525.Az

Sofiya ilə Moskva arasında casus qalmaqalı - Xaqani Cəfərli yazır


 

Sofiya ilə Moskva arasında casus qalmaqalı - <b style="color:red">Xaqani Cəfərli yazır </b>

Bir zamanlar qeyri-rəsmi olaraq Sovet İttifaqının 16-cı respublikası kimi mövcud olan Bolqarıstan ilə SSRİ-nin hüquqi varisi Rusiya arasında münasibətlər 30 il əvvəllə müqayisədə tamamilə əks xarakter alıb.

Kommunizmin çöküşünə kimi Bolqarıstan Xalq Respublikası müstəqil dövlətdən daha çox, Moskvadan idarə olunan protodövlət idi. Bolqarıstanın Sovet İttifaqının və yaxud Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibinə daxil edilməsi ilə bağlı Sofiyanın dəfələrlə təkliflə çıxış etməsi də bu dövlətin protodövlət olduğunu təsdiqləyir. Lakin kommunizm düşərgəsi çökdükdən sonra Moskva Sofiya üzərində təsirini itirsə də, Bolqarıstan dərhal Avroatlantik strukturlara inteqrasiyaya can atmadı. Buna görə də NATO-ya Polşa, Macarıstan və Çexiyadan beş il sonra, 2004-cü ilin martında Latviya, Litva və Estoniya kimi keçmiş sovet respublikaları ilə bir yerdə daxil oldu. Bu, Sofiyanın Moskva ilə isti münasibətlərini qoruyub saxlamaq cəhdi idi. Hətta Bolqarıstan NATO və Avropa Birliyinin üzvü olduqdan sonra da Rusiya ilə yaxın münasibətlərini qoruyub saxlamağa çalışırdı. Lakin son iki ildə iki ölkə arasında münasibətlər tamamilə başqa mətləblərdən xəbər verir.

Ötən ilin sentyabrında Bolqarıstanın xüsusi prokurorluğu Rusiya səfirliyinin birinci katibinin Bolqarıstan, Avropa Birliyi və NATO ilə bağlı məlumatlar toplamağa çalışması ilə bağlı rəsmi məlumat yaydı. Daha sonra Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyadan səfirliyinin birinci katibinin təcili qaydada geri çağrılmasını istədi. Moskva Sofiyanın bu qərarını kəskin tənqid etsə də, Bolqarıstanın tələbi ilə razılaşmağa məcbur qalmışdı.

Ancaq bu, Sofiya ilə Moskva arasında ilk casus qalmaqalı deyildi. Bu olaydan əvvəl Bolqarıstan dövlət orqanları  "Rusofillər" Milli Hərəkatının bolqar həmsədri Nikolay Malinova qarşı casusluq ittihamı irəli sürmüşdü.

Üç gün öncə isə Bolqarıstan Baş Prokurorluğu iki nəfər Rusiya diplomatına qarşı casusluq ittihamı irəli sürüb. Bolqarıstanın Baş prokuroru İvan Geşevin Xarici İşlər nazirinə göndərdiyi xəbərdarlıq məlumatında diplomatların Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) üçün ordu ilə bağlı bilgilər topladığı qeyd olunur. Baş prokuror bu məlumatı Bolqarıstan Milli Təhlükəsizlik Dövlət Agentliyindən (SANS) aldıqlarını və istintaqla təsdiq olunduğunu qeyd edib. Məlumatda o da qeyd olunur ki, bu şəxslərin son dörd ildə Bolqarıstan əleyhinə kəşfiyyat işi apardıqlarını üzə çıxara bilsələr də, cinayət törədənləri toxunulmaz şəxs olduqlarına görə istintaqa cəlb edə bilməyib. Baş prokurorun bu müraciətinə cavab olaraq Xarici İşlər Nazirliyi həmin şəxslərin arzuolunmaz şəxs elan olunduqlarını və 72 saat ərzində Bolqarıstanı tərk edəcəklərini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Sofiyanın bu qərarından narazılığını ifadə edib. Moskvada belə hesab edirlər ki, Sofiyanın bu qərarı əsassızdır və dəlillərlə təsdiq olunmur. Eyni zamanda, Rusiya XİN-i Sofiyaya müvafiq cavab verəcəklərini də elan edib.



Sofiyanın Moskvaya münasibətindəki sərt dəyişiklik diqqətçəkicidir. Bu, yalnız rus diplomatların casusluq fəaliyyəti ilə bağlı deyil. Sofiya Moskvanın Bolqarıstana qarşı münasibətinin yenidən kommunizm dövrünün münasibətlər sisteminə qayıtdığının fərqindədir. Vladimir Putin hakimiyyətinin xarici siyasətinin mahiyyətini dərindən təhlil edəndə Moskvanın yenidən imperiya kimi davranmağa başladığını, keçmiş sosialist düşərgəsinə aid olan ölkələrin müstəqilliyini nəzərə almadığını aydın görmək olar. Bunu Sofiyada da aydın görürlər. Rəsmi Sofiya rus xəfiyyələrinin bolqar biznesmen Yemelyan Qebrevə qarşı sui-qəsdi məhz Bolqarıstanda həyata keçirmələrindən sarsılıb. Sofiyada anlayıblar ki, Moskva yenə də Bolqarıstana özünün vassalı kimi baxır. Yeri gəlmişkən, onu da qeyd edək ki, bolqar biznesmen Yemelyan Qebrevə qarşı sui-qəsd də məşhur "Noviçok" kimyəvi silahı ilə həyata keçirilmişdi. Bu olayla bağlı aparılan istintaq zamanaı məlum olmuşdu ki, biznesmen Yemelyan Qebrevə sui-qəsdi Rusiya xidmət orqanlarının əməkdaşları Sergey Pavlov (Sergey Lyutenko), Georgi Qorşkov (Petr Borisov), İvan Lebedev (İvan Terentev), Nikolay Kononixin (Nikolay Yejov), Aleksey Nikitin (Aleksey Kalinin), Vladimir Popov (Vladimir Moiseyev) və Danil Stepanov (Danil Kapralov) həyata keçiriblər.

Bütün bu olaylardan sonra Bolqarıstanın özünün milli maraqlarını qorumaq cəhdi Moskvada anlaşılmazlıq və narazılıqla qarşılanır. Aydın görünür ki, Rusiya keçmiş vassalarının müstəqilliyini ciddiyə almır və almaq istəmir. Sofiya ilə Moskva arasında ard-arda yaşanan casus qalmaqalı da bunun göstəricisidir. Moskvanın xarici siyasətində ciddi dəyişiklik baş verməyinə qədər isə belə casus qalmaqalları ilə bağlı hələ çox olayların şahidi olacağıq.

 





28.09.2020    çap et  çap et