525.Az

"O gün ki, Nuri paşa Gəncəyə mehman oldu..."


 

BAKININ 15 SENTYABR QURTULUŞU YOLUNUN GƏNCƏ EPİZODLARI

"O gün ki, Nuri paşa Gəncəyə mehman oldu..."<b style="color:red"></b>

Gəncənin lap mərkəzində, sovetdən bəri yerli deyimlə "qlavnı" adlandırılan, tarixi Sofulu məhəlləsində, hazırkı İsrafil Məmmədov küçəsinin ikinci döngəsində bir evin qarşısına vurulmuş iri, mərmər  lövhə burdan keçən hər kəsin diqqətini çəkir. Yəqin Azərbaycanda ev qarşısına vurulan xatirə nişanələri içərisində ölçücə ən böyüyü olan bu lövhə öz möhtəşəmliyi ilə bu ünvanda 1918-ci ildə həll edilən tarixi, taleyüklü məsələlərin əhəmiyyətinə də bir işarədir.

Lövhə üzərində “burada Azərbaycan Cümhuriyyətinin görkəmli xadimlərindən olan, ölkənin ilk kəşfiyyat qurumuna başçılıq etmiş Məmmədbağır və Nağı bəy Şeyxzamanlı qardaşlarının bu ünvanda yaşadığı, eləcə də Azərbaycanın xilası üçün Gəncəyə gələn, Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın da bu evdə qalması” qeyd edilib. Nağı, Məmmədbağır, eləcə də onların kiçik qardaşı İsrafil bəylərin bu yurdu hazırda bir muzey halına gətirilib, hətta otaqların birində Nuri paşanın və Nağı bəyin fiqurları da var - onlar Azərbaycan xəritəsi üzərində planlar cızırlar.

Gənc paşanın məhz bu ünvanda məskunlaşmasının səbəbi onun Nağı bəy ilə bir qədər əvvəl Türkiyədə görüşməsi və onların aralarında möhkəm dostluğun yaranması idi. Nağı bəy öz xatirələrində hələ 1918-ci ilin əvvəllərində, Birinci Dünya müharibəsinin getdiyi bir dönəmdə, Gəncə Milli Komitəsinin rəhbəri Nəsib bəy Yusifbəylinin Türkiyənin Azərbaycana yardımının əməli təşkili üzrə xüsusi tapşırığı ilə öz dostu, Sibir sürgünündən qaçaraq, buradakı Milli Komitənin işinə qoşulmuş  Türk zabiti Hüsaməddin Tuğac, eləcə də görkəmli ictimai-siyasi xadim Ömər Faiq Nemanzadə ilə birgə macəralı bir səfərlə Qafqaz cəbhəsini keçərək, Türkiyəyə çatmaları, orada əsas qüvvə olan "İttihad və tərəqqi Uğrunda Gənc Türk Komitəsi"nin rəhbərləri Ənvər, Tələt, Nuri paşalar, digər yüksək hərbi rütbəlilər, eləcə də sultan Rəşidəddinlə görüşmələri haqda yazır, həmçinin qeyd edir ki, Azərbaycandan gələn emissarların xahişi ilə Ənvər paşa xilas üçün göndəriləcək hərbi qüvvələrə öz qardaşı, cəsarətilə tanınan Nuri paşanı komandan təyin edir (Bax. Nağı Şeyxzamanlı. "Azərbaycan İstiqlal mücadiləsi xatirələri". Bakı 1999. Səh. 59-75).

Yeri düşmüşkən, bəlkə də tarixi araşdırmalarda əhəmiyyətinə o qədər də fikir verilməyən bir faktı diqqətə çatdıraq. Vətənsevər bir dostumuz, son illər Rusiya federasiyasının arxivlərində tarixi sənədləri araşdırması ilə seçilən, hüquq təhsilli gəncəli Müzadil Həsənov bu günlərdə öz sosial şəbəkə hesabında çox maraqlı bir sənəd təqdim edib. Rusiya İmperiyasının Tiflisdə hələ 1846-cı ildən etibarən nəşr edilən rusca "Kavkaz" qəzetinin 22 may (yeni təqvim ilə 4 iyun - bu qəzet daim imperiya mövqeyi ilə seçilib, görünür, ona görə də çox yerlərdə, xüsusən müstəqillik elan edilən ərazilərdə yeni tətbiq olunan təqvimlə işləməyib) 1918-ci il tarixli bir nömrəsində diqqətçəkən bir xəbər verilib:

