525.Az

Niderlandın XİN Ermənistanın növbəti təcavüzü barədə məlumatlandırıldı


 

Niderlandın XİN Ermənistanın növbəti təcavüzü barədə məlumatlandırıldı<b style="color:red"></b>

Sentyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramovun Niderland Xarici İşlər naziri Stef Blok ilə telefon danışığı olub.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Niderland Xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb və hazırkı vəziyyəti sorğu edib.

Öz növbəsində, nazir Ceyhun Bayramov həmkarını Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğulayıb.

Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Telefon danışığı zamanı Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

 





29.09.2020    çap et  çap et