525.Az

Zəlimxan Yaqubun yeni şeirləri


 

Zəlimxan Yaqubun <b style="color:red">yeni şeirləri</b>

Zəlimxan Yaqub

Xalq şairi

DAŞ TARİX

Borçalı abidələrikitabının müəllifi

tarixçi dostum Kərəm Məmmədova

              

Kərəm dostum, kərəm eylə, kərəm qıl,

Bu daşları oxu görüm, sən Allah.

Fikirləri, duyğuları, hissləri,

Kəlmə-kəlmə toxu görüm, sən Allah.

Dünənimin düyünlənmiş sözüdür,

danışır, nədən deyir bu daşlar.

Bəlkə, elə itən yurda ağlayır,

Haray çəkib Vətən deyir bu daşlar.

Böyük daşın üstündəki yazıda

Hansı əsr, hansı era danışır.

Kiçik daşın üstündəki nişanda

Hansı fəryad, hansı yara danışır.

Vuruşanda, qırılanda, qıranda,

Kimlər olub sultanımız, şahımız.

Bəlkə, elə qırılanda içimiz,

Daşa hopub dumanımız, ahımız.

Bu daş üstə işarələr deyir,

Bu dünyadan kim narazı, kim razı.

Viran qalmış viranələr deyir,

Hansı dərddən söhbət açır bu yazı.

Daş dilində, daş ruhunda yaşayan,

Oxudan kim, oxuyan kim, ozan kim.

Tariximi bu daşların dilində

Yazdıran kim, yazılan kim, yazan kim.

Əl ocağa, nəfəs oda çevrilib,

Yazan kişi necə yazıb bu daşı.

Tarix üçün axşam, sabah bilməyib,

Gündüz yazıb, gecə yazıb bu daşı.

İşləyənin işinə bax, işə bax,

Bu cilovdu, bu yəhərdi, bu atdı.

Min illəri yorub yola salsa da,

Başdan-başa bu bir canlı həyatdı.

danışır qaya qoçun dilində,

danışır qoç qayanın dilində.

Hansı sirri, hansı sözü saxlayıb,

Bir oyulan, bir oyanın dilində.

Tarixi var hər qayanın, hər daşın,

Onlar bilir çöldə var, nədir.

Bu dünyanın tarixinə nəzər sal,

Tarix yoxsa dünya özü heç nədir.

Hansı günə işarədi bu daşlar,

Qaya nədi, qayadakı qoç nədir?

At belində, üzəngidə, yəhərdə,

Yurddan yurda, eldən elə köç nədir?

Həsrətdimi, hicrətdimi, qəmdimi?

Çiynimizə aldığımız yük nədir?

Dərd içində şaxələnən ağacda,

Gövdə nədir, budaq nədir, kök nədir?

Arxivlərdə işləməkdən yoruldun,

Ürəklərdə axtar, ara tarixi.

Çıxart zülmət qaranlıqlar içindən,

Göstər bizə günü qara tarixi.

Bostanları zaman-zaman daşlanıb,

Ünvanına bəd əməllər tuşlanıb.

Hansı aydan, hansı gündən başlanıb,

Gözdə nisgil, canda yara tarixi.

Sərhəddi tap, cığırı tap, izi tap,

Bizi öyrən, bizi axtar, bizi tap.

Həqiqətə ayna tutan sözü tap,

Boğazından çəkmə dara tarixi.

İz yoxdursa, olmayanı izləmə,

Heç bir kəsdən tərif, tənqid gözləmə.

Doğrunu yaz, olanları gizləmə,

Qurban vermə dövlət-vara tarixi.

İrandadı, Turandadı, Çindədi,

Tanrıdadı, Allahdadı, dindədi.

Gör çətin, gör ağır gündədi,

Bütünləşdir para-para tarixi.

Kərəm dostum, kərəm eylə, kərəm qıl,

Oxu bir-bir daşa dönən tarixi.