"Yevlax. Mayın 22-də Ənvər paşanın təmsilçisi Nuri bəy özünün 30 zabit və 25 atlı əsgərinin müşayiətilə bura gəlib. Nuri bəy Zaqafqaziyaya İrandan, Təbriz-Qaradağ istiqamətindən gəlib. Yevlax stansiyasında onu duz-çörəklə erməni (?! - Z.M.) və müsəlman nümayəndələri qarşılayıb. Mühəndis Bebutov (görünür, Behbudov - Z.M.) salamlama nitqi söyləyib. Cavab nitqində Nuri bəy minnmətdarlıq bildirib, tam qayda-qanun yaradılacağına kömək edəcəyinə söz verib. Sonra Nuri bəy Yelisavetpola (Gəncəyə - Z.M.) yollanıb".

Bu qeydləri oxuyarkən, ermənilərin həyasızlığına bir daha heyrət etməmək olmur.

Daha çox xristianpərəst mövqeli olsa da, "Kavkaz"da verilən bu yazı sübut edir ki, Nuri paşa Gəncəyə indiyədək yazıldığı kimi, iyunun ortalarında deyil, əvvəlcə kiçik bir heyətlə, zəruri planlar və məşvərət səbəbilə, yeni təqvimlə həmin ayın 4-də daxil olub. Elə həmin gün, yenə yeni təqvimlə iyunun 4-də Batumda Azərbaycan Cümhuriyyəti və Osmanlı Dövlətinin nümayəndələri ölkəmizə hərbi yardımın təmin edilməsi üzrə müqavilə imzalamışdılar. Beləliklə, Gəncədən gedən emissarların çox məhsuldar işləməsi bəlli olur.

Müvəqqəti paytaxt kimi müəyyən olunan Gəncədə Cümhuriyyətin xilası üçün ən təcili məsələlərin həllinə girişilir. Nuri paşa və onun qüvvələrinin himayəsi sabitlik gətirir və bu şəraitdə, iyunun 26-da Əlahiddə Azərbaycan Korpusu yaradılır, avqustun 11-də ümumi səfərbərlik elan edilir, sentyabrın 1-də Hərbi Nazirlik təsis olunur. Lakin az müddətdə mükəmməl döyüş qabiliyyətli ordu yaratmaq mümkün deyildi və Azərbaycan dövlətçiliyinin hərbi qüdrətinin təsdiqində Türk birləşmələri böyük rol oynadı. Bununla belə, bir sıra nüfuzlu tədqiqatçılar Nuri paşanın komandanlığı altındakı 16-18 min nəfərlik qüvvələrin üçdə ikisinin (!) məhz azərbaycanlı könüllülərdən formalaşdığını yazırlar (bax. Tadeuş Sviyetoxovski. "Russkiy Azerbaydjan", "Xazar" jurnalı, №3, 1990. Səh.34).



Gəncədə baza kimi məskunlaşan Qafqaz İslam Ordusu, başqa sözlə, birləşmiş Türk-Azərbaycan qoşunu çox qısa müddətdən sonra hərbi yürüşlərə başladı. 1918-ci ilin iyunun 12-də Şaumyanın əmri ilə Gəncə istiqamətində hücuma keçən Bakı Soveti qüvvələrinin qarşısı iyunun 27-dən iyulun 1-dək davam edən döyüşlərlə qətiyyətlə alındı, düşmən ağır itkilərlə məğlub olub, geri çəkildi. Bir müddət sonra Bakı Soveti süqut etdi, onun yerini cürbəcür siyasi tör-töküntülərdən ibarət Sentrokaspi hökuməti tutdu. Gəncədəki milli qüvvələrin qarşısında həlledici Bakı yürüşü dururdu!

"Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncədə ilk növbədə ölüm-dirim sualı olan hərbi məsələlər qəti şəkildə həll olundu. Türkiyə ilə qardaşlığımız Azərbaycanın müstəqil dövlət kimi formalaşma haqqını təmin etdi!  Bununla yanaşı, ilkin paytaxt Gəncədə 1918-ci ilin iyunundan sentyabrın ortalarınadək, yəni Cümhuriyyətin burada fəaliyyət göstərdiyi zaman kəsiyində ümumilikdə, dövlətçilik və idarəçiliklə bağlı 210-dək qanun və hüquqi akt qəbul edilib. Bu da onu deməyə əsas verir ki, həmin qısa müddətdə dövlətin ayaqda durması üçün lazım olan əsas hüquqi aktlar işlənib hazırlanmışdı", - deyə "Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası" adlı, Cümhuriyyətin 100 illiyi münasibətilə 2 il əvvəl hazırlanan kitabın müəllifi, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov qeyd edir.

Gəncədə Nuri paşa ilə bağlı xeyli xatirələr eşitmək olar. Təəssüf ki, burada onu görənlərdən həyatda qalanı artıq yoxdur. Amma onların köhnə film və maqnitofon lentlərində vaxtı ilə söylədikləri xatirələr durur.

2003-cü ildə vəfat etmiş Cəlil kişinin söylədiklərindən: "Mənim o vaxt 13 yaşım vardı. Nuri paşa tez-tez Şah Abbas məscidinin qarşısındakı meydançada xalqla görüşürdü. Bu görüşlərdən sonra camaat küçələrdən Türk marşları oxuya-oxuya keçərdi. Bir də o yadımdadır ki, həmin vaxt lap elə gecələr də, heç kim dükan-bazarına qıfıl vurmazdı. Axı, kimsə cürət edib, özgə malına əl uzatsaydı, cəzası çox ağır olacaqdı".

Daha bir xatirəni isə vaxtı ilə bu yazının müəllifinə mərhum, görkəmli sənətkarımız Mobil Əhmədovun qardaşı, gəncəli müəllim, mərhum Bəşir Əhmədov söyləyib. Bəşir müəllim o vaxt 16 yaşı olan atası Səlmanın öz dayıları Nağı və Məmmədbağır bəylərin evlərində Nuri paşa qarşısında şeirlər söyləməsini sevə-sevə nəql edərdi.



Heç bir kitabda rast gəlməyəcəyiniz, yalnız Gəncədə bir neçə adamın dilindən eşitməyin mümkün olduğu o şeir nümunələrindən biri o vaxt bu şanlı hadisələrin içərisində olan milli simalarımızdan Məhəmməd Hadiyə məxsusdur. Siz yaddaşlarda qalan bu  bircə misradakı, yuxarıda haqqında bəhs etdiyimiz xilaskarlıq missiyasını qısa və qəti ifadə edən ustalığa fikir verin:

O gün ki, Nuri paşa
Gəncəyə mehman oldu,
Türkə əyri baxanın bağrı
qızıl qan oldu.
Çəkdi dağlar başına hilallı
al bayrağını,
Qalxdı bu Türk diyarı -
Azərbaycan oldu!

Həqiqətən də Gəncədəki tarixi missiyanın yekunu kimi, elə həmin şəhərdə, bəlkə də Türkiyə-Azərbaycan birgə silahdaşlığının simvolu olaraq qəbul edilmiş həmin Hillallı-ulduzlu al rəngli ilk Cühuriyyət Bayrağı altında Bakı müstəqilliyimizi istəməyən qüvvələrdən təmizləndi. Sentyabrın 15-də Bakı fəth edili və o, Azərbaycanın Əbədi Paytaxtı elan olundu!

Zakir Muradov
Gəncə

P.S. Bolşevik-daşnak birliklərinə qarşı Göyçay ətrafında yuxarıda qeyd etdiyimiz döyüşdə həlak olan bir neçə nəfər türk əsgərinin nəşi Gəncəyə gətirilərək, şəhərin mərkəzində, Şah Abbas Məscidinin qarşı tərəfindəki meydanda dəfn olunub. Hər halda Cümhuriyyətin orqanı sayılan "Azərbaycan" qəzetinin 22 yanvar 1920-ci il tarixli nömrəsindəki, "Gəncədə İstiqlal bayramı" adlı yazıda, Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında tanınması münasibətilə Gəncədə də keçirilmiş şənliklər zamanı Osmanlı şəhidlərinin şəhərin Şah Abbas Məscidi yaxınlığındakı qəbirlərinin ehtiramla ziyarət edildiyi qeyd olunur! Fikrimizcə, bu faktı yenidən dəyərləndirmək borcumuzdur!

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





23.09.2020    çap et  çap et