525.Az

Müsəlmanlarda yumor hissi yoxdur - Sosial şəbəkədə yazılanlar


 

Müsəlmanlarda yumor hissi yoxdur - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Üzeyir Hacıbəyli Şuşa erməniləri haqqında 

Vilayət Quliyev, filologiya elmləri doktoru:  

- Doğumunun növbəti ildönümünü onu dünyaya bəxş edən Şuşasız keçirdiyimiz Üzeyir bəy 21 yaşında ikən - 1906-cı ildə fəal müəlliflərindən olduğu "İrşad" qəzetində yazırdı: "Şuşa şəhəri çox böyük şəhər deyil. Orada yanğın-filan çox az ittifaq düşər. Amma yenə də Şuşa erməniləri öz "kulturnu"luqlarını isbat etmək üçün oraya bir yanğın- söndürən maşın aparıbdırlar. Erməni "Alik" qəzeti gülür ki, müsəlmanlar bu "heybətli maşını" gördükdə hürkdülər və s. Daha bunu demir ki, yazıq müsəlmanlar nə qayırsınlar? Hansı "yanğınsöndürən maşından" onlar arxayın oldular ki, bundan da hürkməsinlər? Hər halda yaxşı olardı ki, Şuşa erməniləri bir elə "maşın" gətirə idilər ki, ürəklərində yanan düşmənçilik atəşini söndürə idi..." 

Şortiklə imtahana girmək... 

Azad Əliyev, Baku.ws saytının baş redaktoru:

- Sürücülük vəsiqəsi almaq üçün imtahana gələn şəxs DYP binasına buraxılmayıb. Səbəb də göstəriblər ki, şortik geyinmisən. Polislər deyib ki, qanunda belə qadağa olmasa da, rəis tapşırıb ki, şortikdə gələn kişilər binanın həyətinə buraxılmasınlar. Balaca bir qeyd edim ki, qadınlar şortikdə imtahana rahat buraxılır. Deyirəm, Qərb Marsda badımcan əkməyə hazırlaşır, biz hələ şortik söhbətində ilişib qalmışıq. Milli- mənəvi dəyər, mentalitet adı ilə ən axmaq şeyləri bizə sırıdılar. Şortiklə imtahana girmək milli-mənəvi dəyərlərə ziddir, amma pulla "prava" satmaqda bir qəbahət yoxdur. 

Müsəlmanlarda yumor hissi yoxdur

Vüsal Məmmədov, jurnalist:

- Müsəlmanlarda ən çox çatışmayan cəhətlərdən biri yumor hissidir. Həddindən artıq ciddi yanaşırlar hər şeyə, buna görə də çox ağrılı qəbul edirlər. Dinlərinə o qədər ciddi yanaşırlar ki, artıq karikatura kimi görünür. Halbuki xristianlıqda belə problem yoxdur. Düşünürəm ki, özünə bir qədər yumorla yanaşmağı qəbul etmək İslamın sivilləşməyinə çox böyük töhfə verə bilərdi... 

Siyasi məqsədləri gerçəkləşdirmək üçün hiylə

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri:  

