525.Az

Əllərimiz qanamasın! - Şahanə Müşfiq yazır


 

Əllərimiz qanamasın! - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Şiddətin, haqsızlığın artdığı bir zamanda, insanların təbiətə, çevrəsinə, bir-birinə, hətta özlərinə belə qənim kəsildiyi cəmiyyətdə baş çıxarmaq, hər gün tonla üstünə yağan şiddət, ağrı-acıyla dolu xəbərlərə etinasız yanaşmaq çətin, bəzən mümkünsüzdür.
 
Hərdən insan öz-özünə sual verir: "Axı nə oldu, nə yedik, nə içdik, nə yaşadıq ki, bu qədər amansızlaşdıq? İnsanoğlu əvvəldənmi bu qədər qəddar idi, sonradanmı dəyişdi?  "Gün keçdikcə ətrafımızdakı mutsuz, həvəssiz, duyğusuz insanların sayı durmadan artır. Doğrudan da, görəsən, insan nə zaman şiddətə meylli olur? Axı heç kim ana bətnindən aqressiv, əsəbi, azğın gəlmir...

***

Yeni mövsümdən qardaş Türkiyə teleməkanında təzə və fərqli bir serial yayımlanmağa başlayıb. Psixoloji dram janrında olan bu ekran işi təkcə Türkiyədə deyil, Azərbaycanda da hamının dilində, maraq dairəsindədir. "Qırmızı otaq" ("Kırmızı oda") serialında bir psixiatriya mərkəzində xəstələrlə söhbət və onları narahat edən problemlər mövzu kimi seçilib. Cem Karcının rejissoru olduğu ekran işinin ssenarisi Banu Kirəmitçi Bozqurdundur.

Ekran əsərinin özəlliyi ondadır ki, danışılan bütün hekayələr gerçək həyatdan götürülüb. Belə ki, serialın ssenarisi Ankaradakı "Özəl Medalyon" psixiatriya mərkəzinin yaradıcısı, psixiatr, yazıçı Gülsərən Budayıcıoğlunun şəxsi təcrübələri əsasında yazdığı "Medalyonun içi" kitabından götürülüb.

Fikrimcə, "Qırmızı otaq"ı bu qədər maraqlı və fərqli edən həm də hər seriyanın əvvəlində söylənən fikirlərdir. Orda deyilir: "Şiddət uşaqlıqda öyrənilən və daha sonra avtomatik reaksiya halına gələn, insanoğluna heç yaraşmayan vəhşi və ilkin davranış növüdür. Verilən ağır cəzalar bu günə qədər şiddəti dünyanın heç bir yerində dayandıra bilmədi. Çünki şiddət köklərini uşaqlıqdan alır. Ən çox yayılan növü isə psixoloji şiddət dediyimiz, uşağın ən yaxınları tərəfindən alçaldılmağı, dəyərsizləşdirilməyi və ən önəmlisi sevilməməyidir. Uşaqkən aldığımız yaraların sonrakı həyatımızda bizi haralara götürdüyünü görərkən bir az hüznlənsək də, şiddəti kökündən qurutmaq üçün yola çıxaq və birlikdə şiddətin hər növünə "dur" deyək".

Bu serialla tanış olandan sonra yuxarıda sadaladığım suallara bir-bir cavab tapıram sanki. Deməli, bütün sirr uşaqlıqdadır. İnsanın uşaqkən yaşadıqları onun həm düşüncələrinə, insanlara və dünyaya baxışına, həm də bütün gələcəyinə təsir göstərir. Xüsusən, sevdiklərimiz, ən yaxınlarımız tərəfindən uşaqkən gördüyümüz münasibət bizim də ən yaxınlarımıza olan münasibətimizin kökü rolunu oynayır.

Serialda psixiatrın tez-tez işlətdiyi bir cümlə var: "İnsan sevməyi sevilərək öyrənir". Demək ki, burda da təməl problem də, onun həlli də sevgidir. Gözünü açıb valideynindən sevgisizlik, fiziki və psixoloji şiddət görən uşaq sabahın şiddətə meylli, azğın fərdinə çevrilir. Bir mütəfəkkirin dediyi kimi, uşaqlarımızın qarınlarını və zehnini doyurduğumuz qədər ruhlarını da bəsləməliyik.

Məhz buna görədir ki, valideyn olmaq daha artıq məsuliyyət, daha çox diqqət tələb edir. Öz daxilində sevgini böyüdə və bunu ətrafına, ailəsinə göstərə bilməyən insan nə şəxsiyyət ola bilər, nə də valideyn. Çünki övladlara nəsihətdən daha çox nümunə olmaq lazımdır. Bir uşaq üçün valideyninin heç sevmədiyi hərəkəti belə nümunədir və gələcəkdə onu özü də hiss etmədən təkrarlayacaq. Atasının, anasının fiziki şiddətindən əziyyət çəkən uşaq böyüyəndə öz övladına eyni cür davranır. İçki düşkünü, döyüb-söyən atanın qızı sabah məhz atasına oxşayan adamla ailə həyatı qurur və sair. Beləcə, bu zəncir nəsillərlə davam edir. Ta ki, birisi "ayılıb" bu problemin kökünü tapana, uşaqlıq travmalarından qurtulana qədər...

Nahaqdan deyilməyib ki, bir uşağın kiçikliyində aldığı ilk təəssürat bütün ömrüncə davam edər. Axı bağçasına gül əkən gül, qanqal əkən qanqal toplayacaq. Çalışaq, bağçamız gül-çiçəyə məskən olsun ki, əllərimiz qanamasın...

 





25.09.2020    çap et  çap et