525.Az

"Ana, gəlim yanına..." - Nübar Eldarqızıdan 3 şeir


 

"Ana, gəlim yanına..." - <b style="color:red">Nübar Eldarqızıdan 3 şeir </b>

Bəxtsiz şeir

Mürəkkəbi qurumamış bu şeirin
bəxti yoxmuş... yarımamış bu şeiri,
Heç bir işə yaramamış bu şeiri
İndi cırıb küləklərə verəcəm.

Adam bilib birin sevdim, yanıldım,
Yoldaş deyib bir sal daşa yan aldım,
Can vermədi, bu eşq məndən can aldı,
Ta sevgimi köpəklərə verəcəm!

Gülməyim yox, məni Allah güldürsün!
Atəş açın, sinəmdə bir gül dursun!
Qoy ildırım çaxsın, məni öldürsün,
Mən odumu şimşəklərə verəcəm!

Qara-qara düşüncələr içində
Nələr öldü, nələr, nələr içimdə...
Tez yazım ki, ölsəm, qalar içimdə
Var-yoxumu vərəqlərə verəcəm!

Salam olsun

Allahım, bu günə şükür,
Yağışlar göydən nur tökür,
Gecə adam iplə çəkir,
Gündüzlərə salam olsun!

Kədər, bizdən uzaq dolan,
Uzaqda dön, uzaq dolan!
İndi bizdən uzaq olan
Əzizlərə salam olsun!

Baş ağardan o dağlara,
Biz gəzməyən yaylaqlara,
Yaş axıdan bulaqlara,
Kəhrizlərə salam olsun!

Bu gün deyil, dünən deyil,
Gedən kimsə gələn deyil,
Daşdan baxır, dinən deyil,
Dilsizlərə salam olsun!

Ana, gəlim yanına...

Bir böyük eşq yolunda
Durdurmaz dağlar məni.
Gözlərimcən yaş tökməz
Buzlu bulaqlar mənim!

Qurban olum adına,
Düşürəmmi yadına?..
Qızdırmır öz oduna
Başqa ocaqlar məni!

Ana, gəlim yanına
İndi sən ağla məni.
Taleyimdən küsmüşəm
Dindirir lağla məni.

Dərdimi hara deyim,
Daşa-divara deyim,
Səndən sonra daha kim,
Həyata bağlar məni...

Sənli ömrüm bir nağıl,
İzn ver, gəlim yaxın,
Qucaqlama torpağı,
Məni qucaqla, məni,
Ana gəlim yanına,
İndi sən ağla məni...

Nübar ELDARQIZI

 





28.09.2020    çap et  çap et