Könlümüzdə işıq eylə, nur eylə,

Gözümüzdə yasa dönən tarixi.

Gör deyir tarixindən göylərin,

Get danışdır göy üzündə quşları.

Hansı dildə söhbət açır, danışır,

Yer üzünün dilsiz yatan daşları.

Qayaların keçmişini soraqla,

Qayaları kitab kimi varaqla.

Qayaları daraq ilə daraqla,

Ayılt görək ağılları, huşları.

Daş dövrünü, mis dövrünü keçmisən,

Acı vaxtın pis dövrünü keçmisən,

Duman, çiskin, sis dövrünü keçmisən,

Ayırd elə gədikləri, qaşları.

Tanıt bizə cığırları, izləri,

Tarix bilir kim sındırıb dizləri.

Nahaq yerə kimlər töküb gözləri,

Nahaq yerə kimlər kəsib başları.

Nələr gəlib Borçalının başına,

Kimlər alıb, kimlər satıb bu yurdu.

Xan olanlar xanlığına qəsd edib,

Hardan alıb, hara qatıb bu yurdu.

Nələr gəlib Başkeçidin başına,

Çubuxlunu, Ağlağanı xatırla.

Öz qəddini düzəldənmir Əyriqaya,

Qaraxaçda çıxan canı xatırla.

Kim toxunub ürəyinə, qəlbinə,

zamandan bağrı yanıq qalıbdı.

Qibləsini kim dəyişib yolların,

Sınıq Körpü niyə sınıq qalıbdı.

Kimlər yeyib Yağılıcanın yağını,

Kimlər süzüb qaymağını, balını.

Sən açmasan, mən açmasam sirrini,

Kim biləcək bu torpağın halını.

Dəvəqıran harda qırıb dəvəni,

Yemliklinin sirlərini görək.

Həqiqəti göstər dövrə, zamana,

Yalanlardan, yarğandan qaç görək.

Göstər görüm qələminin gücüylə,

Borçalının ayağını, başını.

Qoy nəsillər yaxşı bilsin, tanısın,

Bu yerlərin torpağını, daşını.

Ya oğuzun, ya qıpçağın qəbridi,

Bu məzarın daşına bax, daşına.

Zaman yazıb, yaman yazıb tarixi,

Qayaların qat-qat olmuş qaşına.

Təbiətdi üstündəki yorğanı,

Təbiətdi baş altında balıncı.

Əyilməyib qayaların xəncəri,

Qırılmayıb qayaların qılıncı.

Boş-boşuna yazılmayıb bu daşlar,

Tarixi var, zamanı var, əsri var.

Başkeçidin qayalıqlar içində,

Neçə-neçə qalası var, qəsri var.

Neçə-neçə əlvan xalı toxuyub,

Kirkidləri, həvələri bu yurdun.

Dünənimi bu günümə çatdırıb,

qoçları, dəvələri bu yurdun.

Alim dostum, dərinə get, dərinə,

Yazılmamış varaqdadı Borçalı.

Kimilərə yaxınlardan yaxındı,

Kimilərə uzaqdadı Borçalı.

Həmi ruhdu, həmi sağlam bədəndi,

Həm beşikdi, həm mənə kəfəndi.

Ürəyimin içindəki Vətəndi,

Kim deyir ki, qıraqdadı Borçalı.

Həradadır, Sinadadır, Turdadır,

Ən müqəddəs ziyarətim burdadı.

Gözümdəki işıqdadı, nurdadı,

Əlimdəki çıraqdadı Borçalı.

Yer üstündə şəhid olan oğulda,

Oxşamada, bayatıda, nağılda.

Ün eşidən düşüncədə, ağılda,

Səs eşidən qulaqdadı Borçalı.

Duyanlara bir ağrıdı, əzabdı,

Yazanlara rəngi solmaz kitabdı.

Suallara ən ağrılı cavabdı,

Soyuqdadı, sazaqdadı Borçalı.

