525.Az

Məktəb direktoru vəzifəsinə qəbul: yeni qaydalar, real göstəricilər


 

Məktəb direktoru vəzifəsinə qəbul: <b style="color:red">yeni qaydalar, real göstəricilər</b>

2019-cu ilin iyul ayında elan edilən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, uğur qazanan və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.

Artıq neçə ildir ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron sistem vasitəsilə keçirilir.

Müəssisələrdə mövcud olan vakansiyalar müəyyənləşdirilmiş zəruri məlumatlar qeyd olunmaqla yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan olunur.

Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və namizədlərin tələblərə cavab verən elektron ərizələri təsdiq edilir. Bu mərhələdə namizədlərə 4 vakant yer seçmək imkanı verilir.

Müsabiqənin ikinci - imtahan mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Ümumi sualların 40 faizi (24 bal) təşkil edən keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

Müsabiqənin üçüncü - müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.

Müsahibəyə dəvət olunanlar təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanıldıqdan sonra müsahibə komissiyasının qarşısına buraxılır. Burada onların idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar üzrə qabiliyyətləri qiymətləndirilir. Həmin qiymətdən asılı olaraq, elə komissiya tərəfindən yerləşdirmə aparılır. Namizədin hansı vakant yerə yerləşdiriləcəyinə isə müsabiqə komissiyası qərar verir. Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmır. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verir. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilir.

Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.

Müsabiqənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər.

Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda şagird sayı daha çox olan məktəblərə yerdəyişməsinə icazə verilir. Bu zaman son 3 il ərzində məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilir.

Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Direktorlarla bağlanmış əmək müqavilənin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə müddəti Nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadılır. Qeyd edilən tələblər çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadımasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir.



Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, test imtahanında iştirak edərək müvafiq keçid balını toplayan namizədlər mərhələli şəkildə müsabiqənin yekun müsahibə mərhələsinə qatılırlar: "Müsahibələrə ilkin mərhələdə vakant yerlərin çoxluq təşkil etdiyi şəhər və rayonlar üzrə olan namizədlər dəvət edilir".

E.Bağırov hər zaman direktor vəzifəsi üzrə vakant yerlərə peşəkar və səriştəli direktorların təyin edildiyini deyir: "Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb. Amma ümumilikdə götürsək, orta yaşlı namizədlər çoxluq təşkil edir. Mövcud qanunvericiliyə əsasən, direktor olmaq üçün namizədin 5 il pedaqoji stajı olmalıdır. Ancaq hətta stajı az olan bir çox namizəd müsabiqəyə qatılmaq üçün müraciət edir. Təbii ki, stajı az olan namizədlərin elektron ərizəsinə imtina verilir. Odur ki, müsahibələrə qatılan şəxslər stajlı, təcrübəli namizədlər olur".

Ancaq müsahibəyə dəvət olunmaq hələ direktor olmaq demək deyil.  Şöbə müdiri bildirib ki, bəzən keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə, lazımi səviyyədə göstərə bilmirlər: "Nəticədə də onlarla bağlı qərar mənfi olur. Ümumilikdə, ildən-ilə dəyişən odur ki, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıq əvvəlki illərlə müqayisədə daha qaneedicidir. Artıq Nazirlik tərəfindən ancaq yekun, müsahibə mərhələsi təşkil olunur. Namizədlərin sayının çox olduğunu nəzərə alaraq bunu mərhələli şəkildə həyata keçiririk".

Azərbaycanda kənddən-şəhərə bütün məktəblər dəyişir. Təhsil müəssisələrinin görünüşü müasirləşir, müəllimləri gəncləşir. Təbii ki, belə məktəbləri idarə edənlər də çevik, səriştəli, bacarıqlı və peşəkar olmalıdırlar.  Məktəblərə  məhz  bu  tələblərə  cavab  verən layiqli direktorların göndərilməsi üçün mərhələli seçim prosesi həyata keçirilib və 4 mərhələni uğurla başa vuran müəllimlər direktor kimi işə başlayır.

Elan edilən müsabiqənin nəticəsinə əsasən aparılan bu təyinatlardan biri Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbi ilə bağlıdır.

Günay İsmayılova məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. 12 il əvvəl Lənkəran Dövlət Universitetini bitirib məktəbə gələndə ilk dəfə sinfə daxil olduğu günü belə xatırlayır: "2007-ci ildə ali məktəbdən məzun olub məktəbə təyinat aldım. Amma ailə vəziyyətimlə bağlı bir il sonra təyinat yerimdə işə başlaya bildim. Siniflərdə şagirdlər arasında qızların sayının nisbətən az olması diqqətimdən yayınmadı. Məktəb direktorunun təlimatı ilə evlərə gedir, ailələrlə söhbət edirdim. Gənc olaraq məktəbdə işə başlayan kimi qızların məktəblərə göndərilməsi üçün hər fürsətdə valideynlərlə söhbət edirdim. Həm məktəbdə gənc qadın müəllimin olması, həm də söhbətlərimiz işə yaradı və yavaş-yavaş siniflərdə qızların sayı artmağa başladı. Təsəvvür edin ki, 2010-cu ilə qədər kənddən bir qız belə ali təhsil almamışdı. Amma artıq hər il məktəbimizdən ali məktəbə qəbul olunan olur".

Məktəbin keçmiş direktorunun təqaüd yaşına çatması ilə Günay müəllimin direktorluq məsələsi gündəmə gəlib. O vaxta qədər təşkilati işlərin yerinə yetirilməsində fəallıq göstərdiyi üçün direktor vəzifəsinin icrası da məhz ona tapşırılıb: "Neçə il idi ki, direktor vəzifəsini icra edir və direktorların işə qəbulu imtahanlarına qatılırdım. Nəhayət, müsabiqədə göstərdiyim nəticələr mənə etimad göstərilməsinə imkan verdi. Belə bir şərait yaratdığına görə də Təhsil Nazirliyinə minnətdaram. Təyinatla gəldiyim üçün imtahan verib işə başlamağın məsuliyyətini hiss etməmişdim. Direktorların işə qəbulu üzrə müsabiqə bu həyəcanı və imtahanla, seçimlə vəzifəyə təyin olunmağın qürurunu mənə yaşatdı. Təbii ki, mən də bu etimada layiq olmaq üçün əlimdən gələni edəcəyəm".

Gənc direktorun sözlərinə görə, 2014-cü ildə istifadəyə verilən ən müasir məktəbdə 28 nəfərlik müəllim kollektivinə rəhbərlik etmək onun üçün bir başlanğıcdır: "Artıq bir neçə ildir ki, məktəbimizin göstəriciləri yüksəlir".

Gənc məktəb direktoru məktəbini idman meydançalarında da, yaradıcılıq sərgilərində də, bilik yarışlarında da eyni dərəcədə uğurlu görmək istəyir: "Məktəblilərimiz neçə ildir ki, olimpiadalara qatılır. Doğrudur, hələ yer tuta bilməmişik, ancaq bu yolda davam etməkdə qərarlıyıq.  Rəsm müsabiqələrinə də qatılan, ancaq hələlik yer tuta bilməyən şagirdimiz var. Onun bu bacarığından məktəbimizdəki tərtibat işlərində istifadə edirik". 

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





25.09.2020    çap et  çap et