525.Az

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib


 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib<b style="color:red"></b>

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”nın müzakirəsinə həsr olunan videokonfrans keçirilib.

Videokonfransda Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mütəllim Əbdülhəsənov, Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Şahin Allahverdiyev, Energetika Nazirliyinin sektor müdiri Rauf İsmayılov, Kənd Təsərrüfatı Nazirliyinin böyük məsləhətçisi Rövşən Abdullayev, “Azərsu” ASC-nin şöbə rəisi Elkin Rüstəmov, “Azərkosmos” ASC-nin nümayəndəsi Aqil Əhmədov, Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov, Geologiya və Geofizika İnstitutunun direktorunun köməkçisi Tariyel Hüseynov, Memarlıq və İnşaat Universitetinin dekanı Zakir Musayev, eləcə də aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”na əsasən dağ çayları sularının yığılması üçün relyefə uyğun olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, tikintisi nəzərdə tutulan su anbarlarında 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir. Bu su anbarları 139 min hektar sahəni suvarma suyu ilə təmin edəcək. O cümlədən 81 min hektar yeni suvarılacaq sahə kənd təsərrüfatı dövriyyəsinə veriləcək.

R.Aslanov çıxışında mövcud su anbarlarının həcmi və mövcud vəziyyəti barədə məlumat verərək bildirib ki, Azərbaycan Prezidentinin təsdiqlədiyi Tədbirlər Planına əsasən 22 yerdə hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması da planlaşdırılır.“Bu, 9 min kilometr uzunluğunda kanalları özündə birləşdirir. Bunun 529 kilometri magistral, 1644 kilometri I dərəcəli, 6817 kilometri II-III dərəcəli kanallardır. Həmin kanalların altında təxminən 290 min hektar suvarılan sahə var və 15 rayonu əhatə edir.
Azərbaycanda əkilən kənd təsərrüfatı bitkilərinin böyük əksəriyyətinin Mil-Muğan torpaqlarının payına düşdüyünü deyən R.Aslanov bildirib ki, bu torpaqlarda həddən artıq su itkiləri müşahidə olunur. Bu, təsdiq olunan su balansında da öz əksini tapıb. Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan kanalların 73 faizi torpaq kanallardır.

Dövlət başçısının 2020-ci il 15 aprel tarixli sərəncamına əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradıldığını vurğulayan R.Aslanov deyib ki, ASC komissiyaya 2020-2030-cu illəri əhatə edən tədbirlər planı təqdim edib.

ASC-nin Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov təqdimatla çıxış etdikdən sonra müzakirələr aparılıb, təkliflər qeydə alınıb.




 





24.09.2020    çap et  çap et