525.Az

"Teatr aktyorun ər meydanıdır" - Vəhdət Çakar ilə müsahibə


 

TANINMIŞ TÜRK AKTYORU DEYİR Kİ, HƏLƏ OYNAMADIĞIM ROLLARIN XƏYALINI QURURAM

"Teatr aktyorun ər meydanıdır" - <b style="color:red">Vəhdət Çakar ilə müsahibə </b>

Müsahibimiz Türkiyənin tanınmış aktyoru Vəhdət Çakardır. Onu təkcə türkiyəli deyil, azərbaycanlı tamaşaçı da yaxşı tanıyır.

Bir çox filmlərdə irili-xırdalı, bir-birindən maraqlı rollar ifa edən aktyoru daha yaxından tanımaq üçün həmsöhbət olduq. Teatr, kino sənəti, son zamanlar bütün dünyada yayımlanan Türkiyə serialları, karantin zamanındakı fəaliyyəti və bir sıra bu kimi məsələləri əhatə edən maraqlı müsahibəmizdən öncə isə oxucularımıza aktyorun tərcümeyi-halı ilə bağlı mühüm məqamları təqdim edək: 15 mart 1954-cü ildə Sakaryada anadan olub. İhsan Mərmərci Liseyini bitirəndən sonra 1980-ci ildə İstanbul Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsindən məzun olub. MSM-də teatr təhsili alıb. Hazırda teatr sahəsində çalışan aktyor, eyni zamanda, pedaqoq kimi bu sahənin tədrisiylə də məşğuldur. 
 

- Vəhdət bəy, söhbətimizə keçmişdən, sizin uşaqlıq illərinizdən başlamaq istərdik. Necə bir uşaqlığınız olub?

- Beş uşaqlı ailənin ən kiçik fərdi olmuşam. Kasıb idik. İstanbulda Zeytunburnu deyilən bir qəsəbədə gecəqonduda böyümüşəm. O zamanlar Türkiyə Amerikadan Marşal yardımları alırdı. Orta məktəbə bu yardımlar çərçivəsində qurulmuş bir daxmada yenə yardım olaraq gələn süd tozlarını sulandırıb içərək davam etdim. Yolumuz yox idi. Palçığa batıb-çıxaraq gedirdik məktəbə. Çox çətin vəziyyət idi. Amma mən həmişə gülən gözlərlə baxardım yaşadıqlarıma. Bir növ Polyanna kimi idim. Məhəlləmizdə bizim kimi kəndlərindən köçüb gəlmiş çox ailə və onların uşaqları vardı. Qələbəlik küçələrdən keçib qələbəlik siniflərə (daxmalara) doluşurduq. O çoxluq içərisində mən digər uşaqlardan fərqlənirdim. Çox tez öyrənər, çox yaxşı ifadə edərdim. Heç vaxt söyüş söyməz, yalan danışmaz, bağçalardan meyvə oğurlamazdım. Buna görə də məhəlləmizdə və məktəbdə həmişə örnək olaraq göstərilirdim. Əzbərləmək qabiliyyətim də yaxşı olduğuna görə məktəbdə şeir və teatr tədbirlərində həmişə iştirak edirdim.

Digər analardan fərqli olaraq mənim anam həmişə mənimlə bağlı xoş sözlər, təriflər eşitdiyindən mənə çox güvənər və qürur duyardı.

- İngilis dili və ədəbiyyatı ixtisasını oxumağınıza baxmayaraq, niyə teatrı seçdiniz?

- Mən teatrı çox əvvəllərdən seçmişdim. Məktəb illərində həmişə tamaşaların, tədbirlərin içində idim. Xüsusən, məktəbin son illərində artıq professional olaraq Xalq Tədris Teatrında aktyor kimi fəaliyyət göstərməyə başlamışdım. Beynəlxalq layihələrdə iştirak edə bilmək ehtimalına görə ingilis dili lazımdır deyə düşündüm. Doğrudan da, gələcəkdə çox köməyimə çatdı.

