525.Az

Məhəmməd Əmin Rəsulzadə haqqında yeni kitab


 

Məhəmməd Əmin Rəsulzadə haqqında yeni kitab<b style="color:red"></b>

Bu yaxınlarda Moskvanın "Maska" nəşriyyatı tarix elmləri doktoru, AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Aydın Balayevin "Məhəmməd Əmin Rəsulzadə. Yad ellərdə. 1922-1943" kitabını nəşr edib. M.Rəsulzadənin 130 illik yubileyinə ithaf olunmuş əsərin elmi redaktoru Paris İctimai Elmlər Araşdırmaları Ali Məktəbinin doktoru Georgi Mamulia, rəyçisi İzmir Ege Universitetinin professoru Yavuz Akpınardır. 264 səhifəlik bu sanballı kitab Moskvada yaşayan dəyərli yurddaşımız, görkəmli diplomat Ramiz Abutalıbovun xeyir-duası ilə işıq üzü görüb.

Son illərdə müxtəlif ölkələrin arxivlərində üzə çıxarılan elmi dövriyyəyə ilk dəfə buraxılan tarixi sənədlərə söykənmiş müəllif kitabda görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 1922-1943- illərdə qürbətdə keçirdiyi ən ağır mühacirət dönəmindəki fəaliyyətini yeni meyarlarla dəyərləndirir. Tədqiqatda Rəsulzadənin Azərbaycan siyasi mühacirətinin təşkilati qurumlarını yaratmaq uğrunda ilk addımlarından tutmuş onun Prometey hərəkatında bütün Qafqaz mühacirətinin liderlərindən biri kimi fəal iştirakınadək olan mühacirlik dövrünün müxtəlif mərhələləri əhatə olunub.

Kitabda Rəsulzadə ilə Azərbaycan Qafqaz mühacirətinin müxtəlif nümayəndələri arasındakı qarşılıqlı münasibətlərdə müşahidə edilən gərginliklərə, Azərbaycan Qafqaz mühacirətinin siyasi birliyinin yaradılması yolunda onun təşəbbüslərinin işıqlandırılmasına, eləcə bolşevik rejimi ilə çarpışmaqda olan Sovet imperiyasının hüquqsuz xalqlarının vahid cəbhədə çıxış etməsi uğrunda yorulmaz mübarizəsinə xüsusi diqqət yetirilib.

Əsər həm Məhəmməd Əmin Rəsulzadənin həyatını, həm Azərbaycan siyasi mühacirətinin tarixini öyrənmək istəyənlər üçün dəyərli örnəkdir.

Firəngiz AĞALAR

 





23.01.2014    çap et  çap et