525.Az

Unudulan elektron xidmətlər


 

OSMAN GÜNDÜZ: "E-GOV.AZ" ELEKTRON PORTALININ FƏALİYYƏTİNDƏ CİDDİ PROBLEMLƏR VAR"

Unudulan elektron xidmətlər <b style="color:red"></b>

Ayrı-ayrı qurumlardakı idarəetmə sistemi ilə bağlı hələ də bir çox problemlərin olduğu hamıya məlumdur. Bunun törətdiyi fəsadları dövlət, əziyyətini isə, əlbəttə, vətəndaş çəkir.

Bu istiqamətdə müəyyən işlər aparılsa da, idarəetmədə davamlılığın ardıcıl olmaması bir çox zəruri layihələrin yarıda qalmasına yol açır. Beləcə, büdcədən milyonlarla vəsait xərclənir, amma nəticə gözə görünmür. Belə yarımçıq layihələrdən biri də "myGov" (my.gov.az) portalıdır. Bu portal qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Hər bir vətəndaş bu sistemdə şəxsi kabinet və istifadəçi kodu əldə edə bilir. Bu portal vətəndaşlara dövlət qurumları tərəfindən verilmiş məlumatlarla tanış olmaq, xidmətlərə elektron qaydada müraciət etmək, e-arayışlar və digər sənədlər almaq, məlumatların doğruluğunu təsdiqləmək, həmçinin, məlumatlarının digər qurumlara ötürülməsi prosesini həyata keçirməyə imkan yaratmaq üçün nəzərdə tutulub. Bu, reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim olunan elektron xidmətlər vasitəsilə vətəndaşların işini asanlaşdırmaq, şəffaflığı və operativliyi təmin etmək baxımından çox önəmlidir. Amma nədənsə, reallıqda bu, hələ ki mümkün görünmür. Xüsusilə pandemiya dövründə bütün sahələrdə təmassız xidmətin göstərilməsi ən prioritet məsələdir. Bu baxımdan "myGov" portalı da dönəmin tələblərinə ən uyğun gələn layihələrdən biridir. Amma nədənsə, ilin əvvəllərində güclü reklamı və təbliği gedən bu portal birdən-birə kölgədə qaldı.

Bəs indi - pandemiya ilə mübarizə dönəmində ən lazımlı xidmətlərdən biri olan "myGov" portalı tələblərə adekvat fəaliyyət göstərə bilirmi? 

Elektron portalları əhali üçün əlçatan etmək lazımdır 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "525"ə açıqlamasında "myGov" portalının fəaliyyətində müəyyən problemlərin olduğunu bildirib: "Elektron hökumət quruculuğunun əsas platormalarından biri elə "e-gov-az"  portalıdır. Onu deyim ki, mən təkcə bu portala yox, ümumiyyətlə, elektron hökumət quruculuğu məsələsinə diqqət çəkmək istəyirəm. Bununla bağlı həqiqətən müəyyən bir ətalət hiss olunur. Halbuki tam fərqli olmalı idi. Çünki pandemiya dövründə rəqəmsal, elektron xidmətlərə tələbat daha da artıb. Bu baxımdan düşünürəm ki, həm portala müraciətlərin, həm də portaldakı rəqəmsal xidmətlərin sayı artmalı idi. Yəni gözlənilirdi ki, təkcə portaldakı xidmətlərin sayı yox, həm də ondan istifadə edənlərin sayında artım olsun. Amma müşahidələr göstərir ki, həm xidmətlərin sayında, həm portalın aktivliyinin artmasında, eyni zamanda, vətəndaşların bu portaldakı xidmətlərdən istifadə etməsində elə də böyük dinamika yoxdur. Düşünürəm ki, səlahiyətli qurumlar bunun fərqində olmalı və bunun səbəblərinə diqqət yetirməlidirlər". O.Gündüz qeyd edib ki, təkcə "myGov" yox, ümumilikdə "e-gov.az" elektron portalının fəaliyyətində ciddi problemlər var. Onun sözlərinə görə, həm qanunvericilikdə, həm qurumların fəaliyyətində, həm də əhalinin elektron bacarıqlarında bir çox çatışmazlıqlar mövcuddur: "Bu problemi aradan qaldırmaq üçün, birinci növbədə həmin elektron portalları daha əlçatan etmək lazımdır. Müşahidə edirik ki, bəzən bu xidmətlərdən istifadə zamanı insanlar əziyyət çəkirlər. Bu çətinliklər portala giriş, asan imza və sair səbəblərdən yaranır. Məhz bu məsələlər həmin elektron xidmətin populyarlaşmasına, əhali arasında geniş istifadə mənbəyinə çevrilməsinə mane olur. Burda ikinci məsələ, xidmətlərin keyfiyyəti ilə bağlıdır. Yəni xidmətlər bir sıra hallarda keyfiyyətsizdir. Elə dövlət qurumunun apardığı monitorinqlər də göstərir ki, bu elektron xidmətlərin böyük əksəriyyətində keyfiyyət parametri o qədər də yüksək deyil. Bu da üçüncü səbəbi yaradır. Həmin səbəb də budur ki, dövlət qurumları arasında inteqrasiya, əlaqəlilik yetərli deyil. Yəni elektron hökumət quruculuğu baxımından, dövlət qurumlarının bazaları, informasiya sistemləri bir-birinə inteqrasiya olunmalı idi. Bu inteqrasiya prossesi, əlaqəli məsələlər dövlət qurumunda yetərincə inkişaf etməyib. Bu da müəyyən dərəcədə məsələyə təsir göstərən amillərdəndir".  