Gah ağlayar, gah dincələr, kiriyər,

Naləsindən qarlı dağlar əriyər.

Ayaq açar, iməkləyər, yeriyər,

Körpə kimi qundaqdadı Borçalı.

Təzələr köhnələrə vurular,

Uçan evlər təzələnər, qurular.

Qanlı sular göz yaşıtək durular,

Sulara bax bulaqdadı Borçalı.

Gedən qışdı, açan güldü, gələn yaz,

Həmi səsdi, həm nəfəsdi, həm avaz.

Susan deyil sinəsində telli saz,

Nəğmə deyən dodaqdı Borçalı.

 Sentyabr 2013

KAŞ O GÜNLƏR OLAYDI

Dostum, sirdaşım idi,

Aran, yaylaq yolları.

Qaynar həyatım idi,

Qaynar bulaq yolları.

Uşaqlığım od-alov,

Gəncliyim dəli çaydı,

Kaş o günlər olaydı!

Qara qaya köhlənim,

Buludlar atım idi.

Dağlar, dərələr ruhum,

Sular həyatım idi.

Gecələr həmsöhbətim,

Sönməz ulduzdu, Aydı,

Kaş o günlər olaydı!

Mənlə havalanardı

Havalanıb uçan quş.

Məndən söhbət açardı,

Qanadını açan quş.

Bülbüllərin nəğməsi

Səsimi, nəfəsimi,

Doğma ellərə yaydı,

Kaş o günlər olaydı!

O zaman saçlarıma

Hələ dən düşməmişdi,

Sevgi candan, ürəkdən

Belə gen düşməmişdi.

Sevincim üfüqlərə,

Eşqim Günəşə taydı,

Kaş o günlər olaydı!

Mənim gözləmədiyim

Ağrı gəldi, ah gəldi.

Qaşında qanlı qılınc,

Əlində silah gəldi.

Mən saymaq istədim,

Gör bir fələk saydı,

Kaş o günlər olaydı!

O günlər harda qaldı,

O günlərdə vardı.

Doymadığım təbiət,

Dağ vardı, binə vardı.

Tez-tez dolub boşalan,

Dolu bir sinə vardı.

Yeraltı sərvət kimi

Zəngin xəzinə vardı.

İndi payızdı, dostum,

bahardı, yaydı,

Kaş o günlər olaydı!

Zaman üzə güləndə,

Canımıza can gəlir.

Ömrə, günə, həyata

Şərəf gəlir, şan gəlir.

Ömür başa yetdikdə,

Könlümüzdən ah alır,

Gözümüzdən qan gəlir.

Son saat yaxınlaşır,

Qorxulu bir an gəlir.

O günlər , bu gün ,

Haqqın verdiyi paydı.

Bu gün gözəl olsa da,

Kaş o günlər olaydı!

Kaş o günlər olaydı!

MƏNƏM, MƏN

Dağlar, daşlar, qayalar

qalır öz duruşunda,

Dərələrdən sel kimi

axıb keçən mənəm, mən.

Yer durur öz yerində,

göy durur öz göyündə,

Dolu bir şimşək kimi

çaxıb keçən mənəm, mən.

Mübarizə apardım

hər saatın yolunda,

Əslin, soyun, tarixin,

kökün, zatın yolunda.

Yandım, öldüm, dirildim

bu həyatın yolunda,

Qəlbimi atəşlərə

yaxıb keçən mənəm, mən.

Hayanda olur olsun,

insan oğlu qonaqdı,

Qonaq olmaq insana

imtahandı, sınaqdı.

Dünya bizdən ötəri

bəzəkli bir otaqdı,

Onun pəncərəsindən

baxıb keçən mənəm, mən.

GÖZƏLDİR

Əl gözəldir, Allah,

tikir, ucaldır, qurur,

Təzələri yaradır,

köhnələri uçurur.

Üz gözəldir, Allah,

onda Tanrı nuru var,

Cizgilərdə taleyin

işığı, uğuru var.

