525.Az

Öz papağınla danış" - Yaronimas Lautsüsün yaradıcılığından nümunələr


 

Öz papağınla danış" - <b style="color:red">Yaronimas Lautsüsün yaradıcılığından nümunələr</b>

Litva yazıçısı və Pozitivistlər Klubunun təsisçisi Yaronimas Lautsüs həm də Belarus Yazıçılar Birliyinin üzvü, "Tri zvyozdoçki" nəşriyyatının baş redaktorudur.

Onun miniatür janrında yazdığı əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub. Azərbaycan dilinə isə həmin əsərlərdən nümunələri ilk dəfə Flora Naci çevirib və o tərcümələrdən bir neçəsini oxuculara təqdim edirik.   

SƏHƏRİN HƏDİYYƏSİ 

Bir damcı şehin necə doğulduğunu görmüsənmi?

O an Kainatın sənə nə demək istədiyini dərk etdinmi? Onun mesajını anladınmı?

Bir çiçəyi suvarmaq, ona həyat vermək üçün bir damla şeh əmələ gəlir, bu da sənin günlərini sevinclə doldurmaq deməkdir.

Məgər bu, insan həyatına bənzəmirmi?

Axı, hər birimiz bu dünyaya kiməsə gərək olmaq üçün, özümüzü və başqalarını sevindirmək üçün gəlirik. Kiməsə bu fani, boş yerə çarpışan dünyada dayaq olmaq üçün gəlirik. Yaxın adamlarımıza ürəyimizin işığını, ruhumuzun isti nəfəsini vermək üçün gəlirik.

Əgər gördüyün işlərin daim axarında həyat bəxş edən şeh damcısının doğulduğunu görməmisənsə, gecə qaranlığını yararaq Yer kürəsini salamlayan günəşin ilk şüalarının nə pıçıldadığını eşitməyə çalış.

Hər açılan səhər yeni və günü-gündən daha çox bənzərsiz Həyatın başlanğıcıdır. 

GÜNDÜZÜN YOLU 

Gündüz - uzaqlara aparan yol, gecə isə bu yolun əvvəlinə qayıdışdır. Gündüz Zamanla birlikdə məkanları yararaq Sən səyahət edirsən.

Gecə keçdiyin yolları, olub-keçənləri dərk edirsən. Gecə Sən hər şeyi daha aydın görürsən.

Görə bilərsən ki, hansısa məqamda yolu tək gedirdin, çünki Zaman Səni tərk etmişdi.

Bəzən gecə  açıq-aydın görürsən ki,  yolda özünü itirmişdin.

Gecələr gözümüz önündə keçilmiş və hələ keçilməmiş yollarımız canlanır. Ən  əsası -  səhər gözlərimizi açanda oyandığımızı anlayaq. Anlayaq ki, yaşamaq üçün oyanmışıq.

O GƏLƏNDƏ 

Kədər Sənin evinə gələndə onu digər qonaqlar kimi qarşıla.

Əgər o, Sənin qapını döyürsə, deməli, Sənə ehtiyacı var.

Əgər o, Sənin qapının astanasında dayanıbsa, deməli, Sənə deyiləsi vacib sözü var.

Görüşməzdən əvvəl onun fikirlərini təxmin etməyə çalış.

Onunla skamyada əyləş.

Dinlə onu, onu başa düş.

Qonağı qapıya qədər ötür.

Onun qoyub getdiyi ruhu sakitləşdirən işığı qəbul et.   

YADDAŞIN İŞIĞI 

İndi o, kimin ondan "şam sönəndə işıq hara yox olur" soruşduğunu xatırlamır.

Verilən suala cavab axtararkən fərqli variantlara əl atırdı, onlar isə yeni suallar doğururdu.

İşıq yolu nədir? İşıq və qaranlıq necə qarşılaşır?

Qaranlıq həmişə qaranlıq idi? Yoxsa şam sönməmişdən əvvəl olduğu kimi, o da nə vaxtsa işıq olub?

İşıq sönənə qədər işıqlandırdıqlarını xatırlayırmı?

İşıq verilən insanlardan heç olmasa biri xatırlayırmı ki, bir zaman bu işığın altında yaşamışdır.

Onlar başqa bir işıq tapmışlarmı, yaxud qaranlıqda qalaraq, onunla barışmışlarmı?

Yaddaş İşığı cavab gözləyir.

Hələ ki, qaranlıq çökməyib. 

HƏYAT TƏNLİKLƏRİ 

Səhhət, minus xəstəliklərim - sağlamlığımdır.

Yaddaş, minus unutqanlığım - yaddaşımdır.

Gündəlik sevinclər, minus unutduğum əzablarım - həyatımın sevincləridir.

Bütün insanlar, minus məni qane etməyənlər - bu, mənim təkliyim ola bilər.

Dünyanın var-dövləti, minus mənə lazım olmayanlar - mənim sərvətimdir.