Qanunvericilik sadələşdirilmədən hansısa xidmətin elektronlaşdırılması yanlışdır 

O.Gündüz bildirib ki, mövcud qanunvericiliyi sadələşdirmədən hansısa xidmətlərin elektronlaşdırılmasına cəhd olunur və bu, sonda bürokratiyaya gətirib çıxarır, xidmət çevik, effektli olmur: "Gərək əvvəlcə qanunvericilik sadələşdirilsin və bundan sonra xidmətlər elektronlaşdırılsın. Bəzən bu məqam unudulur, götürüb hansısa bir xidməti elektronlaşdırırlar və sonda problemlər yaranır. Qanunvericiliyin təkmilləşdirilməsi ilə xidmətin elektronlaşması paralel şəkildə getməlidir. Məsələn, hazırda "my.gov.az"  və "e-gov.az" portallarında vətəndaşlarla bağlı 10-15 növ arayış var. Əslində, bu arayışların olması faydalıdır, amma heç kim girib ondan istifadə etmir. Hər bir vətəndaş bu portallara daxil olaraq, elektron formada lazım olan arayışı əldə edə bilər. Amma gəlin görək həmin arayışları başqa dövlət qurumları tanıyırmı? Xeyr, heç biri tanımır. Onlar kağız formasında arayış tələb edirlər. Elə buna görə də aktivlik yoxdur, heç kim bu portallara daxil olmur. Belə olduqda isə, ya bu elektron arayış məsələsi ləğv olunmalıdır, ya da bunun elektron variantının bir hüquqi həlli tapılmalıdır ki, onu digər dövlət qurumları da tanısınlar".

Əhalinin rəqəmsal bacarıqları ilə bağlı ciddi problemlər var

O.Gündüzə görə, bu istiqamətdə əsas məsələlərdən biri də əhalinin rəqəmsal bacarıqlarının artırılmasına diqqət yönəldilməsi olmalıdır: "Bu istiqamətdə ciddi problemlər var. Yəni xidməti hazırlamaqdan əlavə, gərək əhalini də bu prosesə hazırlayasan ki, həmin xidmətlərdən istifadə edə bilsin. Bu gün vətəndaşlar arasında rəqəmsal bacarıqlarla bağlı ciddi problemlər var. Biz buna pandemiya dövründə şahid olduq. Əhali elektron rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkirdi. Ona görə, mən hesab edirəm ki, elektron hökumət sahəsinə cavabdeh qurum olan ASAN Elektron Hökumətin İnkişafı Mərkəzi gərək bu məsələlərə ciddi diqqət yetirsin və bu istiqamətdə fəallığını artırsın".

Natəvan ABDULLA

 





28.09.2020    çap et  çap et