525.Az

Bir məktubun izi ilə... - Fotolar


 

Bir məktubun izi ilə... - <b style="color:red">Fotolar</b>

"525-ci qəzet"in 10 sentyabr 2020-ci il tarixli sayında dərc edilmiş "Hanı indi o məktublar..." yazısının müəllifi Şahanə Müşfiqə sevgilərlə

Hörmətli Şahanə xanım!

Nəzərinizə çatdırıram ki, "525"in, xüsusilə də sizin daimi oxucunuzam. "Hanı indi o məktublar...", dediyimiz kimi, həm də "Hanı indi o insanlar ki, sevimli qəzetlərini almaq üçün qəzet köşklərinə üz tutub növbəyə dayansınlar?" deməyimiz də, məncə, yerinə düşərdi. Bu mənada üzüm ağdır, - masamın üstündə "525"in 525-dən çox nüsxəsi var. Yazılarınızı sevə-sevə oxuyuram. "Hanı indi o məktublar"ı isə daha həvəslə oxudum və xəyal məni çox uzaqlara - ötən əsrin 80-ci illərinə qaytardı.

Sizin də qeyd etdiyiniz kimi, "Sevgiylə yazdığımız, həvəslə göndərdiyimiz, həyəcanla cavabını gözlədiyimiz, kimin məktubu daha rəngarəng, kimin məktubu daha bəzəkli, kimin məktubu daha fərqlidir deyə öz içimizdə müqayisələr apardığımız" həmin o illərdə yazılmış bir sevgi məktubu barədə yazmaq istəyirəm sizə. Dərc etsəniz, bu yazdıqlarımın "525"in çoxsaylı oxucuları üçün də az maraq doğurmayacağına tam əminəm.

İndiki gənc nəslin xatırlamadığı sovetlər dönəmində bütün həmyaşıdlarım kimi mən də "SSRİ" adlı vətənimizin keşiyində dayanmaq üçün həqiqi əsgəri xidmətə yollandım. Dəqiq yadımdadır, 1979-cu ilin oktyabr ayının 23-ü idi. Həmin gün "çağırışçı" adlanan biz gəncləri Biləcəridəki Toplanış məntəqəsindən eşelona yığıb, yola saldılar təyinat məntəqələrinə. Üç gün-üç gecədən sonra biz artıq Bakıdan da, onun mülayim payız günlərindən də çox-çox uzaqlarda - Ukraynanın Lvov vilayətinin Zoloçev şəhərində idik. Yerdə 50-60 santimetr hündürlüyündə qarın olduğu soyuq və qərib bir diyarda.

Gecə ikən bizə əsgər mundiri geyindirib, o dövrün termini ilə desək, ayrı-ayrı rotalara böldülər. Hər rota 100 əsgərdən ibarət idi. Tərslikdən mənim düşdüyüm rotadakı 100 əsgərin içərisində məndən başqa azərbaycanlı olmadı. Bu, əlbəttə ki, yaxşı hal deyildi mənim üçün. Biləcəridən Zoloçevə kimi gəldiyimiz üç gün-üç gecədə tanış olub dostlaşdığım həmyerlilərimdən ayrı düşmək dillərini o qədər də yaxşı bilmədiyim əsgər yoldaşlarım arasında darıxdırırdı məni. Bura təlim rotası idi. Altı ay müddətində əlimizdə "Kalaşnikov" avtomatı, belimizdə əşya çantası təlim keçməli, sərrast atəş açmağı öyrənməli, hərbi biliklərin sirlərinə yiyələnməli, buna müvəffəq olduqda isə kiçik komandir heyətində xidmətimizi davam etdirməliydik.

Təəssüf ki, mənimlə birgə gəlmiş çağırışçı yoldaşlarımızın 2-3 nəfərini avtomobil rotasına, böyük əksəriyyətini isə təminat rotasına yerləşdirmişdilər. Burada onlar müxtəlif tikinti işləri aparır, yardımçı təsərrüfatlarda çalışır, bir növ günlərini keçirirdilər...

Qeyd etdiyim kimi, mən təlim rotasında olan yeganə azərbaycanlı idim və təminat rotasında olan həmvətənlərim, təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, mənimlə fəxr edir, adımı, soyadımı, hətta laçınlı olduğumu belə bilirdilər.

