525.Az

"Dialoq mühitinin formalaşması qarşıdurmadan güc alan qüvvələrin maraqlarına uyğun deyil"


 

"Dialoq mühitinin formalaşması qarşıdurmadan güc alan qüvvələrin maraqlarına uyğun deyil"<b style="color:red"></b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovdur. 

- Abutalıb müəllim, artıq bir müddətdir ki, Azərbaycanda hakimiyyət nümayəndəsi ilə siyasi partiya liderləri arasında müzakirələr keçirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinın müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz başladılan bu prosesi necə qiymətləndirirsiniz?

- Təəssüflə qeyd etmək lazımdır ki, sözü dəyərdən salan, mətbuatımıza sağalması xeyli zaman və əziyyət tələb edəcək yaralar vuran insanlar siyasi fəaliyyətlə məşğul olanların cəmiyyətdəki rolunu minimuma endirmək üçün əllərindən gələni etdilər. Siyasi partiyaların rolu son dərəcə azaldıldı, bir çox partiya qeydiyyata alınmadı. Ağıllı, məntiqli fikir söyləmək qabiliyyətində olanlar siyasi meydandan sıxışdırılıb çıxarıldı. Əvəzində söyüş söymək sahəsində xüsusi "qabiliyyəti" olan kəslər ortaya atıldı, siyasət meydanı kifayət qədər çirkləndi.

Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlər atdığı addımlar bu vəziyyəti düzəltmək, siyasi münasibətləri təmizləmək, partiyaların cəmiyyətdəki rolunu artırmaq üçün ən qətiyyətli planların olduğunu nümayiş etdirdi. Prezident Administrasiyasında geniş səlahiyyətlərə malik xüsusi qurumun - Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqə şöbəsinin yaradılması dövlət başçısının siyasi partiyaların durumunu bildiyini, narahat olduğunu və vəziyyəti dəyişdirmək üçün qəti addımlar atmaq istəyini ortaya qoydu. Prezident İlham Əliyevin yeni yaradılmış şöbəyə böyük idarəçilik təcrübəsi olan Ədalət Vəliyevi  rəhbər təyin etməsi onun bu istiqamətə nə qədər  dəyər verdiyini, siyasi partiyaların islahatlar prosesində aktiv iştirakını təmin etmək, xarici qüvvələrin təsiri altına düşənləri doğru yola qaytarmaq niyyətini  göstərdi. Şöbə müdirinin vaxt itirmədən siyasi partiyalarla görüşlərə başlaması və bu görüşlər barədə müntəzəm olaraq möhtərəm Prezidentimizi məlumatlandırması cəmiyyətdə qarşıdurma istəməyən hər kəs tərəfindən razılıqla qarşılandı. Administrasiya təmsilçisinin siyasi partiya liderləri ilə görüşlərində heç bir mövzu və vaxt məhdudiyyəti qoyulmaması partiya sədrlərinə rahat şəkildə öz düşüncələrini, təkliflərini  və problemlərini səsləndirmək imkanı verdi. Hesab edirəm ki, çox uğurla başlayan bu proses siyasi mühitin sağlamlaşmasına, partiyaların cəmiyyətdə rolunun artmasına, milli həmrəyliyə xidmət edir və son dərəcə mühüm əhəmiyyətə malikdir.

- İqtidar-müxalifət dialoqu başlayandan bəri Azərbaycan cəmiyyətində nələr dəyişib?

- Çox şey dəyişib. Yeni partiyalar qeydiyyatdan keçib, pandemiya şəraitində partiyalara qurultaylarını keçirmək üçün şərait yaradılıb, müxalifətdə olan ReAl partiyasının sədri İlqar Məmmədova rekord miqdarda təzminat ödənib ki, bu da hakimiyyətin xoş niyyəti kimi qəbul olunmalıdır. Ən əsası, qeydiyyatdan keçmiş əksər partiyalar, ilk növbədə müxalifət partiyaları hakimiyyətə düşmən kimi yox, siyasi rəqib kimi yanaşmağa başlayıblar. Tənqidlər kəmiyyət və bəzi hallarda keyfiyyət baxımından artsa da, ortada düşmən münasibəti yoxdur, siyasi rəqabət var. Düşmənçilik münasibətlərinin minimuma endirildiyi indiki durum normal siyasi mübarizə arzusunda olan hər kəsi, o cümlədən, bizim partiyamızda birləşən insanları sevindirməyə bilməz.

-  Sizin rəhbərlik etdiyiniz partiya bu görüşlər zamanı hakimiyyətə hansısa təkliflər veribmi, hansısa problemlərə diqqət çəkmisinizmi?

