525.Az

Nəhəngin çiynindəki cırtdanlar - Məhsəti Musadan daha bir esse


 

Nəhəngin çiynindəki cırtdanlar - <b style="color:red">Məhsəti Musadan daha bir esse </b>

Eynşteynin fikridir, ''nəhəngin çiyninə dırmaşmış cırtdanlar nəhəngdən uzağı görürlər, amma onların ürəyi nəhəng ürəyi deyil”. Son vaxtlar kimi dindirirsən böyük ürəklilikdən, ucalıqdan, ali məqamdan danışır, özünü, belə desək, Nirvanaya çatmış, təmiz, pak hesab edir. Olsun. Nə gözəl. İllərin, əsrlərin mübarizəsi də məhz bunun üçündür. Ruhumuzu saflaşdırmaq, paklanmaq, təmizlənmək. Müxtəlif inanclarda, dinlərdə, müxtəlif baxışlarda  məqsəd yenə də eyni olub. İnsan böyüklüyü təbliğ edilib, bu böyüklüyümüzü anlamaq, dərk etmək üçün cəhdlər olub, canlar fəda edilib. Amma nə yazıq ki, bəzən ağzından dürr tökülən, ucalığı, aydınlığı  təbliğ edən insanların elə cılız, qara əməlləri ilə qarşılaşırsan ki, heyrət edirsən. İşıqdan, nəhayətsizlikdən danışır, amma onunla sadəcə fikir ayrılığı olan  biri nə qədər böyük insan olur-olsun, adı qarşısına çıxsa, dərhal nifrət püskürür, o ismin üstündən xətt çəkir. Onun haqqında deyilən bir xoş kəlməni də qəbul etmir, hətta buna görə səninlə də münasibətləri pozur. Bu dünyada bütünlüklə yaxşı sayılan adam olmadığı kimi, bütün varlığı ilə pis olan da yoxdur. Biz niyə insanları öyrənməyə ərinirik? Niyə onları konkret olaraq pis  və ya  yaxşıya bölürük? "Pisdir" dediyimizin yaxşı bir tərəfini axtarıb tapmaq istəmirik?

Bir ömür boyu müəyyən çərçivə içində necə yaşamaq olar? Niyə mən hamının xoşuna gəlməyə çalışmalıyam və ya niyə hamı mütləq mənim sevgimi qazanmalıdır, fikirlərimlə razılaşmalıdır? Əgər kimsə mənim sığışdığım, rahat nəfəs aldığım, qəbul etdiyim  çərçivədə boğulursa, onun içində qalmaq istəmirsə, həmin çərçivəni sındırıb çıxmaq, azad olmaq o şəxsin haqqıdır. Buna görə onu qınamağa, rədd etməyə ixtiyarımız yoxdur. Son vaxtlar müəyyən insanlarla tez-tez mübahisələrim yaranır. Yeni fikrə, fərqli düşüncəyə qarşı o qədər aqressiv olanlarla rastlaşıram ki... Bu insanların öz fikrinə, öz dünyasına sadiqliyi qəbulediləndir. Adam dəyişmək istəmir. Ona belə rahatdır. Onun yaşam tərzi budur. Amma yeniliyə düşmən kəsilməsi, dəyişikliyə can atanların, qəliblərdən qaçanların, çərçivələri dağıdanların kölgəsini qılınclaması həqiqətən təəssüf hissi doğurur. Axı insan doğulandan ölənə qədər necə eyni dairə içərisində hərlənə bilər? Dairədən kənarın var olduğunu bilə-bilə, bu haqda məlumatlı  ola-ola susub taleyinə boyun əymək bir yana, sonrakı nəsildən də bunu tələb etmək sadəcə gülüncdür.

Bu adamlar düşünür ki, gənclik onların diktəsi ilə yüz faiz razılaşmalı, onların oxuduqlarını oxumalı, dinlədiklərini dinləməli, sevdiklərini sevməli, nifrət etdiklərinə nifrət etməli, yazdıqlarını qəbullanmalı, onlar kimi geyinməli, onlar kimi davranmalı, öz düşündüklərini söyləməməli, şablon fikirləri mənimsəməli, eynən özündən əvvəlkini təkrar etməlidir. Etmirsə, demək o şəxs cəmiyyət üçün "zərərlidir", "arzuolunmazdır". Onun istedadı da, bacarığı da arxa planda qalmalıdır, harda görsən vurmalı, başını əzməli, qalxıb qol-budaq atmasına imkan verməməlisən.

