525.Az

Stalin: "Azərbaycan az şey tələb edir..." - Müsəllim Həsənovun qeydləri


 

Stalin: "Azərbaycan az şey tələb edir..."  - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Tarixçə

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

Əs-Səltənə: Neft məsələsinə Azərbaycan məsələsindən sonra baxıla bilər
 

Bilirdinizmi ki, İranın baş naziri Qəvvam Əs-Səltənə Azərbaycanda (Cənubi Azərbaycanda) muxtariyyat elan edilməsinin İran konstitusiyasına zidd olduğu barədə sovet rəhbərliyinə müraciət edib?  

Moskvaya rəsmi səfərə gedən və orda qalmalı olan baş nazir Qəvvam Əs-Səltənə 1946-cı il fevralın 27-də Xalq Xarici İşlər Komissarlığının əməkdaşı P.Zudin vasitəsilə sovet rəhbərliyinə məktub təqdim edir.

O, məktubda sovet qoşunlarının İranda qalmasının və İranın daxilində muxtariyyat yaradılmasının İran xalqının qəlbində dostluq hisslərini zəiflədəcəyini xüsusi  vurğulayır.

Qəvvam: "Azərbaycan məsələsində bir daha diqqətinizi qədim dövrlərdən İranın ayrılmaz hissəsi olan Azərbaycanda muxtariyyat elan edilməsinə və hökumət yaradılmasına cəlb edərək, xatırladıram ki, əvvəl dediyim kimi, bu, nəinki İran konstitusiyasına ziddir, həm də İranda heç bir hökumətin qarşısını ala bilməyəcəyi çətinliklər yaradacaq hadisədir".

Baş nazir yerli hökumət yaratmağın və nazirlər təyin etməyin İran konstitusiyasını sarsıtdığını bir daha xatırladır və bildirir ki, mərkəzi hökumət yəqin yalnız bəzi idarələrin rəhbərlərinin təyin olunması, hətta əyalət Əncüməninin razılığı ilə vilayətə general-qubernator təyin edilməsi prinsipi ilə razılaşa bilər.

Azərbaycandan daxil olan vergilər, habelə təhsil və s. məsələlər əyalət Əncüməninin yaradılmasından sonra həll edilə bilər.

Qəvvam məktubunda təəssüf hissilə bildirir ki, bütün İran vətənpərvərlərini təmsil edən adamın (yəni özünün - M.H.) vədləri sovet hökumətini az maraqlandırır, nəinki ölkəmizin bütün qanunlarına zidd olaraq yeni Azərbaycan hökuməti yaratmağa cəhd edən azsaylı əhalinin iddiaları...

Neft məsələsinə gəlincə, ümid edirəm ki, Azərbaycan məsələsi və qoşunların çıxarılması öz həllini tapan kimi bu məsələ də həll ediləcək.

Qəvvam təklif edir ki, sovet hökuməti Azərbaycan məsələsinin həll edilməsinə və qoşunların çıxarılmasına razılıq versin və bununla da iqtisadi məsələlərdə, o cümlədən, neft məsələsində əməkdaşlığımızın əsası qoyulsun.

Məktubun sonunda qeyd olunur ki, Sizdən cavab alan kimi mən Tehrana uçuram və sonra danışıqlar Tehrandakı sovet səfiri ilə davam etdirilə bilər...

Baş nazir İ.Stalinə:

"Gilanın əhalisi narahatlıq və qorxu içindədir"

Bilirdinizmi ki, Qəvvam Əs-Səltənə Pişəvəridən narazılığını sovet rəhbərliyinə necə ifadə edib? 

Qəvvam Əs-Səltənə fevralın 27-də Cənubi Azərbaycanla bağlı sovet rəhbərliyinə daha bir məktub təqdim edir.

Məktubda deyilirdi: Şifahi danışıqlarımıza əlavə olaraq diqqətinizi aşağıdakı məsələlərə cəlb etmək istiyirəm:

1. Azərbaycanda yaranmış vəziyyət anarxiya və başıpozuqluqdan və İranın digər əyalətlərində də oxşar vəziyyətin yaranması üçün zəmin hazırlamaqdan başqa heç bir nəticəyə səbəb olmayacaq.