- Təkliflərimiz çoxdur və onların yalnız bir hissəsini hörmətli Ədalət müəllimin diqqətinə çatdırdıq. İnzibati ərazi bölgüsünün dəyişdirilməsindən, 10-11 vilayətin yaradılmasından, paytaxtın köçürülməsindən, respublikanin mərkəzində, seysmik cəhətdən ən təhlükəsiz zonada yeni şəhər-paytaxtın salınmasından, idarəetmə strukturlarında ixtisarlar aparılmasından, sahibkarlığın inkişafının təmin olunması istiqamətində addımların atılmasından tutmuş, siyasi partiyalar gününün təsis olunmasına, onların normal fəaliyyəti üçün şərait yaradılmasına qədər geniş spektri əhatə edən təkliflərimizi hakimiyyət nümayəndəsi ilə görüşlərdə səsləndirmək imkanımız olub. Qarşı tərəfdən təkliflərimizə münasibətdə çox böyük maraq, diqqət görmüşük.

- Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? Ümumiyyətlə, dialoqun nəticələrindən danışmaq mümkündür?

- Dialoq başlayandan bəri hakimiyyətin ümummilli məsələlərdə siyasi partiyalara əməkdaşlıq təklif etməsini, normal münasibətlər qurmağa çalışmasını, müxtəlif məsələlərin həllində yardım göstərməsini yüksək qiymətləndirirəm. İnanıram ki, bu, hələ son hədd deyil və qarşıda bizi daha ciddi addımlar gözləyir.

Siyasi partiyalar hakimiyyətlə münasibətlərin normallaşması üçün  əllərindən gələni etməyə çalışırlar. Ümummilli məsələlərdə hakimiyyətlə siyasi partiyaların əməkdaşlığı ermənilərin Tovuz rayonu sərhəddində törətdikləri təxribat zamanı özünü parlaq şəkildə nümayiş etdirdi. Müstəqillik tariximizdə bənzəri olmayan hadisə baş verdi. Qeydiyyatdan keçmiş partiyaların  böyük əksəriyyəti -  46 siyasi qurum birgə bəyanata imza atdılar, yaxud fərdi qaydada hakimiyyətlə bir yerdə olduqlarını bildirdilər. Bütün bunlar başlanan dialoqun ilkin nəticələri kimi qiymətləndirilə bilər. Ancaq əsas nəticələr şübhə etmirəm ki, qarşıdadır.

- Bilirsiniz ki, AXCP və Müsavat partiyası dialoqda iştirak etmir. Onlar bu prosesə qatılan siyasi qüvvələri qınayır, dialoqun müxalifətlə deyil, hakimiyyətə yaxın olan partiyalarla aparıldığı iddia edirlər. Onların bu mövqeyini necə şərh edərdiniz?

- Görüşlərdən müxtəlif bəhanələrlə imtina edən partiyaların davranışları və gətirdikləri bəhanələr heç kimi təəccübləndirməməlidir. Onların belə münasibət göstərəcəyini əvvəlcədən proqnozlaşdırmaq  heç də çətin deyildi. Çünki normal münasibətlərin yaradılması, dialoq mühitinin formalaşması qarşıdurmadan güc alan, faydalanan qüvvələrin maraqlarına qətiyyən uyğun deyil. Şəxsi maraqlarını əsas götürüb müxalifətin əməkdaşlığına hər vasitə ilə mane olanların iqtidarla dialoqa can atacağını düşünmək sadəlövhlük olardı. Novruz bayramı münasibətilə xalqa müraciətində bu mühüm məsələyə bir daha qayıdan dövlət başçısı xarici güclərdən asılı vəziyyətə düşən partiyaların görüşlərdən əsassız bəhanələrlə yayındığını və formalaşmaqda olan "yeni siyasi konfiqurasiyada beşinci kolonun satqın, xain nümayəndələrinə yer olmayacağını" qətiyyətlə bəyan etdi. Bütün hallarda dialoqun bu günə qədərki mərhələsinin mütləq qalibi normal ünsiyyətdən kimin qaçdığını bütün dünyaya nümayiş etdirən Azərbaycan hakimiyyəti oldu. Müstəqil Azərbaycan tarixində ilk dəfə parlamentin rəhbər orqanlarında müxalifət partiyalarının geniş təmsil olunması bu qələbəni bir az da möhkəmləndirdi. Verdiyi qərarlarla cəmiyyətin geniş dəstəyini qazanan Prezidentimizin dialoq prosesində növbəti addımlarını hamı böyük maraqla gözləyir.