Həyat bütün mənfi və müsbət cəhətləri ilə, sevgisi və ümidi ilə - mənim Həyatımdır. 

RUHUN GÜZGÜSÜ QARŞISINDA 

Sükut ruhun güzgüsüdür.

Yalnız sükutda ürəyinin döyüntüsünü eşidə bilərsən. Onu dinləməyə çalış.

Qaranlıq qüsurlarının güzgüsüdür.

Yalnız qaranlıqda onların nə qədər dərin və qara olduğunu görə bilərsən. Bu dərin uçuruma nəzər sal.

İnsan bütün sualların güzgüsüdür.

Əsası odur ki, suallara cavab axtarmağında dayanmayasan. Səni düşündürən hər şeyi dərk et.

Yer kürəsi addımlarının güzgüsüdür. Orada sənin bütün həyat yolun əks olunur: haradan gəldiyin və hara getdiyin. Ətrafına baxın.

Səma ümidin güzgüsüdür. Ümid göylərəcən yüksələndə sənin həyatının məqsədinə çevrilir. Xəyallarını buludlara qədər yüksəlt.

Kainatın bütün güzgülərinə bax ki, özünü olduğun kimi deyil, ola biləcəyin kimi görə biləsən. 

SÜKUTUN RUHUNU TAPACAQSANMI... 

Yalnız İnsanın və Sükutun ruhu var.

Sükutun yaradıcıları İlahi başlanğıcın yaradıcılarıdır.

Onlar şairlərdən, rəssamlardan, bəstəkarlardan da möhtəşəmdirlər.

Kainatın Yaradanı ilk sözü səsləndirəndə, sükut partladı və qalaktikalar ulduzlar, planetlər yarandı... Günəş, Yer kürəsi və onun üzərində yaşayan hər bir canlı zahir oldu.

Sükut, Zaman kimi, əbədidir.

Sükutun yaradıcıları onu xaos, səs kakofoniyası, qışqırıq, dava-dalaş, səs-küy aləmində tapırlar.

Sükutu dərk etmək, onun ruhunu anlamaq Yaradanın yolunu dərk etmək, anlamaq deməkdir. Bu yolu özün üçün açmaq və onunla öz Ulduzuna qarşı getmək deməkdir. 

Yalnız Sükutu tapdıqda sən ürəyinin necə döyündüyünü, onun Kainatın Sükutu ilə nədən danışdığını eşidə bilərsən. 

TALEYÜKLÜ İNSAN 

Başqa bir insana atılan daş nə hiss edir?

Daş özü uçuş yolunu dəyişdirə və yan uçaraq heç kimə dəymədən yerə düşə bilərmi?

Birinin sonradan bu daşı yerdən qaldıracağına və məbədin təməlinə qoyacağına ümid varmı?

Bəlkə yerə düşmüş bu daşı qaldırmaq Taleyin hökmü ilə sənə nəsib olacaq? Bəlkə bu taleyüklü insan Sənsən? 

KAİNATIN SƏSLƏRİ 

Bütün ulduzlardan, planetlərdən, qalaktikalardan, göyün yüksəkliyindən, yerin alt qatlarından görünən və görünməyən aləmin səsləri gəlir.

Ulduzlar, qalaktikalar, planetlər, dağlar, çəmənliklər, göllərin bir-biri ilə danışıqlarının səsləridi.

Bu kainat dilinə qulaq asan Yer kürəsi insanların bunu niyə eşitmədiyini başa düşə bilmir. O, eşitdiklərini insanlara anlaya biləcəkləri bir dildə çatdırmağa çalışır: yağışın şırıltısı, meşənin səs-küyü, dənizin pıçıltısı dilində. Səma, işıq, zülmətin işarələri ilə izah edir.

Lakin insanlar yağışdan çətir altında gizlənir. Meşədə yalnız doğranılıb oduna çevrilə bilən ağacları görürlər. Dənizə yalnız balıq ovu üçün çıxırlar. Peyğəmbərlik  işarələri ilə dolu Səma isə insan üçün getdikcə daha əlçatmaz və görünməz olur.

Ən çox insanlara ünvanlanan Kainatın səsləri hər kəsə çatır, insanların özündən başqa.

Lakin Kainatın da, insanların da ümidləri oxşardır. Əsası odur ki, dinləyəsən, eşidəsən və başa düşəsən. 

İŞIĞI GÖZLƏYƏRKƏN 

Bəzən gözlənilmədən yandırılan işıq insanın gözlərini qamaşdırır və bir müddət görmə qabiliyyətini itirir.

Bəzən işıq uzaq səmada parlayır, onu işıqlandırır və yerə çatmadan sönür.

Kimsə belə halda Taleyinin işarəsini görür. Bu mesajın mənasını açmağa çalışaraq insan Həyatının sirlərini öyrənməyə başlayır.