Artıq təlim kursunu uğurla başa vurub "Serjant" rütbəsi almış, bölmə komandiri vəzifəsinə təyin olunmuşdum. Mən həm də yeganə azərbaycanlı idim ki, cibimdə o dövrün hər əsgərinə nəsib olmayan Kommunist Partiyası üzvlüyünə namizədlik kitabçasını gəzdirirdim. Vəzifəm təkcə gənc əsgərlərə təlim keçmək yox, həm də xidmət etdiyim hərbi təlim briqadasının ictimai həyatında fəal iştirak etmək idi. Siyasi şöbənin bütün tədbirlərində yaxından iştirak edir, ştatdankənar müxbir kimi əsgər həyatını Dairə qəzetlərində müntəzəm işıqlandırırdım. Vaxt tapdıqca mənimlə eyni gündə hərbi xidmətə başlamış azərbaycanlı əsgərlərlə görüşür, problemləri ilə maraqlanır, onların həllinə çalışırdım. Belə əsgər yoldaşlarımdan biri də Xaçmaz rayonunun Nərəcan kəndindən olan Aydın Rəhimov idi ki, onunla olan əsgər yoldaşlığım əbədi qardaşlığa çevrildi və bu gün də bu, davam etməkdədir.

Hər şey ondan başladı ki, bir axşam Aydın mənim olduğum əsgər kazarmasına gəlib dedi:

- Qarayev (əsgərlikdə müraciət forması belədir - R.Q), kənddən məktub gəlib, - sevdiyim qızdan. Mən indi buna nə yazım?

Düzünü deyim ki, Aydın orta məktəbdə o qədər də mükəmməl təhsil almamışdı və bu səbəbdən də yazı-pozuya meylli deyildi.

Məktubu oxudum. Nərgiz adlı bir qız yazmışdı. Sevgi məktubu idi təbii ki.

O gecə köməkləşib Nərgizə cavab məktubu yazdıq və bu məktublaşma müntəzəm xarakter almağa başladı.

Bir gün Nərgizin məktubunun içindən kənd fotoqrafının çəkdiyi bir şəkili də çıxdı və şəkilin saxlanc yeri Aydının əynindəki əsgər mundirinin sol döş cibi oldu. Necə ki, Nərgizin öz yeri Aydının həmişə onun eşqi ilə döyünən ürəyinin içi idi...

Beləcə, günlər bir-birini əvəz edir, biz isə əsgər həyatının çətinliyinə dözə-dözə doğma Azərbaycanımıza qayıdacağımız günü gözləyirdik. Gözləyə-gözləyə də gələcək xəyallarımızı qurur, böyük-böyük işlər planlaşdırırdıq. Məsələn, mən gələcəkdə ali təhsil almaq, həyatımı daxili işlər orqanlarında xidmətə həsr etmək arzusunda olduğumu bildirirdim. Samuxlu Qurban sürücülük peşəsinə yiyələnib ömrü boyu "İkarus" markalı avtobusun sükanı arxasında oturmağı planlaşdırırdı. Aydının isə bircə planı var idi: ordudan ehtiyata buraxılan kimi vətənə dönüb bütün varlığı ilə sevdiyi vəfalı Nərgizinə qovuşmaq, - başqa heç nə.

Beləcə, doğma Azərbaycanımıza qayıdacağımız vaxtı həvəslə (və həm də həsrətlə) gözlədiyimiz günlərin birində Ukraynanın paytaxtı Kiyev şəhərindən - xidmət etdiyimiz təlim briqadasının da tabe olduğu SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ukrayna və Moldova Respublikaları üzrə Baş İdarəsindən briqadamıza telefonoqram daxil oldu. Bildirilirdi ki, briqadanın komandiri Moldovanın Benderi şəhərindəki İslah-əmək koloniyasında boş qalmış mühafizə rəisi vəzifəsinə təyin olunması üçün təcrübəli bir əsgərini təcili həmin şəhərə ezam etməlidir. Tələb də belə idi ki, həmin əsgər ən azı ilyarım orduda xidmət etmiş, "Sovet Ordusu əlaçısı" döş nişanına layiq görülmüş və həm də Kommunist Partiyasının üzvlüyünə qəbul edilmiş əsgər olmalıdır. Tərslikdən bu tələb olunanlara mən uyğun gəldim və Briqadanın Siyasi şöbəsinin rəisi, milliyyətcə osetin olan podpolkovnik Qazanov məni yanına çağırıb dedi:

- Böyük təəssüf hissi ilə səndən ayrılırıq. Nə edə bilərik, bu, ordudur, əmr müzakirə olunmur, sən general-leytenant Qanusenkonun əmri ilə Moldovanın Benderi şəhərindəki hərbi hissəyə ezam olunursan. Və elə yanımdaca rotamızın komandiri kapitan Varxolaya göstəriş verdi ki, baş serjant Qarayevi gecə ikən qatarla Kişinyova yola salın.

Hər şey elə sürətlə baş verdi ki, ilyarım bir briqadada qulluq etdiyim sevimli həmyerlilərimlə, o cümlədən, Aydın Rəhimovla da xudahafizləşə bilmədim. İki gün sonra artıq mən 1053 dustağın saxlandığı böyük bir İslah-əmək koloniyasında xidmətdə idim...

Buradakı xidmətim də uğurlu oldu. General-leytenant Qanusenkonun əmri ilə "starşina" rütbəsinə layiq görüldüm və 1981-ci ilin dekabr ayında (2 il 2 aydan sonra) ehtiyata buraxıldım.

Bir müddət doğulub-böyüdüyüm Laçında yaşadım. Sonra ali təhsil almaq üçün Bakıya gəldim. Aydına məktub yazdım. Cavab gəlmədi.

Daha bir müddət keçdi və bir gün Xaçmaza, oradan da Aydının yaşadığı Nərəcan kəndində getdim. Soraqlaşıb yaşadığı evi tapdım. Qapını 20-22 yaşlarında ucaboylu bir qız açdı. Donub qaldım. Sanki görmüşdüm bu yaraşıqlı kənd qızını nə vaxtsa. Az sonra məlum oldu ki, bu, Nərgizdir, - Aydının qanıyla, canıyla sevdiyi Nərgiz, məktublaşdığımız Nərgiz. Heç demə, ata-anasının tək oğlan övladı olan Aydının əsgərlikdən qayıdan kimi gördüyü ilk iş Nərgizə elçi göndərməsi olub. Lakin Nərgizin yeddi qardaşından heç biri bu işə razılıq verməyib və "yox" cavabı ilə elçiləri geri qaytarıb. Belə olduqda dəliqanlı Aydın eləməyib tənbəllik, tutub Nərgizin əlindən və üz tutub Qazaxıstana. Yalnız kənd ağsaqqallarının işə qarışmasından sonra bu iki vəfalı sevgili vətənə qayıdıb və daha bir namuslu azərbaycanlı ailəsinin təməli qoyulub.

O vaxtdan 39 il keçib. İndi Aydınla Nərgizin Dadaş, Laləzar, Vəfa və Aytel adlı dörd övladları var. Dördünün də toyunda əmi kimi qol götürüb oynamışam. Dadaş evə gəlin gətirib. Qızların hər üçünün hesabına isə üç yeni ailənin təməli qoyulub. Yeni övladlar gəlib dünyaya. İndi doqquz nəvəsi var bu xoşbəxt cütlüyün. Böyük nəvələri Yusif hazırda əsgərlikdədir. Deyəsən, babası kimi o da tez evlənəcək. Belə olsa, hələ 60 yaşını tamam eləməmiş Aydın nəticə sahibi də olacaq inşallah!

Çörəklərini ömrü-boyu qabarlı əlləri ilə qazanan bu xoşbəxt cütlüyün ailə təməlinin qoyulmasında, daha doğrusu, Aydının aydınlığa çıxmasında deyəsən, bir zamanlar onunla bərabər sevgi məktubları yazmış bu sətirlərin müəllifinin də əziyyəti az olmayıb axı...

Hanı indi o məktublar...

Rahib QARAYEV
Polis polkovniki

 





23.09.2020    çap et  çap et