Göz gözəldir, Allah,

seçir yaxşı, pisləri,

Seçir xeyirxahları,

ayırır naqisləri.

Baş gözəldir, Allah,

ağıldan bir tacı var,

Bütün yaranışların

ona ehtiyacı var.

Ruh gözəldir, Allah,

dost olur mələklərə,

Odur qol-qanad verən

yellərə, küləklərə.

Qəlb gözəldir, Allah,

nuru paylayır cana,

Bütün gözəllikləri

Allah verir insana!

AĞLADIM

Xalq yazıçısı Mövlud Süleymanlıya

Elə bil yas düşüb könül evimdə,

Qara bayrağımı taxtım, ağladım.

Baxdım Yırğançaydan Cücəkəndinə,

Sellər-sular kimi axdım, ağladım.

Sarı yarpaq kimi düşdüm budaqdan,

Yaxın yurdumuza baxdım uzaqdan.

Bir əsər qalmayıb Soyuqbulaqdan,

Özüm öz halıma baxdım, ağladım.

Gördüm pis dövranı, gördüm pis günü,

Oldum bu dünyanın bədbəxt, miskini.

Yerin dumanıyam, göyün çiskini,

Dəli şimşək kimi çaxdım, ağladım.

Göylər qarğışını başıma səpər,

Elə bil yox olub qətiyyət, təpər.

Ortada məftil var, arada çəpər,

Bəd oldu zamanım, vaxtım, ağladım.

YIRĞANÇAY

Yırğançay Başkeçidin

baş keçidi, bəndidi,

Daş hasarı, barısı,

daş yurdu, daş kəndidi.

Hansı yana baxırsan

dağdı, düzdü, dərədi,

Allahın yaratdığı

ilahi mənzərədi.

Qayaları kitab tək

varaq-varaq oxunur,

Əllərini açırsan

ulduzlara toxunur.

Yırğançay Başkeçidin

baş tərəfdən möhrüdü,

Təbiətin ovsunu,

gözəlliyin sehridi.

Yeri yelli, küləkli,

Yurdu çənli, çisəkli,

Yolu daşlı, kəsəkli.

Əsən yelə qarşı da,

Coşan selə qarşı da

Cəsarətli, ürəkli.

Yırğançay, yurdum mənim,

Yağıların önündə

basılmaz ordum mənim.

Saxla cəsarətini!

Qoru ləyaqətini!

Bizə ərməğan eylə

böyük məharətini!

MƏNƏM

Dünyaya ən böyük şərəfdir insan,

Yerdə , göydə o şərəf mənəm.

Dəniz çağlayanda, dalğa coşanda,

Dənizin dibində dürr, sədəf mənəm! 

Dağın zirvəsində mənəm qardan ,

Düzün sinəsində mənəm yaşıl tağ.

Duyan könüllərdə gülən bağça-bağ,

Dil açan, gül açan tərəf mənəm!

İnsanam, bəllidi ünvanım, adım,

Həyattək şirindi ləzzətim, dadım.

Halal mayasına haram qatmayan,

Bütün xələflərə mərd xələf mənəm!

SƏSİM

Mən Dədə Qorquddan gələnəm bala,

ölən, ki, itəndi səsim.

Dağların döşündə qaynar bulaqdı,

Meşədə ağactək bitəndi səsim.

İşıqdı, Günəşdi, ocaqdı, qordu,

Sevgidi, istəkdi, qüvvətdi, zordu.

Dağın zirvəsində qartalı yordu,

Bağda bülbül kimi ötəndi səsim.

Su kimi can verdi ota, yarpağa,

Vətən deyiləndə döndü bayrağa.

Haqqın dərgahından endi torpağa,

Allahın özünə yetəndi səsim.

Tərtəmiz havadı, dumduru sudu,

Göyü təmizlədi, torpağı yudu.

Mənim olanım, qismətim budu,

Vətəndi, Vətəndi, Vətəndi səsim.

