525.Az

Səlahiyyət və səmimiyyət - Nadir Rzalı yazır


 

Səlahiyyət və səmimiyyət - <b style="color:red">Nadir Rzalı yazır </b>

Atalar deyib, sayanın quluyam, saymayanın ağası. Amma bəzən hansısa saymamazlığa, etinasız münasibətə öyrəşirik və bunu adi hal kimi qarşılamağa başlayırıq.

Hərdən zənn edirik ki, elə bil, belə də olmalıymış. Bu, ona bənzəyir ki, dərs ilinin əvvəlində hansısa müəllimin özündən qabaq sorağı gəlib çatır. Əgər onun haqqında çox acıdil, kobud, qəddar olduğu ilə bağlı fikirlər səslənirsə, biz özümüzü bu vəziyyətə hazırlayırıq. Auditoriyada deyilən kimi davrananda həmin müəllimi belə qəbul etməyə başlayırıq. Kefinin yaxşı vaxtında, gözlənilmədən hansısa hərəkətimiz müəllimin gözünə xoş gəlir və  yaxşı münasibət göstərəndə ani olaraq beynimizə siqnal gedir ki, sən demə, bu müəllimin xoş, normal davranışı da var. Əslində, bu, belə də olmalı imiş. Bəs niyə belə deyil?!

Həyatımızda belə nüanslar çoxdur. Buna bənzər vəziyyətə əksər sahələrdə rast gəlinir. Əsasən də, dövlət məmurları ilə xalq arasında olan münasibət bu nöqteyi-nəzərdən olduqca diqqətçəkəndir. Bunun səbəbi isə bəzi hallarda qarşılıqlı səmimiyyətin olmamasıdır. Bəzi məmurların vətəndaşlarla münasibətdə öz öhdəliklərini düzgün yerinə yetirməmələri, bir az kobud desək, xalqın problemlərindən yayınaraq xidmət etməli olduqlarını unutmaları insanları qıcıqlandırır və bu, zamanla adi hala çevrilir. Son vaxtlar, sözün əsl mənasında, ən müşkül iş hansısa məmurun qəbuluna düşmək, əlaqə saxlamaqdır. Bəs gəlin özümüzə sual verək ki, sivil, sosial rifahı yüksək olan, bir sözlə, sağlam cəmiyyətdə belə hal yolveriləndirmi? Əlbəttə ki, yox.

Bəzən lazımsız mövzularda bizə Avropa ölkələrindən nümunələr göstərirlər. Hansı ki, bizim milli ruhumuz və yaşam səviyyəmiz o standartlara uyğunlaşa bilməz. Ancaq bu mövzuda biz mütləq Avropa ölkələrindən nümunə götürməliyik. Xarici ölkələrə nəzər salsaq görərik ki, onlarda məmurlar xalqın içindədilər və insanlarla birlikdə mütəmadi fikir mübadiləsi aparıb müxtəlif nəticələrə gəlirlər. Hətta Avropada bəzi nazir və nazir müavinləri işə ictimai nəqliyyat vasitələri ilə gedib-gəlirlər. Bizdə isə nəinki deputat, bəzən hətta deputat köməkçisi də əlçatmaz olur. Bizim tərəfdə belə adamlara "sıra dağlar, gen dərələr" deyirlər.

Yaxın günlərdə Milli Məclisin deputatı Ramin Məmmədovun Feysbuk hesabına bir mesaj ünvanlamışdım. Müraciətim Sabirabad rayonu 64 saylı ikinci seçki dairəsinə aid ərazilərdəki bir problemlə bağlı idi. Heç gümanım yox idi ki, mənə cavab mesajı gələ. Çünki bir neçə dəfə bəzi vəzifəli şəxslərə həm mənim, həm də tanışlarımın sosial şəbəkələr üzrə müraciəti cavabsız qalıb. Amma gözlənilmədən deputat tərəfindən mənə cavab mesajı gəldi və ani olaraq şəxsən özü mənimlə əlaqə saxladı. Ramin Məmmədov müraciətimi adi vətəndaş müraciəti kimi qəbul edib  mənə zəng elədi. Mən öz fikirlərimi, təkliflərimi, arzu və istəklərimi ona bildirdim. Millət vəkili məni olduqca səbirlə dinlədi, sonda kifayət qədər qaneedici cavab verdi. Onun səsindəki, danışığındakı səmimiyyət nəyə desən dəyərdi. Bu gün bəzi dövlət idarələrində hansısa məsul şəxsin qəbuluna gedəndə iki cümlə deyirsən, üçüncü cümləndə sözünü kəsərək səni "yola verir". Amma Ramin Məmmədovdan böyük mədəniyyət nümayişi gördüm.

Millət vəkilinin bu addımı məni çox təəccübləndirdi. Bu hadisəni tez öz yaxın dostlarımla bölüşdüm. Onlar da bir anlıq təəccübləndilər. Amma sonradan fikirləşdik ki, bu hadisənin bizi heyrətləndirməsi özü çox acınacaqlı vəziyyətdir. Əslində, bu, bizim üçün adi hal olmalıdır. Hər bir məmur, xüsusilə də millətin seçdiyi deputat daima camaatla əlaqədə olmalı, öz öhdəliklərini yerinə yetirməli və hər bir fərdə xüsusi qayğı ilə yanaşmalıdır.

Səmimiyyət, alicənab münasibət, xüsusi diqqət insanların bir-birindən umduğu ən ali xüsusiyyətlərdəndir. İdarəetmədə, cəmiyyətdə isə bu, ən vacib məsələdir. Xalqın inamını qazanmaq çətin, sarsıtmaq isə bir göz qırpımındadır. Ona görə də, imtiyaz və səlahiyyət sahiblərinin belə məsələlərdə həssas olmaları arzuolunandır.

 





30.09.2020    çap et  çap et