525.Az

“...Bizə çatanda “Lenin umer?”


 

 “...Bizə çatanda “Lenin umer?” “O məni qiyabi surətdə çoxdan, ən azı 1990-cı ilin 5 mayında “Kommunist” qəzetində dərc olunmuş “Bu da “tayfa oyunu”durmu?!.” adlı yazımdan tanıyırdı, bundan düz iki ay əvvəl isə “Yeni fikir” qəzetinin sifarişi ilə moskvalı jurnalist Andrey Karaulovun onunla söhbətini – “Mən belə düşünürəm...” adlı müsahibəni tərcümə eləmişdim. O vaxtlar Heydər Əliyev adı 91-ci ilin sonunadək ölkədə və 93-cü ilin yayınadək respublikada rəsmi dairələrin “qara siyahısı”nda idi, onunla bağlı nəsə yazmağa və ya tərcümə eləməyə görə adama “Çox sağ ol!” demirdilər...” – bu il iyulun 16-da mediaforum.az-da təqdim etdiyim “Bəli, mən Sədərəkdə olmamışdım...” adlı qeydlərdə bu fikirləri sözgəlişi işlətmişdim, gəlişigözəl sözlər kimi yox.

Məsələ burasındadır ki, “Kommunist”dəki məqaləyə görə Əliyevlər ailəsinin o vaxtlar Bakıdakı ən qüdrətli nümayəndəsinin redaktor əvəzi mərhum Rəfail Nağıyevə zəng vurub tanış olmaq naminə məni evlərinə, nahara dəvət etdiyi və mənim də bu dəvətdən çox mədəni şəkildə imtina etdiyim halda tərcümənin sorağının Moskva yaxınlığındakı Barvixadan gəldiyini... mərhum yazıçı-jurnalist Nəriman Həsənəliyevin timsalında gözlərimlə görmüşdüm. Aramızda müəyyən yaş fərqi olduğuna görə heç vaxt onunla elə bir yaxınlığım olmayıb və bu səbəbdən də özü, şəxsiyyəti və yaradıcılığı barədə bilgilərim adda-budda, üstəlik də natamam olub, təzəlikcə – yəni bu qeydləri yazmağa başlayarkən kataloq.net/v2/shexsler/Nəriman-Həsənəliyev-238 linkində aşağıdakı məlumata rast gəldim:  “Həsənəliyev Nəriman Cəbrayıl oğlu (11.02.1938 – 29.01.2002) – publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1938-ci il fevralın 11-də Azərbaycanda Naxçıvan MR Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildən təyinatla göndərildiyi Ordubad şəhər 1 saylı orta məktəbində müəllim kimi başlamışdır. Ordubad rayonunun Dırnıs kənd orta məktəbində müəllim (1962-1966), Sumqayıt şəhər radio verilişləri qovşağında redaktor (1966-1967), Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında elmi redaktor (1967-1968), böyük elmi redaktor və “Azərbaycan dili ensiklopediyası” qrupunun rəhbəri (1988-1989), respublika “Xatirə” kitabının baş redaktoru olmuşdur (1989-cu ildən).

60-cı illərdən publisist məqalələri, müsahibələri və tərcümələri dövri mətbuatda müntəzəm çap olunmuşdur. “İllər, səndə nəyim qaldı”, “Övlad məhəbbəti ölüncədir”, “Fəryad səsləri”, “Qısa bir ömrün sorağındayam”, “Sifarişli qətl” kitabları onun tərtibi ilə nəşr edilmişdir. 2002-ci il yanvarın 29-da vəfat etmişdir”. Bu yazılanlara bircə şübhə-qeydim var – o da onun “tərtibçiliyi” ilə çap olunmuş kitablarla bağlıdır: inanmağım gəlmir ki, hərəyə bir “mız” qoyan Nəriman, özünün çoxsaylı, rəngarəng mövzulu yazıları qala-qala, bircə dənə də orijinal kitab çap etdirməyib, xahiş-minnət, dava-şava ilə kimlərinsə yazılarından ibarət kitablara tərtibçilik eləyib. Hərçənd... mənim tanıdığım Nəriman bunu da edərdi – sadəcə, o, son dərəcə sadə, ürəyini süfrə təki hamının qabağında açmağa ərinməyən, düz-əməlli tanımadığı istənilən adamın uğuruna öz uğurutək sevinməyi bacaran bir insan idi. Çox maraqlıdır: mən onu əlində yekə – içərisinə 20-25 kiloluq yük yerləşdirmək mümkün olan çanta olduğu halda daim harasa tələsən gördüm.