GEDİRƏM

Doğranmışa xəncər-bıçaq lazım,

Öz içimi özüm oyub gedirəm.

Dərd əlindən yumaq olmuş anamı,

Kənd evində xəstə qoyub gedirəm.

Ayrılıram kölgəlikdən, sərindən,

Köks ötürüb, ah çəkirəm dərindən.

Elə bil ki, şəhər qaçır yerindən,

Dərddən pıxıb, qəmdən doyub gedirəm.

Gözdən qaçıb, ilim-ilim itərəm,

Səhralarda tikan olub bitərəm.

Dərd çəkməkdə Nəsimidən betərəm,

Öz dərdimi özüm soyub gedirəm.

Meydanlarda meydan açar lotular,

Torpaq yanar, daş inildər, ot ular.

Talan yurdda bayquş ötər, it ular,

Öz bəxtimə özüm söyüb gedirəm.

Duyan ürək peşman qalır, pərt qalır,

Canımda bir ağrı qalır, dərd qalır.

Ata qalır, ana qalır, yurd qalır,

Qəlb uçurub, xətrə dəyib gedirəm.

PEŞMANÇILIQ

Elə bil ki, o ev bizim deyilmiş,

İldə bir yol evimizə getmədik.

Ah çəkənin şərik olub dərdinə,

Hay deyənin harayına yetmədik.

Həsrət qaldı üzəngiyə, yəhərə,

Qaçan qaçdı, asfalt üstə şəhərə.

Canı verdik dərdə, qəmə, qəhərə,

Bülbül olub bağçamızda ötmədik.

Quruduqca bir quruca ad olduq,

Yaxınlara, doğmalara yad olduq.

Çeynəndikcə ağızlarda ot olduq,

Ağac olub bağımızda bitmədik.

ŞÜKÜR DEYİM

Şükür de, şükür dedeyirlər mənə,

Çatılan qaşıma şükür deyim.

Yorğun ürəyimə, solğun gözümə,

Ağrıyan başıma şükür deyim.

Ağrı başlama var, ağrı kəsmə var,

Canda son mənzilə bir tələsmə var.

Başda titrəmə var, əldə əsmə var,

Ağrılı yaşıma şükür deyim.

Könül gah sevincdə, gah da qəmdədir,

Gah kefli, gah kefsiz bir aləmdədir.

bişib hazırdı, plov dəmdədir,

İştahsız aşıma şükür deyim.

Bulluddu ağlayan, dumandı çökən,

Vaxtsız ağrılardı qəddimi sökən.

Üzümü yandıran, gözümü tökən,

Acı göz yaşıma şükür deyim.

Buluddan nəm yağır, göydən yaş yağır,

Yağanlar gah yeyin, gah yavaş yağır.

Göydən dolu yağır, göydən daş yağır,

Başımın daşına şükür deyim.

MƏNƏ YAXŞI YOL ARZULA

Enişlər var, yoxuşlar var.

Tufanlar var, yağışlar var,

Qar-boranlı baxışlar var,

Qoyma canda ümid sola,

Mənə yaxşı yol arzula.

İçilməli bulaqlar var,

Dərilməli budaqlar var.

Yaxınlar var, uzaqlar var,

Nəzər yetir sağa-sola,

Mənə yaxşı yol arzula.

Körpülər var keçmək gərək,

Üfüqlər var uçmaq gərək.

Qəzalar var qaçmaq gərək,

Qəmli gözlər dola-dola,

Mənə yaxşı yol arzula.

Zirvələrin mehinə dön,

Çəmənlərin şehinə dön.

Arzuların şahına dön,

Dön qanada, çevril qola,

Mənə yaxşı yol arzula.

Ucsuz-bucaqsız çöllər var,

Ayaq dəyməmiş yollar var.

Qarşımızda min illər var,

Mən çıxıram uzaq yola,

Mənə yaxşı yol arzula.

 





23.01.2014    çap et  çap et