- "Dossier.center" saytının guya Rusiyanın maraqlarına uyğun əməkdaşlığa cəlb oluna biləcək şəxslərin siyahısını yayması, cəmiyyətimizdə böyük səs-küy, ictimai rezonans doğurub, məsələ Rusiyaya xidmət müstəvisində qabardılıb. Bununla bağlı mənim də fikrimi öyrənmək istəyən həmkarlarım var. Münasibətimi yazılı formada bildirmək istərdim. Məsələ kifayət qədər geniş müzakirəyə səbəb olub. Məni düşündürən bu siyahıda kimlərin, hansı statusda olanların adlarının yer alması deyil. Daha çox siyahının nəyə görə yayımlanmasıdır. Bir çox adlara diqqət yetirəndə adamda belə təəssürat yaranır ki, orada tanıdığımız hər kəsin adı ola bilərdi və hamımız Rusiyaya işləyən kimi göstərilə bilərdik. Məhz buna görə də əlaqədar qurumlar məsələyə ciddi diqqət yetirməlidirlər. Tam aydındır ki, hansısa siyasi məqsədi gerçəkləşdirmək niyyəti var. O məqsəd nədir, müəyyənləşdirilməlidir. Ümumən diqqət yetirmişəm, bu mənim şəxsi müşahidəmdir ki, Türkiyə-Azərbaycan münasibətlərindəki qardaşlıq təzahürləri daha çox cəmiyyətə sirayət etdiyi vaxtlarda belə informasiyalar yayılır. Əlbəttə, indi daha dərinə gediblər. Hiss olunur ki, cəmiyyəti qarışdırmaqda bir növ israrlıdırlar. Təbii ki, bu, mümkün deyil. Ən azından ona görə ki, hamı hamını tanıyır. Bir daha deyim, belə bir məlumatın dövriyyəyə buraxılmasının əsl səbəbi, doğura biləcəyi fəsadlar üzərində dayanılmalıdır. Hiss olunur ki, kimlərsə "baxın, Azərbaycanın üzdə olan, ictimai fikrə bu və ya digər təsiri olan adamları Rusiyaya işləyir" mesajı verilir və kimlərsə də bu mesajı çox incəliklə Azərbaycan cəmiyyətində tirajlayır. Beləliklə, həm daxili, həm də beynəlxalq ictimai rəyə təsir göstərilir. Yenə də vurğulayım ki, bilmədiyimiz nəsə varsa, bunu əlaqədar qurumlar ortaya qoymalıdır. Mövzu ətrafında ciddi araşdırmalar aparılmalıdır. Ümumən məsələyə çox həssas yanaşılmalıdır. 

Təhsilimiz necə olacaq? 

Zamirə Dadaşova, jurnalist:  

- Təhsil nazirindən və gördüyü işlərdən razısınızmı? Təhsilin T-si yoxdur məktəblərdə. Mən deyəndə təhsilimiz də TƏBİB-in günündədir, qınayırdız məni. Bəzəkli danışığına aldanıb tərif yağdırdınız. Bir həftədir dərs başlayıb, mənim 5-ci sinifdə oxuyan oğlumun cədvəli belə hazır deyil. Bəzi kitablar belə verilməyib. Təhsil naziri nə işlə məşğuldur görəsən? Dərdimizi kimə deyək? Nə olacaq bu uşaqların gələcəyi? 

"Bütün günah Rusiyadadır" 

Etibar Əliyev, millət vəkili:  

- İsraildə yaşayan dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Hüseynov: "Qarabağ mənim üçün çox əzizdir. Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm...

Laçın, ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın...

Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır. Biz həmişə Yuxarı Qarabağdan danışırıq. Axı, Qarabağ böyük məkandır! Onun da düzən hissələri var. Orada yüzcə min erməni yaşayırdı. Ermənilərə bir yerdə qələbə çalmaq lazım idi. Çünki onlar bizə azərbaycanlı yox, türk deyirlər. Biz türkük. Düşündülər ki, Türkiyə ilə bacarmayacaqlar, ona görə də rusların köməyi ilə Azərbaycan türklərini əzsinlər. Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər. Qorbaçovun nə bacarığı, nə ağlı çatdı ki, bu məsələni həll etsin. Üstəlik, satqınlıq da oldu" (kult.az).

Məsud Yılmaza şəfa diləyirəm...

Samir Əsədli, Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri:

- Türkiyənin keçmiş baş naziri, Ana Vətən Partiyasının sabiq başqanı Məsud Yılmazın beyin əməliyyatından sonra vəziyyətinin pisləşməsi, yaşamaq ümidinin itdiyi ilə bağlı xəbərlər yayılıb.

Məsud bəy izlədiyim siyasətçilərdən biri olub. Son illər xərçənglə mübarizə aparırdı.

Tanrıdan şəfa diləyirəm... 

Zəfər bizimdir...

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Düşmənlərin növbəti təxribatının qarşısını ordumuz aldı. Pilotsuz uçuş aparatı Şəmkirdə vuruldu. Müdafiə Nazirliyi faktı təsdiqləyib. Sosial şəbəkə istifadçiləri, məxsusi sərhədyanı bölgələrdə yaşayan əhali müharibə qanunlarına əməl etməli, yersiz düşmənlərin işinə yarayacaq özfəaliyyətə imkan verməməli, telefonla çəkdiklərini yaymamalı, təxribatçı statuslardan, şərhlərdən uzaq olmalıdırlar. Bilin, bura da bir səngərdir. Tanrı ordumuzu, əsgərlərimizi qorusun. Zəfər bizimdir.

 





22.09.2020    çap et  çap et