Məncə, içən deyildi, amma sifəti daim qırmızı olardı və bu da yəqin ki, təzyiqinin yuxarı olmasının əlaməti idi. Belə olduğu vəziyyətdə güllə kimi redaksiyada iş otağımıza girər, birnəfəsə hamıyla əl verib görüşər, hər birinə yaxın-uzaq yaradıcılığıyla bağlı nəsə xoş bir söz, yaxud irad bildirər, yalnız bundan sonra kimisə çənəsinin altına salıb təzəlikcə ölkənin (SSRİ-nin) hansısa şəhərinə ezamiyyətdə olmasından danışar, getdiyi yerdən Azərbaycanla bağlı hansısa bir yazı gətirdiyini, həmin yazının, indiki jurnalistlərin dili ilə desək, eksklüziv olaraq məhz bu qəzetdə çap olunmasını, necə deyərlər, hələ Azərbaycana qayıdarkən, yolda əhd elədiyini xoş bir təbəssümlə müsahibinə çatdırardı. Şərə-şür adam olmadığına görə dediklərini xeyiri olmasa da, ziyanı da olmayan bir həb kimi qəbul edərdilər və Nəriman da şad-xürrəm redaksiyanı tərk edərdi. Bundan əlavə, hər bir yazı-pozu adamında olmayan bir xasiyyəti də vardı – redaksiyaya təqdim elədiyi yazının çapı üçün heç kimi narahat eləməzdi, buna görə şöbələrdə Nəriman Həsənəliyevin yazılarına “eNZe” – “neprikosnovennıy zapas” (əldəyməz ehtiyat) kimi baxar, necə deyərlər, bütün ehtiyatlar tükənəndən sonra onları işə salardılar. İlk tanışlığımızın tarixini xatırlamıram, güman ki, bu, qəzetçiliyə başladığım dövrün lap əvvəllərində olub. Amma dəqiq xatırlayıram ki, bu, sanki çoxdan görüşməyən tanışların görüşü təsirini bağışladı: hansısa yazıma isnadla “filan məsələni yaman demisən, ürəyimdən xəbər verdi” deyə ləzzətlə şaqqanaq çəkdi. Mən “Kommunist”də işləyəndə az-az görüşərdik, görünür, bu, mənim hansısa yazının taleyini bilavasitə həll eləməməyimlə bağlı idi, amma hər halda düşəndə görüşürdük. Andrey Karaulovun “Teatralnaya jizn” jurnalında çıxan müsahibəsinin Azərbaycanda tərcümə edilib, “Yeni fikir” qəzetində dərc olunmasının təşəbbüsçüsü rəhmətlik Əjdər Xanbabayev olmuşdu, tərcüməçini, yəni məni isə “Yeni fikir”çi Müsəllim Həsənov “tapmışdı”. Təxminən 30 min işarəlik yazını bir gecəyə – “Kommunist”in növbəti nömrəsini çapa imzalayıb gecəyarısı evə qayıtdıqdan sonra tərcümə elədim və artıq SSRİ miqyasında antiəliyevçilik bir kampaniyaya çevrildiyi üçün, necə deyərlər, acığa, tərcüməni açıq imzayla imzaladım.

Bununla bağlı elə “Kommunist”dən Mərkəzi Komitəyə bir neçə çuğulçu məktubu – donos yolladılar, redaktor əvəzi rəhmətlik Rəfail müəllim isə müsahibəyə əlavə olaraq yazılmış 5-6 cümləlik ön sözü oxuyan kimi keçirdiyim hissi anladı, “Düz eləyibsən” dedi. Elə bu “düz eləyibsən”in təsiri ilə “Pravda” qəzetində “Əliyevçilik və ya “xoş əyyamlar”ın xiffəti” məqaləsi ilə başlanmış kampaniyaya cavab olaraq üstündən təqribən bir ay keçəndən sonra yazdığım “Bu da “tayfa oyunu”durmu?!.” adlı irihəcmli yazımın çapına icazə verməklə özünün tamhüquqlu redaktor təyin edilmək perspektivinin üstündən çalın-çarpaz qara xətt çəkmiş oldu. Bax, elə həmin məqalə qəzetdə dərc olunduqdan təxminən bir həftə sonra – mayın ortalarında Nəriman əlindəki içidolu yekə çantayla, tövşüyə-tövşüyə yanıma, redaksiyaya gəldi. Otağa girib nəfəsini dərməmiş, salamsız-kəlamsız, hər kəlməni adət elədiyi gülüş içində boğaraq dedi: – Bu dəqiqə Moskvadan gəlirəm. Canım üçün, məqaləndən düz bir meşok... – o, sanki daha yaxşı başa düşəcəyimiz bir dildə məhz belə söylədi, – Barvixaya, Heydər Əliyeviçə aparmışdım. Ləzzətnən oxudu, kef elədi...

