525.Az

Sabahın xeyir, Sübh adası! - Reportaj


 

Sabahın xeyir, Sübh adası! - <b style="color:red">Reportaj </b>

Desəm ki, Kür çayının Xəzər dənizinə töküldüyü yerdə əməlli-başlı bir arxipelaq var, bəlkə də, çoxunuz təəccüblənərsiniz.

Həyatımda ilk dəfə, özü də uzaqdan gördüyüm ilk ada orta məktəbi bitirib Bakıya ali təhsil almağa gələrkən gördüyüm göz oxşayan, romantik Nargin adası olub. Hətta təəccüblənirdim ki, belə gözəl bir məkanda niyə indiyə kimi bir turizm mərkəzi, istirahət guşəsi yaradılmayıb. Bəlkə də, belə bir yer başqa bir ölkəyə məxsus olsaydı, burada cənnət yaradardılar. Amma sonradan biləndə ki, ötən əsrin 30-cu illərində repressiyaya uğrayan günahsız insanları burada qətlə yetiriblər, hətta "Həyat, həyat" deyə çırpınır könül" deyən 29 yaşlı Mikayıl Müşfiq kimi gənc, gözəl şairi burada güllələyiblər, ürəyimdə bir sim qırıldı, daxilən sarsıldım, çaşıb qaldım. Gör insan və onun yaratdığı quruluş nə qədər barbar, qəddar, mənfur, eybəcər və bədheybət olmalıdır ki, Allahın və təbiətin ona bəxş etdiyi cənnət guşəsini ölüm poliqonuna çevirsin.

Nə isə... Qayıdaq Kür çayının mənsəbinə, adalar diyarına. Burada keçən əsrin 90-cı illərinə qədər Kurkosa (Kürdili) adlı bir yarımada, həm də kənd, yaşayış məntəqəsi vardı. 90-cı illərin əvvəllərində Xəzərdə suyun səviyyəsi sürətlə yüksəldi, kəndə gedən asfalt yol suyun altında qaldı, Kurkosa adaya çevrildi. Orada yaşayan sakinlər kəndi tərk edib müxtəlif yerlərə köçdülər. İndi sahildən həmin adaya katerlə getsən, yarım saatlıq yol var.

Kövsər adasının tarixi isə uzaqlara gedib çıxır. Burada yaşayış olmayıb. Amma ötən əsrin 60-cı illərində adanın tarixində maraqlı bir hadisə baş verdi. Xruşşovun hakimiyyətdə olduğu dövr idi. Artıq kənd təsərrüfatında istifadə edilən atların meydanı daralırdı, kolxoz və sovxozlar yeni kənd təsərrüfatı texnikalarından istifadə edirdilər. Belə bir vəziyyətdə dövlət atlar üçün gözlənilmədən yüksək vergi təyin etdi. Vergidən yaxa qurtarmaq üçün at saxlayan təsərrüfatlar onları gətirib Kövsər adasına, taleyin ümidinə buraxdılar. Lakin bu sahibsiz atlar nəinki qırılıb məhv olmadılar, hətta yerli şəraitə uyğunlaşaraq doğub törədilər, vəhşiləşdilər, şirin su əvəzinə dəniz suyu içdilər, özlərini dənizə vurub üzməyi öyrəndilər. 30 ildən sonra Kövsər adasında Texas mustanqlarına bənzəyən vəhşi, qızışmış, qorxunc bir at ilxısı mövcud idi. Sovet hökuməti dağılırdı. Belə bir dövrdə qəfildən brokonyerlər, at ovçuları, daha doğrusu, at oğruları peyda oldu. Onlar Özbəkistandan vertolyotla gəlir, vəhşi atları güllələyərək kəsir, ətini vertolyota yükləyib aparırdılar. Sonuncu at da ovlanandan sonra vertolyot bir daha gözə görünmədi...