Məlum olduğu kimi, AXCP və Musavat partiyası müxtəlif bəhanələrlə  dialoqda iştirak etməkdən boyun qaçırdı. Birinin sədri  danışıqlara müavinini göndərmək istədi, o birisi "ya mən gəlim, ya sən gəl" dilemması üzərində bir müddət düşünüb, nəhayət, qərara gəldi ki, hakimiyyət onun "mübarək ayağına" gəlməlidir. Təbii ki, özündən müştəbeh "liderlərin" reallıqla qətiyyən əlaqəsi olmayan "təklifləri" qəbul olunmadı və oluna da bilməzdi.

Bundan sonra hakimiyyətlə dialoqda iştirak edən partiyalara və onların sədrlərinə hücumlar başladı.

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran, əslində isə AXCP-dən ibarət olan  qurumun  rəhbərliyinə daxil olan şəxslərin video-konfrans formatında keçirdikləri "siyasi müzakirələr" zamanı (onların yalnız bir hissəsi respublika ictimaiyyətinə təqdim olundu) söylənilən iyrənc iddialar məni qətiyyən təəccübləndirmədi. Mən hakimiyyətə iddia edən, hakimiyyətə "yol göstərmək" həvəsinə düşən bu "siyasi xadimlərdən" uzun müddətdir ciddi nəsə gözləmirəm. Xalqın böyük əksəriyyəti də belə düşünür və onların hay-küylə elan etdikləri mitinqlərə insanların əhəmiyyət  verməməsi də, görünür, bununla bağlıdır.

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyətinin rəhbərləri hakimiyyətin bu sahəyə rəhbərlik edən nümayəndəsi, hörmətli Ədalət Vəliyevin tanış olmaq və fikir mübadiləsi aparmaq təklifinə müsbət yanaşıb və keçirilən görüşlərdə düşüncələrini ifadə ediblər. Ölkədə siyasi partiyaların rolunu artırmağa, keçiriləcək islahatlarda onların yaxından iştirakını təmin etməyə yönəlmiş dialoqun əsas hissəsi hələ qarşıda olduğundan guya kimlərinsə nüfuzdan düşməsi barədə deyilənlər tamamilə əsassız və savadsız iddialardan başqa bir şey deyil.

Yeri gəlmişkən, hakimiyyətlə dialoqdan qaçan partiyaların düşmənçilikdən güc alması və hər fürsətdən istifadə edərək qarşıdurma yaratmağa çalışması 15 sentyabr - Türk şəhidlərinin anım günündə özünü bir daha bariz şəkildə göstərdi. Bakının azad edilməsinin 102-ci ildönümü olan həmin gün 50-yə qədər partiya Şəhidlər xiyabanını ziyarət etdi və paytaxtımızın azad olunması naminə qurban gedən türk şəhidlərinə dərin ehtiramını bildirdi. Azərbaycan Naminə Alyans Partiyasının rəhbərliyinə daxil olan bir neçə şəxs pandemiya ilə əlaqədar tətbiq olunan karantinin tələblərinə uyğun olaraq abidəni ziyarət etdik, türk şəhidlərinə minnət duyğularımızı çatdırdıq, ruhlarına dualar oxuduq və polislə heç bir qarşıdurma yaratmadan Şəhidlər xiyabanından ayrıldıq. AXCP və Müsavat partiyası isə növbəti dəfə karantin dövrünün əsas ağırlığını çəkən polis işçiləri ilə qarşıdurmaya getdi və özlərini bir az da hörmətdən saldı.

- Dialoqun perspektivini necə görürsünüz? Sizcə, növbəti mərhələdə dialoq müstəvəsində hansı addımların atılmasına ehtiyac var?

- Siyasi partiyalarla hakimiyyətin dialoqu ildə bir-iki dəfə keçirilən tədbirlərdən ibarət deyil, fasiləsiz davam edən və hər gün yeni formada təzahür edən bir prosesdir. Qarşıda daha maraqlı məsələlərin olacağına əminəm. Burada söhbət gözlənilməz görüşlərdən, siyasi partiya təmsilçilərinin müəyyən qurumlarda təmsil olunmasından, geniş tərkibdə müzakirələrin keçirilməsindən və s. məsələlərdən gedə bilər. Bir şey aydındır, Azərbaycanın siyasi həyatı bir il bundan əvvəlki dövrə nisbətən müqayisəyəgəlməz dərəcədə rəngarəng və maraqlıdır. Şübhə etmirəm ki, qarşıdan gələn aylarda, xüsusilə, pandemiya ilə əlaqədar tətbiq olunan karantin götürüldükdən sonra bizi son dərəcə maraqlı hadisələr gözləyir. Necə deyərlər, yaşayarıq, görərik.

PƏRVANƏ

 





23.09.2020    çap et  çap et