525.Az

İnformasiya müharibəsində tərcüməçilərin rolu - Bənövşə Məmmədova yazır


 

İnformasiya müharibəsində tərcüməçilərin rolu - <b style="color:red"> Bənövşə Məmmədova yazır </b>

Tərcüməçilər peşə bayramını qeyd edir. Əslində isə hər uğurlu tərcümənin yarandığı gün elə bayram deməkdir.

O tərcümə ki, biz onunla dünyanı tanıyırıq, özümüzü dünyaya tanıdırıq.

Tərcüməçilər müxtəlif olur - kimi sinxron tərcümə ilə, kimi bədii əsər tərcüməçiliyi ilə, kimi isə informasiya tərcüməsi ilə məşğuldur. İndi bizim üçün ən vacib olan informasiya tərcüməsidir.

Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, müsabiqələr peşəkar tərcüməçilərin hazırlanması məsələsini də aktuallaşdırıb ki, bu da kadr hazırlığı ilə məşğul olan mütəxəssisələrin məsuliyyətini artırır.
Bu gün Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində ingilis, alman, fransız, ispan, italyan, Koreya dilləri üzrə tərcüməçilər hazırlanır. Tələbələrimiz yerli və beynəlxalq tədbirlərdə universitetimizi layiqincə təmsil edirlər. Mübaliğəsiz demək olar ki, bu gün ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə, eləcə də müxtəlif səviyyəli tədbirlərdə dil sədlərini aradan qaldıran mütəxəssislərin əksəriyyəti Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin məzunlarıdır.

Bütün zamanlarda bizim dil bilən mütəxəssislərə ehtiyacımız var. Ələlxüsus da indi - ölkə həqiqətlərinin dünyaya çatdırılmasının vacib olduğu bir vaxtda səhih tərcümə olunmuş məlumatlar informasiya savaşında bizə hava, su kimi vacibdir.

Təkcə bu ilin avqust döyüşlərində Azərbaycan Dillər Universiteti tələbələrinin Qarabağ həqiqətlərini, erməni işğalçılarının törətdiyi cinayətləri dünyaya çatdırmaq üçün “Twitter” sosial şəbəkəsində apardıqları media savaşını xüsusi vurğulamaq lazımdır.

Belə ki, #IStandWithAzerbaijan #KarabakhisAzerbaijan #GoAzerbaijan #ArmeniaIsTheAgressor #StopArmenianAgression #StopArmenia #StopArmenianOccupation həştəqləri dünya üzrə trend oldu.
Bir daha məlum oldu ki, bizim gənclərin ən güclü silahı onların biliyi, təhsilidir. Dəqiq silahlardan fərqli olaraq informasiya daha çox təsir gücünə malikdir.

İnformasiya mübarizələrinin əsas özünəməxsusluğu isə ondan ibarətdir ki, tərəflər öz informasiya üstünlüklərini lazımi səviyyədə qoruyub saxlamaqla düşmənin informasiya sistemini dağıtmağa çalışırlar. Bu işdə isə xarici dil bilməyin üstünlüyü danılmazdır. Birdən artıq dil bilmək dünyaya birdən çox pəncərədən baxmaq deməkdir.

Hələ Lyüdviq Vitqenşteyn yazırdı ki, "insanın dünyası onun dili kimidir". Dil, bizim dünyaya baxışımızı və onu necə dərk etdiyimizi müəyyənləşdirir. Bu gün elmdə aktiv şəkildə müzakirə edilən Sepirin "Uorfa" fərziyyəsinə görə, dil düşüncə və idrak prosesinə təsir göstərir. Buna görə də, bir insan birdən çox dil bildiyində onun üçün dünyaya açılan pəncərə də birdən çox olur. Bu isə müqayisə edilməyəcək qədər zəngin bir həyat deməkdir.

 





30.09.2020    çap et  çap et