- Türkiyədə teatra münasibət necədir? İnsanların marağından razısınız?

- Türkiyə, ümumi olaraq, çox yaxşı aktyorlara, sənətçilərə sahibdir. Səhnə tərtibatı məsələlərində isə çox problemlər var. Dövlətin dəstək göstərdiyi teatrlar bunu müəyyən qədər həll edə bilirlər. Amma özəl teatrlar sponsor dəstəyi tapa bilmədikləri üçün çox sıxıntılar yaşayırlar. Yenə də tamaşaçını cəlb etməyi bacaran səhnə əsərləri az deyil.

Mən insanların teatra olan marağından həmişə razı olmuş, sevinc duymuşam. Bir tamaşa kifayət qədər insana çatmayıbsa, bunun problemi tamaşaçıda yox, o işin özündədir deyə düşünürəm.

- Gənclər çox tez məşhurlaşırlar. Bu gün ulduz sayılan gənc sənətçilər haqda nə düşünürsüz? Ən çox hansılar sizə ümid verir?

- Türkiyədə serial və film sektoru çox inkişaf edib, genişlənib. Bu vəziyyət yeni sənətçilərə ehtiyacı artırıb. Beləliklə, gözəl qızlar və yaraşıqlı oğlanlar özlərinə asanlıqla yer tapa bilirlər. Bu fürsətdən yaxşı istifadə edənlər daimi qaldıqları halda, bəziləri tez də silinib gedirlər. Mən bu vaxta qədər işlədiyim bütün gənc aktyorlarla böyük qardaş kimi davrandığımdan heç bir problem yaşamamışam. Gələcəyini parlaq gördüyüm o qədər çox gənc var ki. Buna görə də ad çəkmək istəmirəm.

- Bir sənətçinin karyerasına teatr necə təsir göstərir?

- Türkiyədə "teatr aktyorun ər meydanıdır" deyə bir söz var. Pul qazanmağı bacarmayacaqlarını bildikləri halda teatrdan vaz keçməyənlər demək ki, sənətlərinə aşiqdirlər. Bu da onların ən dəyərli xüsusiyyətləridir.

- "Yeşilçam" filmləriylə indiki Türkiyə kinosunu müqayisə etsək, bu haqda nə deyə bilərsiniz?



- Mən 16 yaşımdaykən teatrda işləməyə başladım. Kamera qarşısına isə 40 yaşlarımda seriallar sayəsində keçdim. "Yeşilçam" filmlərində heç oynamamışam. Amma müqayisə etsəm, "Yeşilçam" filmlərində çox məhdud büdcə ilə çox az bir aktyor qrupu ilə çalışıldığını deyə bilərəm. Yəni az qala hər filmdə eyni aktyorlar görünürdü. İndi isə vəziyyət tam tərsinədir. İndi bu sahədə çoxluq, zənginlik var. Yenə də "Yeşilçam" nostalji görüntülərlə hələ də bizə təsir edən tarixi miras kimi qalmağa davam edir.

- Aktyor olmaq üçün təhsil şərtdir, yoxsa istedad kifayət edir?

- Aktyor olmaq üçün Allah vergisi - istedad şərtdir. Təhsillə də bu istedadı daha yüksək səviyyələrə çatdırmaq olar. Ancaq görüntü sənətlərinin çoxunda olduğu kimi, Allah vergisi gözəlliyi olanların peşəkar aktyorlardan önə keçib tez zamanda məşhurlaşdığı və qısa vaxtda varlandığı da bir gerçəkdir.

- Tələbələrinizə bu sənətlə bağlı ilk olaraq nəyi öyrədirsiniz?

- İstedadlarının fərqində olmaqlarını və çox çalışaraq özünə güvənməklərini öyrədirəm. Nəzəri bilgiləri hər kəs öyrənə bilər, amma aktyor olmaq üçün davamlı təcrübə qazanmaq şərtdir.

- Xəyalını qurduğunuz, amma indiyə qədər təklif almadığınız bir rol varmı?