Gənc idim. İşə yeni başlamışdım. Gündəlik üçün ayağıma  ketlər geyinir, onların verdiyi rahatlıq sayəsində daha cəld, qadın qəmzəsindən uzaq olan addımlarla yeriyirdim. İş yerimdə bir neçə nəfər yaşlı xanım var idi. Onlardan biri  yoğun cüssəsinə əks olaraq həmişə alçaqdan danışır, bir işin ardıyca gedəndə incə hərəkətlə ayağa qalxır, stulu ehtiyatla kənara çəkir, geyimini səliqəyə salır, kiçik addımlarla, xanım-xatun davranışı ilə diqqət çəkərək yola düzəlirdi. Bir dəfə o, mənə məsləhət verməyə başladı: "Sən cavan qızsan, xanımsan. Yerişini düzəlt. Yol gedərkən addımlarını kiçik at, qamətini düz tut, ətrafdakılar sənə baxır, kişi kimi yerimə. O ketləri çıxar, əvəzinə zərif ayaqqabılar geyin. İncə ol..."  Əvvəl sadəcə, təbəssümlə yola versəm də, qadın hər gün təkrar-təkrar danışaraq mənə təsir etməyə başladı. Evə eyni yol ilə getdiyimiz üçün istər-istəməz mən də  onun kimi yavaş yeriməyə məcbur olurdum. Sonra onun səyi ilə  ayaqqabılarımı dəyişdim, addımlarımı kiçiltdim, kürəyimə oxlov bağlanmış kimi dimdik yeriməyə cəhd etdim. Nəticə etibarı ilə həmin xanıma oxşamağa başladım. Yolun müəyyən hissəsində ondan ayrılandan sonra isə aləm qarışırdı. Ayaqlarım bir-birinə dolaşır, özümə xas olmayan incə yerişimdən ətim tökülür,  bəzən fikrim ayaqlarımda qaldığı üçün başım yolumun üstündəki hansısa ağacın budağına ilişir, özümü itirirdim. Elə bilirdim hamı mənə baxır, yerişimə gülür. Nəhayət, əvvəlki geyimimə qayıtdım, sərbəst addımlarla özüm olmağa çalışdım və həmin xanımdan konkret olaraq bu mövzunu bağlamağı tələb etdim. Təbii ki, elə həmin gündən onun məndən zəhləsi getməyə başladı. Qaşqabaq, kinayəli baxış, hərdən atdığı iynəli sözlər isə artıq mənə təsir etmirdi. O, məni özünə oxşada bilmədi. Belə bir fikir var: "Aşpaz kitabındakı resept üzrə bişirdiyiniz xörəyi heç vaxt adam içinə çıxarmayın". Hər bir insanın özünəməxsusluğu olmalıdır. Fərqlənməyi bacarmalıdır. Sıradan bir ömür sürməməlidir. Ondan fərqli olanları da qəbul etməlidir. İstedadlı, yaradıcı insanlara gəldikdə isə, onlar ümumiyyətlə, çərçivə üçün yaranmayıblar. Onların bu həyatdakı missiyası Fatmanisənin, Əbdülqədirin xoşuna gəlmək deyil. Onların şəxsi həyatı da bizim üçün müzakirə mövzusu olmamalıdır. Bizə onlardan qalacaq olanlar yaratdıqlarıdır, əsərləridir. Nə Van Qoqun bir rəsmə görə öz qulağını kəsməsi, nə Bethovenin  beynini aktivləşdirmək üçün hər dəfə soyuq su ilə dolu vedrəni öz başına tökməsi, nə dünyada tanınan bir çox məşhur yazıçıların,  musiqiçilərin psixoloji problemləri, qeyri-adi davranışları, yaşantıları bugünün insanı üçün önəmli deyil. Biz bu gün sadəcə heyrətlə onların yaratdıqlarından bəhrələnirik. Odur ki, günümüzdə, zamanımızda olan istedadların da həyat tərzi, bizimlə olan fikir ayrılığı, şəxsi keyfiyyətləri, qəribə davranışları, hətta bəzən qeyri-adi geyimləri bizi qorxutmamalıdır. Biz onların istedadını görməyi və qəbul etməyi bacarmalıyıq. Şəxsiyyətini sevməsək də, mənfi cəhətlərinin çox olduğunu düşünsək də, bunları onun fərqli tərəflərinə bağışlamağı öyrənməliyik. Ölüb dəfn ediləndən sonra vaxtında dəyərini bilmədiyimiz üçün "heyfislənməməliyik". Bu insanları zamanında, vaxtında anlamaq, duymaq, dəyərləndirmək lazımdır. Şair İslam Kəbirli şeirlərindən birində yazır:

Ürəyimdə şirin kədər
Nələr keçdi məndən, nələr.
Böyüklər dəli dedilər,
Körpələr sevdilər məni.

Təkcə bu bənd çərçivəyə sığmayan insanların nələr yaşadığını, nələrlə qarşılaşdığını çox aydın izah edir. Dahiləri oxuyub onlardan möhtəşəm fikirlər səsləndirmək hələ böyüklük deyil. Böyüklük o fikirlərdəkiləri həyata keçirə bilməkdir. Bağışlamağı bacarmaqdır. Şəxsi münasibətini, şəxsi fikirlərini kənara qoyub yıxılanın qolundan tutub qaldırmaqdır. Sevməkdir! Sevməkdir! Dünyanı özünə oxşatmağa çalışmadan, pisi-yaxşısı, dəlisi-ağıllısı, daşı-kəsəyi, çiçəyi-böcəyi ilə birgə sevmək!

 





23.09.2020    çap et  çap et