525.Az

Pedaqogika elminə töhfə - "Təhsil və cəmiyyət"


 

Pedaqogika elminə töhfə - <b style="color:red">"Təhsil və cəmiyyət"</b>

Pedaqogika elmləri doktoru, professor Mönsüm Alışovun "Təhsil və cəmiyyət" üçcildliyi nəşr olunub. "Adiloğlu" nəşriyyatında işıq üzü görən üçcildliyin I cildi "Təhsil quruculuğu-hədəflər, nailiyyətlər, problemlər", II cildi "Təhsil və mədəni-intellektual inkişaf", III cildi isə "Təhsil islahatının dinamikası" adlanır.

Riyaziyyat və informatika üzrə mütəxəssis, təcrübəli pedaqoq, "İdrak" liseyinin təsisçisi, Bakı Dövlət Universitetinin professoru, 100-ə yaxın elmi əsərin, o cümlədən, 2 monoqrafiyanın,12 dərsliyin, dərs və metodik vəsaitlərin müəllifi M.Alışovun fikir və düşüncələri əsasında tərtib edilən kitablarda gələcəyin təhsillə bağlılığı, yeni məzmun və struktur dəyişikliklərinin zəruriliyi, cəmiyyətin formalaşmasında məktəblərin birbaşa məsuliyyət daşıması və digər məsələlərə toxunulub.

Cəmiyyətin əsas fundamental sosial institutlarından biri olan  təhsil prosesində zaman keçdikcə dəyişikliklər baş verir, məktəb, təlim-tərbiyə və təhsilin məzmunu, metodları yeniləşir. Aparılan təhsil islahatlarında ümumtəhsil pilləsinin xüsusi çəkisi var. Son illər ümumtəhsil sahəsində əhəmiyyətli irəliləyişlər baş verib, məktəb infrastrukturu əsaslı şəkildə təkmilləşdirilib. Baş verən bu dinamika "Təhsil və cəmiyyət" üçcildliyində ətraflı şəkildə izlənilir. Müəllif təhsil sahəsindəki islahatların, dövlət strukturlarının, ictimaiyyətin pedaqoji prosesdə fəal iştirakının tədris müəssisələrində şəffaflığın təmin edilməsində başlıca  stimul olduğunu göstərir, ölkəmizin təhsil sahəsində Dövlət Strategiyasının həyata keçirilməsi prosesində müxtəlif problemlərin həlli ilə bağlı yeni yanaşmaya ehtiyac duyulduğunu vurğulayır:  "Təhsil sistemində təhsilin məzmununun yeniləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqi də mühüm innovasiya fəaliyyətlərindəndir və təhsil prosesinin təşkilində innovasiyalar daha çox kütləvi xarakter almaqdadır. Təhsilin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsində informasiya və kommunikasiya texnologiyaları güclü təsir bağışlayır. Təhsildə, təlim-tərbiyə prosesində texnologiyanın və texnoloji yanaşmanın tətbiqi sosial fəaliyyətdə yeni strateji inkişaf istiqaməti olub böyük elmi və təcrübi əhəmiyyət kəsb edir".

İdarəetmə mədəniyyəti pedaqoji prosesin ən vacib cəhətlərindəndir. Müəllifin qənaətincə, hər bir təhsil müəssisəsi rəhbərinin idarəetmə mədəniyyəti onun şəxsiyyət kimi formalaşması, rəhbər kimi qəbul edilməsi və digər xüsusiyyətləri ilə ölçülür. Yeni idarəetmə prinsiplərinin təhsil sisteminə tətbiqinin vacibliyini qeyd edən professor M.Alışov bu sahədə idarəetmə təfəkkürünün müasirləşməsinin son dərəcə aktual proses kimi qarşıya qoyulmasını önə çəkir.

Təhsilalma - məqsəddir, təlim isə müəllimin öyrətmə, şagirdin öyrənmə fəaliyyətini özündə birləşdirən bitkin bir sistemdir. Təlim prosesində hadisələri real şəkildə öyrənmək üçün üç obyekt arasındakı qarşılıqlı əlaqəni - müəllim, şagird, tədris materialları arasındakı əlaqəni nəzərə almaq lazımdır. Professor bu məsələyə belə münasibət bildirir: "Təlim prosesində şagirdlər bilik, bacarıq və vərdişlərə yiyələnir. Fəal təlimin tətbiq edilməsi şagirdlərin özünə inamını artırır, vərdişləri formalaşdırır. Təlim pedaqoji proses olduğu üçün müəllim və şagird fəaliyyətini əhatə edir. Təhsilin keyfiyyəti təlimin yeni texnologiyasını və tədris prosesini bilavasitə reallaşdıranların yaradıcı potensialından, öz üzərində daim işləməsindən, peşəsini sevməsindən, çevik pedaqoji təfəkkürü və humanistliyindən asılıdır".