- Hələ oynamadığım bütün rolların xəyalını qururam. Oynayıb bitirdiyim hər proyektdən sonra əvvəlkindən daha böyük aclıqla yeni təklifləri gözləyirəm. Mənimçün bu sənətdə əsla qane olmaq, doymaq yoxdur.

- Serial sahəsi necədir? Ssenarilər haqqında nə düşünürsüz?

- Serial Türkiyədə böyük bir inkişaf yolu keçdi, indi də keçməkdədir. Özümüzün istehsalı olan ssenarilərin artmağı xarici ölkələrə ixracı da təmin etdi. Bildiyiniz kimi, keçən il Türkiyə Amerikadan sonra dünyanın ən çox serial çəkən ikinci ölkəsi oldu.

- Mövcud pandemiya hər şey kimi, teatr və kinoya da təsir elədi. Bu zamanı necə keçirirsiniz?

- Pandemiyayla əlaqədar bu çətin dövr hələ ki, bitməyib. Teatr fəaliyyətimiz tamamilə dayanıb. Serial və film çəkilişləri isə çox ağır şərtlər altında davam etdirilir. Yenə də bu dövrdə aktyorların öz evlərindən qatıldıqları "Evdən evə teatr" səhnəcikləri üçün üç ssenari yazdım. Montaj edilib Yutub kanalımda yayımlandı. Bir serialın iki seriyasında rol aldım. İki filmə çəkildim və teatr üçün bir pyes yazdım. Əlbəttə, normal zamanda etdiklərimin yanında çox az işlərdir.

- Sizi həmişə fərqli xarakterlərlə gördük, tanıdıq. Həyat verdiyiniz xarakterlərdə Vəhdət Çakardan nə qədər olur?

- Canlandırdığım xarakterlərdə məndən nə qədər az olsa, özümü o qədər uğurlu hesab edirəm.

- Xarakterə bürünmək və çəkilişdən sonra o xarakterdən çıxmaq müddəti necə keçir?

- Teatrdakı ilk illərimdə bunun çətinliyini çox yaşamışdım. Nəyi oynasam, sanki ona da çevrilirdim. Büründüyüm obrazdan qurtulmaq çətin olurdu, vaxt tələb edirdi. Zamanla özümü qorumağı öyrəndim. Film və seriallarda isə çəkiliş zamanı o qədər kəsintilər olur və texniki vasitələr o qədər çox yer dəyişdirir ki, rolda qalmağınız mümkün deyil. Ona görə də dəyişiklikliyi sürətli edə bilmək bacarığı önə çıxır.

- Azərbaycan mədəniyyətiylə bağlı məlumatınız varmı? Azərbaycanlı sənətçilərdən kimləri tanıyırsınız?

- Azərbaycan deyəndə ağlıma folklor və mahnılar gəlir. Təbii, bir də bizdən bir az fərqli danışıq tərziniz ki, bu, həmişə mənə xoş, sevimli təsir bağışlayıb. Bir zamanlar Türkiyədə yaşayan bir kişi müğənniniz vardı. "Sizə salam gətirmişəm" adlı bir mahnı oxuyurdu. O vaxtlar çox məşhur olmuşdu. Bir də "Avroviziya"da möhtəşəm bir mahnınızı dinləmişdim. Adları xatırlamamağım mənim ayıbımdır. Lakin sualınıza görə araşdırma edib sizə ordan məlumatları verməyi dürüst hesab etmirəm.

- İndi nələr edirsiniz? Seriala davam edəcəksiniz?

- Elə bu günlərdə bir filmin çəkilişlərini bitirdik və sizə söz verdiyim müsahibəyə zaman ayırmaq imkanı tapdım. "Doğulduğun ev qədərindir" serialında iki bölümdə oynadım. Serial tezliklə yeni mövsümə başlayacaq. Ümid edirəm, orda olmağa davam edərəm.

Qardaş Azərbaycan xalqına, oxucularınıza salam və sevgilərimi göndərirəm!

Şahanə MÜŞFİQ

 





30.09.2020    çap et  çap et