525.Az

“İlham Əliyevin dünya miqyasında siyasətçi olduğunu qəbul etmək lazımdır”


 

“İlham Əliyevin dünya miqyasında siyasətçi olduğunu qəbul etmək lazımdır”<b style="color:red"></b>

“Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə”də çıxışı çox güclü idi. Prezidentin çıxışında yüksək dəqiqlik, ardıcıllıq, məntiqlilik və əminlik vardı”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Rusiyanın ən çox baxılan siyasi tok-şousunda Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlər, münaqişənin yenidən alovlanmasının səbəbləri və Ermənistan tərəfinin yalan və təxribatçı addımları ilə bağlı Rusiya ictimaiyyətini məlumatlandırdığını bildirən hərbi ekspert İlham Əliyevin dünya miqyasında siyasət adamı olduğunu vurğulayıb.

“Rusiyalı izləyicilər, siyasi ekspertlər İlham Əliyevin çıxışını erməni rəqibi Nikol Paşinyanla müqayisə edərkən gördülər ki, Azərbaycan Prezidenti erməni həmkarından bir baş yox, deyərdim iki baş yuxarıda idi. MQİMO (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti-red.) məktəbi hiss olunurdu. Sözsüz ki, Rusiya cəmiyyətində Azərbaycan Prezidenti barədə ümumi rəy var. Bu rəy İlham Əliyevin dünya miqyasında siyasətçi olmasından ibarətdir. Bunu qəbul etmək lazımdır. Dünən milyonlarla rusiyalı İlham Əliyevin çıxışını izlədi və ona qarşı bir daha simpatiya oyandı. Xüsusi ilə də onun çıxışındakı yüksək dəqiqlikli arqumentlər, tezislərin ardıcıllığı, münaqişənin yenidən alovlanmasının əsas səbəblərinin ifadə olunması rusiyalı izləyici üçün hərbi əməliyyatlar və ümumilikdə münaqişə haqqında ətraflı məlumat oldu. Bu xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın əmin olmayan çıxışı fonunda daha çox hiss olunurdu. İlham Əliyev Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxaran əsas səbəbləri ardıcıl olaraq dilə gətirdi. Bu çox mühüm məsələ idi. O bildirdi ki, İrəvanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini uzatmaq arzusu və uzun müddətdir ki, Paşinyanın törətdiyi təxribatlar nəhayət geniş miqyaslı müharibəyə gətirib çıxarıb”, - deyə İqor Korotçenko qeyd edib.

 

 





30.09.2020    çap et  çap et