525.Az

“Atəşlər sizdəsə, közü bizdədir...”


 

“Atəşlər sizdəsə, közü bizdədir...”<b style="color:red"></b>

Bu səhər Sivas Cumhuriyyət Universitetinin rektoru professor Alim Yıldızdan Türkiyəli şair və jurnalist Əbdürrahim Karakoçun “Qarabağa məktub” şeirini aldım.

2012-ci ildə dünyasını dəyişmiş şair Ə.Karakoçun bu şeirinin nəinki Azərbaycanın bugünkü həssas dönəmi üçün, hətta bütün Türk dünyası üçün çox aktual olduğunu düşünürəm. 

Şeiri Azərbaycan türkcəsinə uyğunlaşdırmışam və “525-ci qəzet”in oxucularına təqdim edirəm.

Bu gün hər birimiz Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik və Ədalətli savaşda zəfər çalacağımıza əminik.

Türkiyə dövlət başçısına və Türk xalqına haqq işi yolunda bizə dəstək olduqları üçün minnətdarıq!

Rəbbim Azərbaycan Ordusuna yar olsun, haqq işi yolunda döyüşən əskərlərimizi qorusun!



Həyat ŞƏMİ

Əbdürrahim KARAKOÇ

QARABAĞA MƏKTUB

Bəxtinə ağlayan Azəri qızı,
Sən Qarabağ söylə, mən Qarayazı,
Boşluqda çırpınır Türkün avazı,
Sanma ki, dərdlərin azı bizdədir,
Sizdəki yaranın özü bizdəir.

“Gəl, qardaş!” deyirsən, gələcək yol yox,
Şəhid məzarına qoyacaq gül yox,
Çiləsiz saat yox, davasız il yox,
Qəlpələr sizdədir, sızı bizdədir,
Sizdəki yaranın özü bizdədir.

Türkmənəmi, Qırğızamı yanmadım,
Tataramı, Çərkəzəmi yanmadım,
“İmdat” deyən bir sözəmi yanmadım?
Uyğurun, Özbəyin gözü bizdədir,
Sizdəki yaranın özü bizdədir.

Müsəlman, Türk olmaq suçumuz bizim,
Hiddətlə doludur içimiz bizim,
Bir gündə ağarır saçımız bizim,
Yüz iki bəlanın yüzü bizdədir,
Sizdəki yaranın özü bizdədir.

Özümüzdən qopdu, qandı bağrımız,
Zülüm girdabında yandı bağrımız,
Hədəf taxtasına döndü bağrımız,
Atəşlər sizdəsə, közü bizdədir,
Sizdəki yaranın özü bizdədir.

Birləşmiş Millətlər bənzədi sirkə,
Sadistlər müsəllət edildi Şərqə,
Düşmən, cəllad oldu erməni Türkə,
Qismət bəzən sizdə, bəzən bizdədir,
Sizdəki yaranın özü bizdədir.

Belə gəldi, belə getməz bu oyun,
Zalimləri islah etməz bu oyun,
Umduqları kimi bitməz bu oyun,
Məzlumun əkməyi, duzu bizdədir,
Sizdəki yaranın özü bizdədir.

Müsəlmanıq, Türkük, haqqdan yanayıq,
Ədalətə süd yedirdən anayıq,
Can xərcinə vücud bulmuş binayıq,
Keçmiş bizdə gizli, yazı bizdədir,
Sevginin, şəfqətin özü bizdədir.

 





30.09.2020    çap et  çap et