525.Az

Əsgər anasının çağırışı


 

Əsgər anasının çağırışı <b style="color:red"></b>

Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb. Tarix boyu torpaqlarına göz dikən bədxahlar böyük quruculuq və yaradıcılıq keyfiyyətləri ilə hər zaman öyünə biləcək, şəhidlik zirvəsinə ucalmağa hazır, şücaətli, qəhrəman övladları olan bir xalqı talamaq, əzəli torpaqlarını işğal etmək və digər məkrli niyyətlər güdmüşlər. Odur ki, tarixin bizə keçdiyi dərsləri daha yaxşı öyrənməli, dostu düşməndən yaxşı ayırd etməliyik.

Azərbaycan torpağı əzəldən çoxmillətli, multikultural bir diyar olub. Burada müxtəlif kökənli, o cümlədən, türk, Qafqaz, ərəb, fars, slavyan və digər etnik mənşəli əhali yaşayıb, bu gün də bir çoxları Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıdır. Onlar hər zaman olduğu kimi, bütün imkan və imtiyazlardan istifadə edərək, vahid azərbaycançılıq ideyasının formalaşması və inkişafında müstəsna xidmətləri olan insanlardır.

Lakin bir neçə onilliklər ərzində Azərbaycan torpaqlarına köç edərək məskən salmış ermənilər özlərinin uydurduğu "Böyük Ermənistan" xülyasını həyata keçirmək niyyəti ilə XX əsr boyu məqsədyönlü şəkildə Azərbaycan xalqına məxsus torpaqları, milli-mənəvi və maddi-mədəni sərvətləri ələ keçirmək iddiası ilə özlərinin çirkin siyasətini gerçəkləşdirməkdədir. 1988-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini Ermənistana birləşdirmək məqsədilə başlanan işğalçı siyasət 32 ildir, erməni milliyyətçiləri və terrorçularının fəaliyyətində ana xətt kimi qalmaqdadır. Erməni milliyyətçilərinin işğal, təcavüz, qətliam, soyqırım kimi vandalizm hərəkətləri Azərbaycanın qəhrəman oğul və qızlarının şəhid olmasına, günahsız uşaqların valideynlərini, anaların isə övladlarını itirməsinə gətirib çıxarıb.

Lakin xalqımız yenə də sarsılmadı. Qəhrəman analarımız yenə də Vətənə layiq oğullar dünyaya gətirdilər, onları Vətənə sevgi və hörmət ruhunda yetişdirdi.

Bu gün cəbhədə yenə də atəşkəs pozulub və şanlı Azərbaycan ordusu düşmənə layiqli cavab verərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əlindən gələni edir.

Ordumuzda xidmət çəkən Azərbaycanın cəsarətli oğul analarının qulaqları səsdə, gözləri yoldadır. Belə analardan biri də Olqa Həşimovadır. Azərbaycan və Ukrayna soylarını özündə birləşdirən Olqa xanım Bakı şəhərində dünyaya göz açıb, burada böyüyüb, təhsil alıb, Azərbaycan torpağına, xalqına, adət-ənənəsinə, milli mədəniyyətinə böyük hörmət və ehtiramla yaşayıb, fəaliyyət göstərib, peşəkar musiqi təhsili alıb. Hazırda Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) təhsil pilləsinin direktor müavini vəzifəsində çalışan O.Həşimova bu günlər həm qürurlu, həm də həyəcanlıdır. Çünki hazırda N saylı hərbi hissədə xidmət çəkən böyük oğlu çavuş Cavanşir öz əsgər yoldaşları ilə birgə cəbhədəki döyüşlərin iştirakçısı olaraq, Vətənin keşiyində dayanıb. Olqa xanımın gözlərində eyni zamanda, qürur və həyəcan göz yaşları görmək mümkündür. Bu azmış kimi, o, çox böyük fəxrlə Ali Baş Komandanın çağırış edəcəyi təqdirdə kiçik oğlu Cavidin də cəbhəyə yollanacağını deyir.

Olqa xanım söhbət əsnasında vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezident seçildiyi ilk gündən Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirib və bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını üstün tutduğunu nümayiş etdirib. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də, Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulayıb. Bununla yanaşı, dövlət başçısı həmişə Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirərək, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini də bəyan edib. 30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. Və həmin zaman yetişdi. Biz hamımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək, ön və arxa cəbhədə düşmənə layiqli cavab verməli, məsələni birdəfəlik həll etməliyik. Bu, bir qürur və Vətən borcu məsələsidir.

Səfərbər olan və ordu sıralarında xidmət çəkən Azərbaycan oğullarının analarına müraciət edən Olqa xanım özünü bütün əsgər övladlarımızın anası hesab etdiyini deyib, onları güclü olmağa çağırıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Allah zabit və əsgərlərimizi qorusun!

Amin!

Əbülfəz BABAZADƏ

 





30.09.2020    çap et  çap et