Belə olan halda isə heç bir hökumət ölkədə qayda-qanun və sabitlik yaratmaq məsuliyyətini öz üzərinə götürə bilməz.

Mən Moskvaya gəlməzdən bir neçə gün əvvəl Pişəvəri orduya çağırış elan etmişdi. O, Azərbaycan əhalisinə müraciət edərək, mərkəzi hökuməti devirmək üçün Tehran üzərinə yürüşə hazır olmağa çağırmışdı. 

2. Mən Moskvada ali sovet rəhbərliyi ilə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması barədə danışıqlar apardığım vaxt teleqram almışam ki, silahlı Azərbaycan dəstələri Gilan istiqamətində hərəkət ediblər, əvvəl Haştbar, sonra isə Qarhanqurd kəndlərini tutublar.

Qəvvam məktubda vurğulayır ki, Gilanda sovet qoşunları olduğundan azsaylı İran jandarmeriyası müdaxilə edə bilmir, nəticədə Gilanın əhalisi narahatlıq və qorxu içindədir.

Baş nazir bu faktları diqqətə çatdırmaqla İ.Stalindən Gilandakı müvafiq sovet hərbi orqanlarına göstəriş verməyi xahiş edir ki, onlar İran jandarmeriyasının hərəkət azadlığını məhdudlaşdırmasın və qayda yaratmaq üçün mərkəzdən Gilana əlavə dəstələr göndərilməsinə razılıq versin.  

İ.Stalin: "Azərbaycan az şey tələb edir..." 

Bilirdinizmi ki, İ.Stalin İranın baş nazirini daha bir gün də Moskvada saxlayıb ki, onun şərəfinə banket versin? 

1946-cı il martın 4-də, axşam saat 18.00-da İ.Stalin İranın Baş naziri Qəvvam Əs-Səltənəni ikinci dəfə qəbul edir. Görüşdə V.Molotov və SSRİ-nin İrandakı səfiri İ.Sadçikov da iştirak edir.

Stalin Baş nazirin Tehrana nə vaxt uçacağı ilə maraqlanır.

Qəvvam sabah uçmağı planlaşdırdığını deyir.

Stalin soruşur ki, gedəndən sonra mətbuatda Moskvada keçirilən sovet-İran danışıqları barədə məlumat dərc ediləcəkmi?

Qəvvam bildirir ki, buna ehtiyac yoxdur, çünki qaldırdığı problemlər elə həmin yerdə də qalıb, heç nə həll edilməyib.

Molotov deyir ki, Qəvvamın Moskvada danışıqlar apardığı barədə qısa məlumat vermək pis olmazdı.

Qəvvam təsdiq edir ki, bəli, pis olmazdı.

Stalin mətn təklif edir: "Qəvvam Stalin və Molotovla danışıqlar aparıb və bu danışıqlar qarşılıqlı anlaşma şəraitində keçib".

Sonra əlavə edir: ...və əgər Qəvvam istəsə, ora bir "həm də dostluq şəraitində" ifadəsi artırıla bilər.

Qəvvam razılaşır, amma "danışıqların Tehranda davam edəcəyini" vurğulamağı da xahiş edir.

Bundan sonra Stalin sabah onun şərəfinə nahar vermək istədiyini bildirir. Qəvvam xatırladır ki, təyyarə səhər saat 8-də uçmalıdır.   

Stalin: "Qəvvam üçün hazırlanan təyyarə sovet təyyarəsidir, uçuşu bir gün ləngitmək olar".

Qəvvam bununla da razılaşır.

Bir qədər pauzadan sonra Qəvvam Stalinə deyir ki, Tehrana qayıdıb sovet-İran münasibətlərinin möhkəmləndirilməsi üzərində işləmək istəyir, amma təəssüf edir ki, Azərbaycan və qoşunların çıxarılması məsələsində heç nəyə nail ola bilməyib.

