər bununla xalqda onlara qarşı qıcıq yaratmaq istəyirlər. Əslində isə təmsil etdiyi quruma qarşı qıcığı məsələyə belə qeyri-peşəkar münasibəti ilə şöbə müdirinin özü yaratdı.

Hikmət Babayevin bu fikirləri dərhal cəmiyyətin kəskin reaksiyası ilə qarşılandı. Sosial şəbəkələrdə Hikmət Babayevin ünvanına olduqca sərt tənqidlər səsləndirildi. İctimai qınaq o həddə çatdı ki, Hikmət Babayev vəzifəsindən uzaqlaşdırıldı.

Məmur-vətəndaş münasibətləri neçə illərdir, Azərbaycanda ən müxtəlif kontekstlərdə, fərqli situasiyalarda müzakirəyə çıxarılan məsələlərdən biri olub. Ayrı-ayrı fəaliyyət sahələrində çalışan məmurların vətəndaşlara etinasız münasibəti, bu münasibətlərin törətdiyi fəsadlarla bağlı yaranan narazılıqlar haqqında çox deyilib, çox yazılıb. Və hər dəfə də vətəndaşlara münasibətdə, əhaliyə ünvanlanan bəyanatlarda məmurların olduqca diqqətli davranması gərəkliyi ortaya çıxıb. Hikmət Babayevin birbaşa əhali ilə işləyən məsul bir qurumun təmsilçisi kimi səsləndirdiyi fikirlər və bu fikirlərin ictimaiyyətin haqlı narazılığı ilə qarşılanması da məhz məmur-vətəndaş münasibətlərində birincinin səhlənkarlığının, laqeydliyinin nümunəsi idi.

Əslində, bu hadisə Azərbaycanın məmur ordusu üçün, xüsusilə də bu gün dövlət tərəfindən etimad göstərilib məsul vəzifələrə təyinat alan gənc nəsil nümayəndləri üçün bir ibrət dərs olmalıdır. Hansısa məmur Avropada da təhsil ala bilər, Qərbin ən nüfuzlu təhsil ocaqlarının məzunu da olar, neçə xarici dil də bilər - əlbəttə, bu, onun üstünlüyüdür, amma bu üstünlük heç bir halda ona vətəndaşların rifah halını, sosial durumunu nəzərə almayıb cəmiyyətə yuxarıdan aşağı baxmaq və təmsil etdiyi hökumət orqanının reputasiyasını zərbə altında qoymaq səlahiyyəti vermir. Unutmaq olmaz ki, məmur öz davranışı ilə cəmiyyətdə təkcə özünün yox, həm də təmsilçisi olduğu dövlət orqanının mövqeyini ifadə edir. Bu mənada, hər bir dövlət məmuru özünün yanaşması ilə birinci növbədə dövlətin öz vətəndaşlarına münasibətini ortaya qoymuş olur. Azərbaycanın dövlət başçısı da öz çıxışlarında dəfələrlə bu məsələlərə toxunaraq vurğulayıb ki, "məmur-vətəndaş münasibətləri sağlam zəmin üzərində qurulmalıdır, məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər".

 





22.09.2020    çap et  çap et