Təhsil və cəmiyyət” adlı üç cildlik işıq üzü görüb » "Dünya" informasiya  agentliyi

Təhsil sistemində kurikulum təhsil modeli ilə bağlı həyata keçirilən islahatların müəllimlər qarşısında qoyduğu əsas vəzifə milli-mənəvi və ümumbəşəri dəyərləri mənimsəyən, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik, bütün təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran şəxsiyyət formalaşdırmaqdır. Müəllif  kitabda kurikulumun məzmun və mahiyyəti, xüsusiyyətləri, təlim prosesi ilə bağlı fəaliyyətlərin səmərəli təşkili, ardıcıl həyata keçirilməsinə imkan yaradan tətbiqi barədə də mülahizələrini oxucularla bölüşür. Kurikulum təhsil modelinin bütün pillələr üzrə reallaşdığını vurğulayan professor M.Alışov bu strateji, sosial tələbatla əlaqədar maarifləndirmə və izahat işlərinin aparılmasını, qabaqcıl təcrübənin təhlilinə ehtiyac olduğunu vacib sayır. Müəllif təhsilin idarəedilməsində müasir prinsiplərin işlək mexanizmlərinin hazırlanması və həyata keçirilməsini islahat sistemində aparıcı istiqamətlərdən biri kimi qiymətləndirir: "Təhsil sisteminin idarəolunmasının ictimai xarakterini idarəetmə prosesində müəllim və şagird kollektivlərinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin daxil olduğu ictimai təşkilatların yaradılması və prosesdə iştirakının təmin olunması müəyyən edir". Onun fikrincə, pedaqoji prosesin mərkəzində dayanan müəllimin elmi, pedaqoji, metodik hazırlıq səviyyəsini təkmilləşdirmədən təhsil islahatlarını həyata keçirmək qeyri-mümkündür. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllif etiraf edir  ki, hələ də bizdə sovet dövründən qalan praqmatik təhsil mühiti mövcuddur, bu təhsil mühitindən qurtulub yaradıcı təhsil mühiti yaratmaq mürəkkəb proses olsa da, bunun yaradılması zamanın tələbidir. Apardığı araşdırmalara əsaslanan professor M.Alışov ilkin müəllim hazırlığının məzmununun yüklü olduğu qənaətinə gəlir...

Müəllif öz araşdırmalarında dərslik məsələsinə də ətraflı münasibət bildirir. Məlumdur ki, dərslik pedaqoji anlayış olduğundan hər bir fənn üzrə onun hazırlanması da pedaqoji problem kimi strateji əhəmiyyət daşıyır. Dərslik - konkret fənn üzrə tədris planı və proqram əsasında hazırlanmış nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas tədris vəsaitidir. Professor M.Alışovun da vurğuladığı kimi, dərsliklərdə verilən materiallar müəllimlərin pedaqoji təxəyyülünün inkişafını şərtləndirir və onları dərsliyə yaradıcı yanaşmağa sövq edir, müəllimlər dərsliklərdən məqsəd kimi yox, vasitə kimi istifadə edirlər.

Professor M.Alışovun araşdırmalarında təhsil məsələlərinə konseptual yanaşma xüsusilə diqqət cəlb edir. Müəllif təhsili sadəcə bilik, bacarıq və vərdişlərin toplusu deyil, təlimin, təfəkkür prosesinin, əqli fəaliyyətin nəticəsi hesab edir. İndiki dövrdə qloballaşma və sivilizasiya proseslərinin inteqrasiyası müasir dünyanın ən aktual probleminə çevrilib. İnteqrasiya müasir dünya təhsilinin prioritet problemlərindən biridir.  Kurikulumun interaktivliyi şagirdlərin fəallığında, bilik və bacarığında özünü göstərir. Müəllifin qeyd etdiyi kimi, interaktiv təlim metodlarından istifadə təlimin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir və buna görə də təlim prosesində inteqrasiyadan istifadə etmədən heç bir fənnin tədrisində istənilən nəticəni əldə etmək mümkün deyil.