Açığı, Nərimanın bu gəlişi qanımın qara vaxtına düşmüşdü, ən azı soruşmadım ki, Barvixanın yolunu-irizini hardan tanıyırdı. Hərçənd indi düşünürəm ki, Nəriman kimi – dəyirmanın ağzından ölü salınıb diri çıxan bir insan, əgər o, özü demişkən, bir meşok qəzeti özünə yük, həm də qorxulu yük eləyib burdan Moskvaya aparırdısa, onun üçün bu, elə də problem olmamalıydı. Tanışlığımın elə ilk çağlarında “Gənclər”dəki məndən nisbətən yaşlı, onun özüylə isə təxminən yaşıd olan həmkarlarım Nəriman Həsənəliyevlə bağlı ömrüm boyu yaddaşımdan silinməyən klassik lətifəyə bənzər bir əhvalat danışmışdılar. Çox-çox sonralar, yəni 90-cı illərdə Nəriman hansısa irihəcmli yazısında həmin əhvalata da məxsusi yer ayırmışdı. Kataloq.net-in məlumatından da göründüyü kimi, Nərimanın, necə deyərlər, şüurlu həyatının xeyli hissəsi Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında keçmişdi. Həmin dövrdə o, yalançılar sözü, növbəti dəfə evlənib-boşanır və necə deyərlər, bir həsir – bir Məmmədnəsir qalır küçədə. Ev almaq üçün Bakıdakı idarələrə müraciətləri bir nəticə verməyəndə o, çarəni Moskvaya, Lenin mavzoleyinə – “proletariatın dahi rəhbəri”nin nəşinə məktub yazmaqda görür. Təbii ki, qəbul olunmuş qaydaya görə məktubu tədbir görülmək üçün əks istiqamətə – yazıldığı məmləkətin ali partiya orqanına göndərirlər. Və günlərin bir günü Nəriman Həsənəliyevi Azərbaycan KP MK-ya, ideoloji işlərə baxan katib Əli Kərimovun qəbuluna çağırırlar. Bütün ömrü böyu əqidəli kommunist, təmiz insan kimi tanınan Əli Həbiboviç həm çox zabitəli, sərt xasiyyətli insan, həm də, mən bilən, səlis “russkoyazıçnik” idi.

Şübhəsiz ki, Lenin mavzoleyinə şikayət məktubu yolladığına görə Nərimanı yaş yuyub quru sərir: necə yəni, ideoloji sahənin təmsilçisi, MK-nın nəzərində və himayəsində olan bir idarənin işçisi, Leninin ölü olduğunu bilə-bilə, ona məktub yazır. Buna dözməkmi olar? “Ved on je mertvıy! Tı ponimayeş? Lenin umer!!”. Necə deyərlər, bütün bu həngaməyə mətanətlə sinə gərib dinməz-söyləməz katibi dinləyən Nəriman məhz bu yerdə dözməyib, artıq təxminən 40 ildir ki, zərbi-məsələ dönmüş klassik cümləsini işlədir və həm də ayrı heç bir mətnaltı məqsəd-filan güdmədən: – Necə olur bəs: neçə illərdir deyirsiniz ki, “Lenin jiv”, “Lenin jiv”, amma bizə çatanda “Lenin umer?”... Yəqin sonrası heç kimə maraqlı deyil. Bütün söhbətin canı məhz Nəriman Həsənəliyevin bu sualındadır: “...bizə çatanda “Lenin umer?” ...Sovet illərində Nərimanla bağlı daha bir əhvalat dillər əzbəriydi. Deyilənə görə, bu və ya digər məsələ ilə bağlı harayasa, kiməsə zəng vuranda o, qaydaya görə, əvvəl özünü təqdim edər, sonra isə müraciətinin məğzinə keçərmiş. Məsələn, belə: “Alo, danışan jurnalist Nəriman Həsənəliyevdir. Siz filan, filan...”. Xəttin o başında Nərimanı dinləyən katibə-köməkçifasonlar, yaxud kölgəsindən qorxan rəislər təqdimatdakı “jurnalist Nəriman” ifadələrini dərhal unudaraq diqqəti soyadın üzərində cəmləyər, onu da iki yerə bölərmişlər: Həsən Əliyev! XX əsrin 70-80-ci illərində isə bu ad-soyad altında respublikada tanınan bircə nəfər vardı: akademik Həsən Əliyev. Bu priyomla Nərimanın özündən asılı olmayaraq xeyli adamın işinə yaradığı da o illərin xalq yaradıcılığıydı... Bax belə! Allah sənə rəhmət eləsin, gözəl insan!.. P.S. Onu da deyim ki, Nərimanın baməzə deyim və hərəkətləri barədə nə vaxtsa bir kimsənin onunla kəlmə kəsdiyi yadıma gəlmir. Niyəsini də heç cür aydınlaşdıra bilmirəm...
 
Avqust 1974 – avqust 2012
 





05.09.2012    çap et  çap et