Stalin: "Əgər Qəvvam demokratdırsa, anlamalıdır ki, İrana islahatlar lazımdır".

Qəvvam başı ilə təsdiq edir.

Stalin: "Vaxtilə çar güzəştə getmədi və hər şeyi itirdi. Lazım deyil ki, İran xalqı özü ayağa qalxsın və islahat aparsın, hökumət özü islahata getməlidir".

Qəvvam: "Azərbaycan həddindən çox şey tələb edir"...

Stalin: "Azərbaycan az şey tələb edir, Azərbaycan məhdud muxtariyyat tələb edir. Xarici siyasət, ordu, dəmir yolu, pul çapı - bunlar hamısı Tehranın əlində qalır. Bu, nə muxtariyyatdır?"

Bir qədər pauzadan sonra Stalin deyir: Sabah axşam saat 8-də Kremldə naharda görüşərik...

18 dəqiqə davam edən görüş başa çatır... 

İ.Stalinin S.C.Pişəvəriyə məktubu 

Bilirdinizmi ki, İosif Stalin 1946-cı ilin mayında S.C.Pişəvəriyə xüsusi məktub göndərib? 

1946-cı il mayın əvvəllərində sovet qoşunları İrandan tamamilə çıxarılır.

Bundan sonra İ.Stalin mayın 8-də SSRİ-nin İrandakı səfiri İ.Sadçikova tamamilə məxfi qrifli şifrə-teleqram göndərilir.

Teleqram səfirə ünvanlanmış bu sözlərlə başlayır: "Mənim bu məktubumu Pişəvəriyə oxuyun, amma məktubu ona verməyin, bəhanə edin ki, hələ bu barədə Sizə göstəriş verilməyib".

Bu, Stalinin qeydi idi.

Onun məktubunda isə deyilirdi:

"Yoldaş Pişəvəri!

Mənə belə gəlir ki, Siz istər İranın daxilində, istərsə də beynəlxalq aləmdə yaranmış vəziyyəti səhv qiymətləndirirsiniz.

Birincisi. Siz Azərbaycanın bütün inqilabi tələblərinin məhz indi reallaşmasını istəyirsiniz. Lakin indiki şərait bu proqramın həyata keçirilməsi imkanlarını istisna edir".

Sonra Stalin V.Lenindən sitatlar gətirir, inqilabi şəraitin şərtlərini xatırladır, 1905 və 1917-ci il inqilablarına istinad edir. İranda inqilabi vəziyyətin Rusiyadakı kimi olmadığını vurğulayır: "İranda indi dərin inqilabi böhran yoxdur. Fəhlələr azdır və onlar pis təşkilatlanıb. İran kəndliləri hələ ciddi aktivlik göstərmir. İran xarici düşmənlə müharibə aparmır"...

Bir sözlə, İranda Leninin 1905 və 1917-ci illərdə həyata keçirdiyi taktikanı işlətmək şəraiti yoxdur...

İkincisi. Əlbəttə, əgər sovet qoşunları İranda qalmaqda davam etsəydi, Siz Azərbaycan xalqının inqilabi tələbləri uğrunda mübarizədə qələbəyə ümid edə bilərdiniz. Amma biz onları bundan sonra İranda saxlaya bilməzdik, başlıcası, ona görə ki, sovet qoşunlarının İranda qalması Avropada və Asiyada bizim azadlıq siyasətimizin əsasını sarsıda bilərdi. İngilislər və amerikanlar bizə deyirdilər ki, əgər sovet qoşunları İranda qalırsa, niyə ingilis qoşunları Misirdə, Suriyada, İndoneziyada, Yunanıstanda, Amerikan qoşunları isə Çində, İslandiyada, Danimarkada qalmasın. Ona görə də biz qoşunlarımızı İrandan və Çindən çıxarmaq qərarına gəldik ki, ingilislərin və amerikanların əlindən bu silahı alaq.

 





27.09.2020    çap et  çap et