525.Az

Azərbaycanda peşə təhsilinin yeni yüksəliş mərhələsi


 

Azərbaycanda peşə təhsilinin yeni yüksəliş mərhələsi <b style="color:red"></b>

"Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri, əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır... Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meylləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq... Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci ildə yeni Təhsil nazirimizi videoformatda qəbul edərkən söylədiyi bu fikirlər ölkənin peşə təhsili ictimaiyyəti üçün proqram sənədinə çevrilib. Azərbaycanın peşə təhsili müəssisələri yeni tədris ilinə bu konseptual məqsəddən doğan böyük ruh yüksəkliyi ilə başlayıblar.

Yarım əsrə yaxın zəngin təhsil ənənələri olan, regionun əmək bazarına müvəffəqiyyətlə daxil olan Qəbələ peşə təhsili müəssisəsi respublikada son 3 ildə yaradılmış 10 Dövlət Peşə Təhsil Mərkəzindən biri olmaq statusuna yüksəlib.

Bu, bizim üçün böyük şərəf olmaqla, məsuliyyət də doğurur. Əlbəttə, hər bir təhsil subyektinin gücü onun maddi-texniki bazasının zənginliyi, kadr potensialının yüksək peşəkar tərkibdə olması ilə şərtlənir. Bu cəhətdən biz hər cür dövlət qayğısı ilə əhatə olunmuşuq.

İndi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi az qala qabaqcıl xarici ölkələrin təhsil müəssisələri ilə müqayisə olunacaq Kampusu - Təhsil Şəhərciyini xatırladır. Yüksək keyfiyyətli təhsil verilməsi üçün müxtəlif peşə istiqamətləri üzrə dövlət təhsil standartlarının bütün tələblərinə cavab verən zəngin infrastrukturumuzu bu ali dövlət qayğısının təzahürü hesab edirik. 1. 300 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli və üçmərtəbəli tədris korpusları, 2,6 hektar ərazidə tədris - istehsalat sahəsi, zəngin təlim-texniki vasitələrlə təmin olunmuş ümumi sayı 150-yə çatan auditoriyalar, fənn kabinetləri, laboratoriya və tədris emalatxanaları, 280 yerlik konfrans zalı, fondu minlərlə ölçülən kitabxana, iki böyük qazanxana, 80 yerlik yataqxana, tələbə və müəllim yeməkxanası, kompüter - informasiya mərkəzi, habelə təlim məqsədləri üçün alınmış ağır və kiçik qabaritli kənd təsərrüfatı texnikaları, dəzgahlar, aparatlar, qaynaq qurğuları, iaşə avadanlıqları tələbə və mühəndis - pedaqoji heyətimizin ixtiyarındadır.

Tədris ilinə müvəffəqiyyətlə başlamışıq. İlk uğurlu faktımız odur ki, cari tədris ilində Mərkəzə tələbə qəbulu, demək olar ki, iki dəfə artırılıb. 21 ixtisas üzrə planlaşdırılan 740 nəfər tələbə qəbulu proqnozu 80 faizədək yerinə yetirilib, 500 nəfər tələbə sıralarına qəbul edilib və dərslərə başlayıblar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkənin tədris müəssisələrində tədrisin təşkili ilə bağlı qarşıya qoydugu vəzifələrə müntəzəm əməl edirik. Belə ki, hazırda kütləvi dezinfeksiya tədbirləri başa çatdırılıb, qruplarda tələbə sıxlığı göstəriciləri tənzimlənib, təhsilalanlara və təhsilverənlərə bütün tibbi-profilaktik qaydalar izah olunub, auditoriyalarda ara məsafələri nizamlanıb. Dərs cədvəlləri vəziyyətə uyğun olaraq gündəlik və növbəli əsaslarla tərtib edilib, digər zəruri tədbirlər görülüb.

Yeri gəlmişkən, ötən dərs ilimiz bir sıra diqqətəlayiq nəticələrlə əlamətdar olub. Biz Almaniya və Koreya təcrübəsini fəaliyyətimizə gətirmək istəyirik. Bu, dual (ikili ) təhsil proqramı deməkdir. İndi Avropa ölkələrində peşə təhsilinin 40 faizi nəzəri təlimlərə, 60 faizi qazanılmış biliklərin istehsalatda mənimsənilməsinə həsr olunur. Sınaqlar bu tənasübün əmək bazarı üçün olduqca müvəffəqiyyətli olduğunu sübut edir. Artıq Mərkəzimizdə belə bir texniki əməkdaşlığa başlanılıb. Almaniya ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə seçilmiş 3 pilot rayondan biri bizik (Digərləri isə Qax və İsmayıllı rayonlarıdır). Bu layihədə bizim Təhsil Mərkəzi lider seçilib. Qarşıdakı illərdə bütün yaradıcılıq gücümüzü və texniki imkanlarımızı dualpeşə təhsili və təlimi üzrə regionda avanqard rola sahib olmağa fokuslamışıq.

Bizim üçün yeganə prioritet səriştə əsaslı, rəqabətqabiliyyətli kadrlar hazırlanması, onların əmək bazrında real yerinin müəyyən olunmasıdır. Bu məqsədlə hələ ötən ilin axırlarında "Karyera Mərkəzi" yaratmışıq. Məzunlarımız, onların məşgulluq imkanları, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurulmuşdur. İxtisaslı fəhlə kadrlarından tutmuş hər bir məzunumuzun bacarıqlı istehsalat komandirləri səviyyəsinədək uzanan məzmunlu həyat yolunu izləmək, karyera inkişafında vəsilə olmaq bu Mərkəzin əsas devizidir.

