525.Az

Tramp nə edəcək?


 

Tramp nə edəcək?<b style="color:red"></b>

Koronavirus pandemiyasının ikinci dalğası, Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi ətrafında mövqelərin toqquşması, bəzi ərəb dövlətlərinin İsraili tanıması kimi mövzularla yanaşı, dünyanın diqqətinin yönəldiyi mövzulardan biri də ABŞ prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkidən sonra hansı mövqe tutacağıdır.

ABŞ-da yaranmış ənənəyə görə, məğlub namizəd seçki başa çatar-çatmaz məğlubiyyətini etiraf edərək, rəsmi nəticənin açıqlanmasını gözləmədən rəqibini təbrik edir. Ancaq belə görünür ki, prezident Donald Tramp bu ənənəyə əməl etməyəcək. Üstəlik, Trampın seçkinin nəticələrini şübhə altına ala biləcəyi də istisna olunmur. Hətta seçki gününün sonunda Trampın özünü qalib elan edəcəyi ehtimal da var.

Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən seçicilərin önəmli bir hissəsinin poçt vasitəsilə səs verəcəyi gözlənilir. Ekspertlər 35-40 milyon seçicinin məhz poçt vasitəsilə səs verəcəyini ehtimal edirlər. Prezident Tramp isə poçt vasitəsilə verilən səslərin saxtalaşdırıla biləcəyi ilə bağlı bir neçə dəfə fikirlər səsləndirib.

ABŞ-ın seçki sistemi çox qarışıq bir sistem olduğundan bu, demaqoq, populist və siyasi etikaya əməl etməyənlər üçün müəyyən imkanlar yaradır. Məsələ ondan ibarətdir ki, ABŞ-da prezident dolayı seçki sistemi ilə seçildiyi üçün, əsas məsələ seçicilərin daha çox səsini qazanmaq deyil. Seçkinin qalibi olmaq üçün seçici kollegiyası adlandırılan şəxslərin dəstəyini almaqdır. Doğrudur, seçici kollegiyasının üzvlərini seçicilər müəyyən edir, ancaq bu zaman bütün ölkə üzrə səsvermənin ümumi nəticəsi əsas götürülmür. Mümkündür ki, namizədlərdən biri seçicilərin daha çox səsini alsın, ancaq seçici kollegiyasının üzvlərinin daha çox dəstəyini onun rəqibi qazansın. Bu, ABŞ-ın federalizm prinsipinə əməl etməsindən qaynaqlanır. Ona görə də ştatlar əhalisinin sayına görə deyil, Konqresdəki təmsilçilərinin sayına uyğun olaraq seçici kollegiyasının üzvlərini müəyyən edir.

Ştatlarda bu seçici kollegiyası üzvlərinin müəyyən edilməsi qaydası da fərqlidir. Bəzi ştatlarda seçici kollegiyasının üzvləri səsvermənin nəticələrinə uyğun olaraq proporsional qaydada bölündüyü halda, bəzi ştatlarda qalib bütün səslərə sahib olur. Ona görə də Demokratlar Partiyasının namizədi Co Baydenin seçicilərin çoxluğunun səsini qazanması onun seçkinin qalibi olması demək olmayacaq. Bu gün heç kim, hətta Donald Tramp da Co Baydenin seçicilərin daha çox səsini qazanacağına şübhə etmir. Qeyd edək ki, ABŞ-ın əhalisinin sayına görə ən böyük ştatı olan Kaliforniya bir qayda olaraq Demokratlar Partiyasının namizədinə səs verir.
 
Dörd il əvvəl Kaliforniya seçicilərinin təxminən 72 faizi Hillari Klintona səs vermişdi. Bu, xanım Klintonun bütün ölkə üzrə seçicilərin səsini qazanmasına səbəb olmuşdu. Ancaq bir çox ştatlarda seçici kollegiyasının üzvlərinin müəyyən edilməsində Trampın üstünlük qazanması onun prezident olması ilə nəticələnmişdi. Məlum olduğu kimi, prezident olmaq üçün 535 nəfərdən ibarət seçici kollegiyasının sadə çoxluğunun səsini qazanmaq lazımdır. Tramp da buna ümid edir və buna görə də poçt vasitəsilə səsvermənin nəticələrini şübhə altına almaqla manevr etmə imkanları qazanmağa çalışır. Bəzi ştatların yerli qanunvericiliyinə görə seçicilər müəyyən səbəbdən seçki kollegiyasının üzvlərini müəyyən edə bilməsə, bunu onların əvəzinə yerli qanunvericilik orqanı edə bilər. Koronavirus pandemiyası isə seçicilərin səsvermədə birbaşa iştirak etməkdən çəkindirir və poçt vasitəsilə səsverməyə həvəsləndirir.

Bu səslərin sayılmasında gecikmə yerli qanunverici orqanın işə qarışmasına səbəb ola bilər. Bu zaman Trampın daha bir güclü müttəfiqi - Ali Məhkəmə işə qarışa bilər. Ali Məhkəmənin üzvü Rut Beder Ginsburqun ölümündən sonra respublikaçılarla demokratların arasında nisbət birincilərin xeyrinə daha da güclənib. Üstəlik, Donald Tramp seçkilərə kimi Ali Məhkəmənin 9-cü üzvünün də təyin olunmasına çalışır və artıq bu vəzifəyə ifrat sağ mövqeləri ilə tanınan respublikaçı Emi Koni Barrettin namizədliyini irəli sürüb. Əgər Tramp bu xanımın Ali Məhkəmənin hakimi seçilməsinə nail olsa, ən ali məhkəmə orqanında nisbəti respublikaçıların xeyrinə ciddi dəyişməklə çox güclü bir müttəfiq qazanacaq. Yeri gəlmişkən, xanım Emi Koni Barrettin 48 yaşında olmasını nəzərə alsaq, respublikaçıların çox uzun bir müddətə Ali Məhkəmədə mövqelərinin gücləndiyini söyləyə bilərik. Çünki Ali Məhkəmənin üzvləri ömürlük təyin olunurlar. Buna görə də demokratlar Trampın bu addımının qarşısını almağa çalışırlar.

ABŞ-ın siyasi dairələrini bu məsələdən də daha çox düşündürən məsələ Trampın aşkar məğlubiyyətə uğrayacağı halda da hakimiyyəti əlində saxlamağa cəhd edəcəyi ilə bağlı məsələdir. ABŞ tarixində hələ belə hal olmayıb və bu zaman hansı qanuni prosedurların həyata keçirilməsi ilə bağlı dəqiq qanunvericilik yoxdur. Trampın məğlub olacağı halda hakimiyyətdən çəkilməyəcəyi ilə bağlı narahatlıq o qədər güclüdür ki, hətta Co Bayden də bu məsələyə münasibət bildirib. Demokratların namizədi bəyan edib ki, əgər Tramp Ağ evi tərk etməkdən imtina etsə, ABŞ ordusu işə qarışaraq onu Oval kabinetdən çıxara bilər.

Bütün bunlara görə Donald Trampın seçki gününün sonunda nə edəcəyi maraqla gözlənilir. Hər kəsə aydındır ki, noyabrın ilk bazar günü ABŞ-da yeni bir mərhələnin başlanğıcı olacaq.

 





30.09.2020    çap et  çap et