Belə də olur ki, uzaqda görünən bir işartı insana xoşbəxtliyə aparacaq yolu göstərir. Fortunanın yol göstərən parıltısı bizi səsləyir.

Lakin taleyimizin ən həlledici işığı Təfəkkürümüzün işığıdır.

Əgər o işıq gözləri qamaşdırmırsa, ya da görünmədən sönmürsə, insanı oyadır və Həyat yoluna çıxarır.

Belə işıq bizi yeni Kəşflərə aparır.

Bizdə biliyə və anlayışa həvəs yaradır.

Həyatımızı möcüzələr üçün açıq edir.

Bizdə həyat eşqi oyadır ...

Əgər görünmədən sönmürsə...

İNSAN DAĞ KİMİDİR 

Hətta ən uca dağ yalnız üfüqdən yuxarı qalxan, ucalan və öz əzəmətində sanki donmuş yer qabığıdır.

Dağ özü özlüyündə heç bir fayda gətirmir. Əksinə, yolların, boru kəmərlərinin çəkilməsinə, evlərin inşasına mane olur... Həm də doğan günəşin qabağını tutur.

Lakin geoloq dağa gələndə, onu öyrənməyə başlayanda, onun daxilində gizlənmiş təbii sərvətləri axtaranda, dağ əsl xəzinəyə dönür.

Dağ yüzlərlə insanı zənginləşdirir. Çox vaxt böyük şəhərlər dağ ətəyində salınır. Dağın dərinliklərindən aşkar olunan sərvətlər sayəsində insanlar qidalanır, geyinir, yeni axtarışlar üçün ilham alır.

İnsan da dağ kimidir. Ona xas olan istedadları axtarmağa başlamayınca, bütün qabiliyyətlərini istifadə etməyi öyrənməyincə, insan faydasızdır, həm özü, həm də başqaları üçün.

Ancaq digər yaradıcı insanlardan nümunə götürərək, yaxud  şüurunda birdən parlayan impulsa tabe olaraq  insan öz unikallığını, həyatda əsas missiyasını axtarmağa başlasa, şübhəsiz ki, o, özündə gizli istedadlarını, əvvəllər istifadə olunmamış fürsətləri aşkar edəcək, bununla da onun həyatı möcuzəvi şəkildə dəyişəcək.

İnsan öz daxili sərvətlərinin tədqiqatçısına çevrilir. O, daim axtarışdadır. Həyatın sirlərinə bələd olur, dünyanın sehrini, düşüncələrin dərinliyini, toxunuşun, baxışların, səslərin gözəlliyini kəşf edir.

Günəşin şüaları altında göy qurşağı rəngləri kimi parlayan bu kəşflər onu əhatə edən dünyanı bəzəyir. Misli görünməmiş rənglərə və çalarlara boyayır. Həyatı daha parlaq və daha maraqlı edir.

Bunun üçün bəzən tək bir impuls kifayətdir. Bir dayanacaq. Bir yeni baxış.

Təəssüf ki, çoxları bunu bacarmır.

Bəlkə sənin bəxtin gətirər... 

ÖZ PAPAĞINLA DANIŞ 

Artıq o xatırlamır ki, bu məsləhəti ona kim vermişdir:  məsləhətləşməyə adam tapmadıqda papağını qoy qabağına və onunla danış.

Bu məsləhət Onun xoşuna gəlmişdi.

İnsanlarla ötəri görüşdüyü üçün kiminləsə danışmaq günü-gündən daha da çətin olurdu.

İnsanlar bir yana qalsın! Həyat özü ona ötəri toxunurdu.

Ancaq həyatı tutub saxlamaq mümkün deyil. Dayandırmaqda mümkün deyil.

Elə bil Tale özü onun bütün planlarını həyatın tozlu yolları boyunca dağıtmaq üçün gündəlik narahatlıqlarından bir qamçı düzəldib ki, heç bir şeyin dəyişdirilməsinə imkan verməsin.

Yalnız  papağını başından götürəndə, yalnız ondan iki əllə yapışanda, o, qısa bir müddət ərzində Tale tərəfindən qoyulmuş tempi dayandıra və ürəyini boşalda bilirdi.

Təəssüf ki, həyatı yeni bir şəkildə yenidən dərk etməyə imkan verən bu kəşf heç kim tərəfindən qəbul edilmədi.

Hər kəs müvəffəqiyyət ardınca qaçmağa o qədər tələsirdi ki, hətta papaqları ilə danışmağa macal tapa bilmirdilər.

O, yalnız bir gün ən yaxşı dostlarının necə toplaşacağını, papaqlarını çıxardacağını və bəlkə də illər sonra ilk dəfə səmimi danışacaqlarını xəyal edə bilərdi.

Vidalaşaraq belə, onlar papaqlarını əllərindən buraxmayacaq, yalnız harasa tələsən insanlarla dolu küçədə onları başlarına qoyacaqlar.

Yaronimas LAUTSÜS

 





24.09.2020    çap et  çap et