Tarixi təcrübə və araşdırmalar  göstərir ki, hər bir xalqın mənəvi dəyərlərini yaşadan, mənəvi dəyərlərini tarixləşdirən onun dilidir. Bu gün dilimizin inkişafının əsas qarantı dövlətimizdir. Dünya dilləri arasında həm tarixilik, həm də müasirlik baxımından olduqca önəmli yer tutan Azərbaycan dili də, öz növbəsində, dövlət müstəqilliyimizin mühüm atributlarındandır.

Professor M.Alışovun qənaətincə, müstəqilliyini elan edərkən Azərbaycan dövlətinin qarşısında dayanan ən mühüm vəzifələrdən biri olan dil və əlifba məsələsi öz təsdiqini yetərincə tapmamışdı. Müəllif Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə verdiyi fərmanlarını, milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələləri barədə Azərbaycan xalqına müraciətini həm də keçmişə hörmət hissinin təcəssümü kimi dəyərləndirir.

"Təhsil və cəmiyyət" kitabında məktəbəqədər təhsil məsələlərinə də toxunulur. Araşdırmalar göstərir ki, uşağın bir şəxsiyyət kimi məktəb təliminə hazırlanmasında məktəbəqədər yaş dövrünün sonunda onun motivasiya sahəsinin təşəkkül və inkişafının mühüm əhəmiyyəti var. Müəllif apardığı tədqiqatlara əsasən göstərir ki, məktəbəqədər yaşda motivlərin qarşılıqlı tabeliyi formalaşır və bütün məktəbəqədər dövr ərzində yeni motivlər təzahür edir. Məktəbəqədər təhsil müəssisələrində təlim prosesi özünəməxsus cəhətləri ilə fərqlənir. Buna görə də valideynlərin müraciətlərinə ciddi yanaşılmalı, uşaqların maraqlarının nəzərə alınması stimullaşdırıcı vasitə kimi dəyərləndirilməlidir. Müasir dərs elə qurulmalıdır ki, təkcə şagirdlərin hafizəsinə deyil, onların təfəkürünə də təsir göstərsin, tədris olunan fənn şagirdlərin idrak fəaliyyətinin inkişafında mühüm rol oynasın.

Müəllifin toxunduğu digər məsələ isə İKT-nin tətbiqi məsələsidir. Müasir dövrdə təhsil sistemi tədris prosesinin informasiya-kommunikasiya texnologiyalarına əsaslanan daha yeni metodlarla həyata keçirilməsini tələb edir. Ölkəmizin təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və onun təhsildə tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması prioritet istiqamətlərindən birinə çevrilib. M.Alışovun fikrincə, informatika fənni üzrə standartlar orta təhsil kursu çərçivəsində bütün şagirdlər üçün vacib olan məzmunu əhatə edir. Bu məzmun şagirdlərin informatika sahəsində öyrənə biləcəyi məsələləri müəyyənləşdirməklə onları orta təhsildən sonrakı pilləyə hazırlayır.

Kitabda toxunulan digər vacib  bir məsələ isə tərbiyə məsələsidir. Tərbiyənin məhsulu olan adət-ənənə insanın yaş dövrlərinə uyğun  dəyişir. Hər kəs yaşına uyğun davranış qaydalarına əməl etməlidir. Tərbiyədə bu məsələ həmişə diqqət- çəkən məqam kimi araşdırma probleminə çevrilir: "Hər bir yaş dövründə tərbiyənin öz təsir imkanları olur, tərbiyənin məzmunlu olması üçün onun forması da dəyişilməlidir. Müəllim şagirdinə yanaşarkən, onunla münasibət qurarkən, əlbəttə ki, xarakter cizgilərini, özünəməxsus fərdi keyfiyyətlərini görməyə hazırlıqlı olmalı, ona yanaşmada, tərbiyə məsələlərini gerçəkləşdirərkən bu amilləri mütləq nəzərə almalıdır".

Ümumiyyətlə, professor M.Alışovun pedaqogika elminə töhfə olan "Təhsil və cəmiyyət" üçcildliyi təhsilə, pedaqoji məsələlərə konseptual yanaşma baxımından olduqca lazımlı və əhəmiyyətlidir.

İntiqam CƏBRAYILOV
Pedaqogika elmləri doktoru, professor 

 





24.09.2020    çap et  çap et