525.Az

Antonio Quterreş 9 il əvvəl ağdamlı məktəbliyə nə söz vermişdi?


 

BMT-nin BAŞ KATİBİ ANTONİO QUTERREŞ 2011-Cİ İLDƏ QUZANLIDA MƏKTƏBLİ QIZIN HANSI SÖZÜNDƏN TƏSİRLƏNMİŞDİ?

Antonio Quterreş 9 il əvvəl ağdamlı məktəbliyə nə söz vermişdi?<b style="color:red"></b>

Xəbər verildiyi kimi, sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verən Prezident İlham Əliyev bildirib ki, o, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd edib. Dövlət başçısı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

Qeyd edək ki, Antonio Quterreş BMT-nin Baş katibi olmazdan əvvəl - 2005-2015-ci illərdə bu qurumun Qaçqınlar üzrə Ali Komissarı vəzifəsində çalışıb. O, 2011-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı kimi Azərbaycana səfəri zamanı Ağdam rayonunun işğala məruz qalmamış ərazilərinə baş çəkib, Quzanlı kəndində olub. Bu haqda Ağdam rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Nizami Sadıqov  özünün "Ağdam gündəliyi" kitabında da söz açıb. Antonio Quterreşlə görüşünü xatırlayan N.Sadıqov "525"in müxbiri ilə telefon söhbətində bildirib ki, görüş zamanı hiss olunurdu ki, cənab Quterreş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlıdır və bu məsələdə Azərbaycanın haqlı tərəf olduğunu yaxşı bilir: "Söhbət zamanı Antonio Quterreş açıq şəkildə deyirdi ki, bu münaqişədə haqlı tərəf Azərbaycandır və işğal olunmuş ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Mən bu görüşlə bağlı bəzi məqamları "Ağdam gündəliyi" kitabımda da qeyd eləmişəm. Ağdamda İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən rayonun mədəniyyət və təhsil şöbələrinə tapşırıq vermişdim ki, bütün orta və musiqi məktəblərində xor kollektivləri yaradılmalı, müsabiqələr təşkil olunmalıdır. Artıq 2010-cu ilin ortalarında Ağdamda püxtələşmiş uşaq xor kollektivləri fəaliyyət göstərirdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı kimi Ağdam rayonuna səfəri zamanı Antonio Quterreş birləşmiş uşaq xorunun ifasında "O köy bizim köyümüzdür" mahnısını dinləmiş və çox təsirlənmişdi. Orada onun xor üzvü olan məktəbli bir qızla qısa dialoqu da olmuşdu".



Nizami Sadıqovun "Ağdam gündəliyi" kitabından həmin hissəni oxuculara təqdim edirik.

 ...Uşaq xoru ilə əlaqəli yaddaqalan bir hadisə də BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarı cənab Antonio Quterreşin Ağdam rayonuna səfəri zamanı baş vermişdi. Birləşmiş uşaq xorunun ifasında sözləri türk şairi Ahmet Kutsi Tecerə, musiqisi bəstəkar Munir Ceyhana məxsus "O köy bizim köyümüzdür" mahnısını dinləyən Ali Baş Komissar xeyli fikrə gedəndən sonra təəccübləndiyini bildirdi. Mahnının sözləri əvvəldən ona tərcümə edildiyi üçün Ali Baş Komissar xeyli qəhərlənmişdi.

Mahnının sədaları və sözləri hələ də yaddaşımı rahat buraxmır:

Orda bir köy var, uzaqda,
O köy bizim köyümüzdür.
Gəzməsək də, tozmasaq da,
O köy bizim köyümüzdür.

Orda bir ev var, uzaqda,
O ev bizim evimizdir.
Yatmasaq da, qalmasaq da,
O ev bizim evimizdir.

Orda bir dağ var, uzaqda,
O dağ bizim dağımızdır.
Enməsək də, çıxmasaq da,
O dağ bizim dağımızdır.

Orda bir yol var, uzaqda,
O yol bizim yolumuzdur.
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur.

Baş komissar üzünü uşaqlara tutub tərcüməçi vasitəsilə ingilis dilində:

- Sizin çox gözəl məktəbiniz var, buna görə heç sevinirsinizmi? - deyə soruşdu.

Təxminən, 11-12 yaşlarında bir məktəbli qız tərcüməçini gözləmədən ingilis dilində cavab verdi:

- Düzdür, məktəb gözəldir, amma biz öz evimizi, öz kəndimizi istəyirik. Kömək edin biz öz kəndimizə qayıdaq.

Biz o qızın ingilis dilində belə danışmaq qabiliyyətinin olduğunu bilmirdik. Baş komissar bərk təsirlənmişdi. Məktəbli qızı qucaqlayıb öpdü və ona dedi ki, söz verirəm, kömək edəcəyəm.

Cənab Quterreş məndən Ağdam şəhərinin durduğumuz qəsəbədən hansı məsafədə yerləşdiyini soruşdu.

Biz yenicə tikilmiş köçkün qəsəbəsində idik. Mən Ağdam istiqamətində dağları göstərib dedim ki, 10-15 kilometr.

Bu arada onu da qeyd edim ki, o vaxtlar BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının Baş Komissarı vəzifəsində çalışan cənab Antonio Quterreş bu gün BMT-nin Baş katibidir. Cənab Quterreş əvvəllər - 1995-2002-ci illərdə Portuqaliya Respublikasının Baş naziri olub. Mənimlə söhbət zamanı Cənab Quterreş 1996-cı ilin dekabr ayında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilmiş ATƏT-in növbəti zirvə toplantısını xatırlatdı, o vaxt Portuqaliyanın Baş naziri olduğunu, zirvə toplantısında danışıqlar prosesinin çox çətin getdiyini və şəxsən özünün Azərbaycanın haqq işini dəstəklədiyini bildirdi. Sonra Ulu öndər Heydər Əliyevlə bağlı bir xatirə danışan Ali Baş Komissar onu böyük şəxsiyyət kimi xarakterizə edərək mərhum Ümumilli liderin çox təmkinli və təcrübəli siyasi xadim olduğunu dedi.



Cənab Quterreşin haqqında bəhs etdiyi, tarixdə Lissabon sammiti adı ilə qalmış ATƏT-in həmin zirvə toplantısı, həqiqətən də, o dövr üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində çox mühim bir mərhələ idi. Münaqişənin nizama salınmasının baza formulu məhz o görüşdə müəyyən edilmişdi. Azərbaycan Respublikasının o vaxtkı Prezidenti, mərhum Ümummilli lider  Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiəsinə nail olmuşdu. Ermənistandan başqa, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəkləmiş və bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən dəstək qazanan ədalətli hüquqi bünövrə yaradılmışdı.

SABİT

 





30.09.2020    çap et  çap et