Kür-Xəzər arxipelağının ən maraqlı adası isə Sübh adasıdır. Başqa adalardan fərqli olaraq burada insanlar yaşayır və Sübh kəndi yerləşir. Yeri gəlmişkən deyim ki, Neftçalaya günəş dənizdən doğur və onun qızıl şəfəqləri mavi sulardan sonra ilkin olaraq bu adanı salamlayır: "Sabahın xeyir, Sübh adası!" Adanı böyük materikdən Xəzər dənizi və iki yüz əlli metr enində Kür çayı ayırır. Adada cəmi iyirmi iki birmərtəbəli ev var. Bu adaya ətrafdan neqativ insan dalğası dəymir, adamlar olduqca saf və zəngin mənəviyyata malikdirlər. Bu adada heç vaxt cinayət hadisəsi baş verməyib. Qibtə, paxıllıq, qeybət, oğurluq... burada yaşayan insanlara yaddır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, qismən də balıqçılıq və əkinçilikdir. Bu adada avtomobil yoxdur. Əslində, bu kiçik adanı gəzib dolaşmaq üçün heç avtomobilə də ehtiyac yoxdur. Amma Sübh kəndində sivil bir səviyyə, maraqlı bir ab-hava hökm sürür. Hətta burada ibtidai məktəb də mövcuddur. Məni bu yazını yazmağa vadar edən də elə bu amil oldu. Məktəbin cəmi beş şagirdi və bir də... əfsanəvi müəllimi var.



Niyə əfsanəvi deyirik? İbtidai sinif müəllimi Səidə Qüdrətova Neftçalanın gözdən-könüldən uzaq, ucqar 2-ci Mayak kəndində yaşayır. Səidə müəllim düz iyirmi yeddi ildir ki, hər gün iki kilometr yol qət edərək Sübh adasının qarşı sahilinə gəlir və burada öz qayığı ilə eni iki yüz əlli metr olan Kür çayının digər sahilinə keçir, sevimli şagirdlərinin görüşünə gəlir: gecikmək olmaz, xəstələnmək olmaz, qəzaya düşmək olmaz, icazə alıb işdən qalmaq olmaz. İstidə, soyuqda, qarda, yağışda, tufanda qan-qan deyən suları təkbaşına yarıb keçir Səidə müəllim. Avarçəkənləri televiziyada çox görmüşük, durğun suda, göldə, hovuzda avar çəkməyə nə var ki, hünərin var axar suda, özü də çovğunda, fırtınada avar çək. Həm də tək-tənha. Belə yerlərdə üzgüçü də özünsən, xilasedici də. Səidə müəllim deyir ki, bu böyük fiziki güc tələb edən iş heç də onu yormur. Səbəb isə onun öz peşəsinə olan sevgisidir: "Kürün bu sahilindən o sahilinə həvəslə keçirəm dərs deməyə. Uşaqları sevirəm, bu, mənim doğma peşəmdir. Heç vaxt nə oddan, nə sudan qorxmuşam". Adadakı yaşam və birotaqlı kiçik məktəb ilk baxışdan ürəyi sıxsa da, az sonra bu əhval keçib gedir. Səidə müəllimin beş şagirdinin üçü 1-ci, biri 3-cü, digəri isə 4-cü sinifdə oxuyur. Səidə müəllim kənddə və eləcə də Neftçala müəllimləri arasında müstəsna hörmətə malikdir. Onun şagirdlərindən bir çoxu tələbə adını qazanıb, ali təhsil alıb. Məhz bu səbəbdən hazırda oxuyan beş şagirdin arzuları da böyükdür.

Ələkbər Əliyev, 3-cü sinif şagirdi:

- Səidə müəllimimi çox sevirəm. 3-cü sinifdə oxuyuram.

- Böyüyəndə nə olmaq istəyirsən?

- Müəllim olmaq istəyirəm.

Mövsüm Hüseynov, 1-ci sinif şagirdi:

- Müəlliməmi çox sevirəm.

- Müəllimə sənə nə öyrədir?

- Yazmaq, oxumaq, saymaq...

Səidə müəllim deyir ki, bir dəfə, 2001-ci ildə ağır bir təhlükə ilə üzləşib. Avarların qayığa birləşən iki yerindən biri sınıb. Çay onu bir kilometr dənizə doğru aparıb. Lakin Səidə müəllim özünü itirməyib, təkbaşına təhlükədən qurtara bilib.

Səidə müəllim şagirdlərinə öyrədir ki, Vətən Sübh adasından başlayır. İşinin peşəkarı olan fədakar müəllim doğrudan da, çoxlarına nümunə ola bilər. O, bu gün də sabahın alatoranında şagirdlərinin görüşünə tələsir və qarşı sahildən baxışları ilə o biri sahili salamlayır: "Sabahın xeyir, Sübh adası!"

Zabil PƏRVİZ
Neftçala

 





28.09.2020    çap et  çap et