Fəaliyyətimizin digər ana xəttini dövlət-özəl partnyorluğu təşkil edir. Yerli istehsal nümunəli brend məhsulları ilə tanınan Qəbələ "ASPİ Aqro" Üzümçülük Məhdud Məsuliyyətli Cəmiyyəti, "Gilan Holdinq Dairy" İstehsal Müəssisəsi, "Qafqaz" Otellər Şəbəkəsi indi tələbələrimizin ugurlu təcrübəsinin və gələcək daimi məşğulluğunun ünvanına çevrilmişdir. Məzunlarımız burada böyük həvəslə çalışmaqdadırlar.

Bu məqsədlə həm də Qəbələdə fəaliyyət göstərən sahibkarların və işəgötürənlərin geniş dairəsini əhatə edən Koordinasiya Şurası da yaratmışıq. Onların tələb və təklifləri, təhsil və kadr hazırlığı prosesində iştirakı, istehsalat təcrübələrinə, habelə məzunların attestasiyasına bilavasitə cəlb olunmaları vəhdət halında Təhsil Mərkəzimizin uğurlarını artırmaqdadır.

Axı, biz tələbələri təkcə kamil peşə sahibləri kimi görmürük, onların həm də şəxsiyyətyönlü, biznes təfəkkürlü, yaradıcı, novator yetişdirilməsini başlıca prioritet sayırıq. Mərkəzdə yaradılmış "Biznes inkubatoru" məhz, bu niyyətimizi əks etdirir. Təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, reklam yaradıcılığı qabiliyyəti, əmək bazarının çağırışlarını dərk etmək, daim dəyişən, yenilikçi, mobil və innovativ ideyalara sahib olmaq vərdişləri aşılamaq "Biznes inkubatoru"nun fəaliyyət proqramıdır. Bu, "qara qızılı insan kapitalına çevirək" - deyən dövlət başçımızın qeyri-neft sektorunun inkişafına bu yolla dəstək vermək məramımızdan irəli gəlibdir.

Biz gələcəyə böyük inamla baxırıq. Bu əzmi bizdə ölkə rəhbərliyi, Təhsil Nazirliyinin yeni proqram sənədləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni islahatlara start verməsi ikiqat artırıb. Yuxarıda sadalanan kompleks tədbirlərin fonunda həmin dəstək və qayğıdan ruhlanaraq Mərkəzimizin inkişafı üçün Layihə-konsepsiya hazırlayırıq. Ondan məqsədimiz budur: Mərkəzin simasında ölkədə və regionda öz seqmentində lider mövqeyinə sahib, modern peşə məktəbinin (MPM) nümunəsini yaratmaq. Demək olar ki, bütövlükdə dövlət-biznes əməkdaşlıgına əsaslanan bu layihə öz proqram müddəalarını "Azərbaycan Respublikasında Peşə Təhsili və Təliminin İnkişafı üzrə Strateji Yol Xəritəsi"ndən götürüb. Şərti olaraq Modern Peşə Məktəbi adlandırdığımız layihənin mahiyyətini ümumiləşdirilmiş qısa tezislərlə belə xarakterizə etmək mümkündür:



- Tədrisin optimal yollarla təşkili sayəsində azad olmuş 1300 kvadratmetrlik ikinci tədris korpusunun 2 və 3 ulduzlu otellərə rekonstruksiya edilməsi;

- Dövlət-biznes əməkdaşlığı çərçivəsində Mərkəz ərazisində müxtəlif təyinatlı xidmət obyektlərinin - bərbərxana, gözəllik salonu, əl qaynağı sexi, dülgər və xarrat emalatxanaları, tədris mərkəzi, özəl bağça açılması;

- Mərkəzin yataqxana ərazisində respublika təhsil işçilərinin istirahətini nəzərdə tutan "Müəllimlər Evi"nin - 2 və ya 3 mərtəbəli yaşayış kooperativinin tikilməsi;

- Ərazinin əlverişli məkana açıq olan hissəsində avtomobillərə bütün növlər üzrə texniki qulluq göstərən çoxfunksiyalı xidmət məntəqəsinin açılması.

Şərh olunan layihə üzrə proqnozlaşdırılan gözləntilərimiz yerli turizmin inkişafına töhfələr, iş yerlərində istehsalat təcrübələrinin təşkili, məzunların gələcək real məşğulluq imkanlarının təmin olunmasıdır. Layihənin ölçülə bilən meyarları qismində regionda peşə cəlbediciliyinin hazırkı 600-700 nəfərdən 1000 nəfərədək yüksələcəyini, peşə təhsilinin yerli əmək bazarı üçün spesifik olan turizm və aqrar sektorlar üzrə ixtisaslaşacağını, habelə Mərkəzin stabil gəlirlər indeksinin formalaşacağı təqdirdə kollektivin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılacağını düşünürük. Nəticə indikatorlarının isə işəgötürənlərin peşə təhsilinə və təliminə tam inteqrasiya olunmasında, bir sözlə, peşə təhsilində bütün parametrlər üzrə keyfiyyət dəyişikliyində MPM-in lokomotiv rola sahiblənməsində görüruk.

Konsepsiya-layihənin reallaşacağı təqdirdə Təhsil Mərkəzinin dövlətdən asılılığı minimuma endirilməklə günün çağırışlarına cavab verə bilən modern bir məktəbin nümunə modeli yaradılmış olacaq.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2020-2021-ci tədris ilinə belə bir zəngin proqramla gəlib. Ümidvarıq ki, qarşıdakı illərdə əmək bazarının ən yaxın tərəfdaşına ölkənin sənaye və iqtisadi inkişafına layiqli töhfələr verə biləcəyik.

Namik MURADOV
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





24.09.2020    çap et  çap et