525.Az

Meh - Fidan Malik yazır


 

Meh - <b style="color:red">Fidan Malik yazır </b>

"Sevdiyin hər şey çox güman ki, bir gün itəcək, lakin sevgi əvvəl-axır fərqli bir şəkildə qayıdacaq"

Frans Kafka

O gün çox erkən çəkildi otağına. İşıqları söndürdü. Balaca lampasını da yandırmadı. Yorğanını açıb yerinə səssizcə uzandı. Sonra yorğanı büsbütün başına çəkdi. Gözlərini yumdu. Gözünün kənarından bir damcı yaş süzülüb, incidən bir xal kimi bəzədi gül yanağını. Sonra da yuvarlanıb yastığının üstünə düşdü. Yastığın cimcimə güllərdən olan naxışlarının arasında gözdən itdi.

Gecənin səssizliyində burnuna bir qoxu gəldi. Bir meh toxundu üzünə. Bir də bir cüt şehli ləçək. Azacıq da çiyələk ətirli. Sonra o meh gecəliyinin yaxasından içəri keçdi. Sardı-sarmaladı onun balaca, zərif boynunu. Oxşadı. Saçlarını qoxladı. Bayaqdan üşüyən bədəni yavaş-yavaş isinməyə başlandı. Gözlərini qorxa-qorxa açdı. Ətrafa boylandı. Otaqda al-əlvan ulduzlar sayrışırdı. O gecə hamısı açıq qalan pəncərədən süzülüb onun otağına gəlmişdi. Hər tərəf çilçıraq olmuşdu. Amma bilmirdi ki, bu ulduzlar bu gecə təkcə onun üçün parlayırdılar. Ehtiyatla dikəldi. Balaca əllərilə alnından süzülüb gələn ilıq tərini sildi. Meh artıq yox idi. Amma bayaqkı qoxu elə bil, onu çağırırdı. Nazik yorğanını üstündən atdı. Ayağa qalxıb qoxunun arxasıyca dəhlizə çıxdı.

Onu oyadan meh yenə toxundu qızılı saçlarına. Sevindi. Mehi bir də hiss etməyəcəyindən qorxmuşdu. Meh onu çağırırdı. Arxasıyca getdi. Mətbəxin qapısı aralı idi. İçəri isə qaranlıq. Meh ondan qabaq keçdi. Birdən başının üstündən bayaq otaqda sayrışan ulduzlar topayla gəlib mətbəxə girdi. İçəri al-əlvan oldu. Elə bil, dünyanın bütün işıqları ora toplanmışdı. Sonra topayla kürəyindən ehmallıca itələyib onu içəri apardılar. Mətbəxin qapısı bağlandı. Orada bir meh, bir o, bir də ulduzlar qaldı. Hə, bir də o baş gicəlləndirən qoxu...

O gecə mətbəxə heç kəs gəlmədi. Nə su istəyən oldu, nə də qapısının şüşəsindən işığı sezən. Bəlkə də, o gecə hamı bilərəkdən yuxuya verilmişdi.

Mətbəxdə iki balaca əl dirijorluq edirdi. Süd yağa qarışmışdı. Yağ mayaya. Hələ un... Ələndikcə dənələri havada uçuşur, sonra narın-narın, yağış kimi aşağı enirdi. O gecə hər kəs onun əmrinə tabe idi. Sonra hamısı birləşdi, balaca əllərin istisindən yoğrulub bir yerə toplaşdı. Yumaq oldu. Balaca əllər yumağın üstünü örtdü. Yumaq dərin yuxuya getdi. Qalan hər şey yavaş-yavaş öz qutularına, qablarına qayıtdı. Elə bil burada heç nə olmamışdı. Heç nəyə toxunulmamışdı. Meh onun gözlərinə toxundu. Gözünün yuxarı uzun kirpikləri yavaş-yavaş sallanıb, aşağıdakılara qarışdı.

Günəş çoxdan çıxmışdı. Pəncərədən düşən şəfəqlərilə "oyan-oyan", deyə onun yanaqlarına toxunurdu. O, gözlərini açdı. Ətrafa həyəcanla boylandı. Nə ulduzlar var idi, nə də çiyələk ətirli meh. Amma o qoxu... O, yenə gəlirdi. Yorğanını tələsik üstündən atıb ayaqyalın mətbəxə qaçdı. Qapısını açıb içəri girəndə stolun üstündə dəsmalla örtülmüş, günəş kimi qızarmış südlü çörəyi gördü. Yaxınlaşıb çörəyi iylədi. Çörəyin ətrini içinə çəkdi. Bu, həmin qoxu idi. Onu gecə oyadan qoxu. Anasının südlü çörəyinin qoxusu.

Arxadan bir əl toxundu qızılı saçlarına. Diksinib arxaya çönəndə nənəsinin gözəl üzünü gördü. Gözləri doldu. Yaşlar incilər kimi topalanıb kirpiklərində dayandı. O, əllərini açıb nənəsinin boynuna sarıldı. Nə isə demək istəyirdi ki, yenə mətbəxin aralı qalan qapısından bir meh girdi içəri. Onun üzünü tumarladı. Sanki "Sus! Sirrimizi heç kəsə demə!", deyə balaca dodaqlarına toxundu. Balaca əllər bir az da bərk sarıldı nənəsinə. Amma bu dəfə həyəcanla yox, məmnunluqla. Bəlkə də bu gecə yaşadığı bir yuxu idi, amma artıq bilirdi ki, o, darıxan kimi, anası süd çörəyinin ətrilə, sayrışan ulduzlarla, günəşin şəfəqlərilə, mehin ilıq nəfəsilə onun yanına gələcək.

 





25.09.2020    çap et  çap et