525.Az

Pandemiyalı günlərin toy dərsi - Yazı


 

Pandemiyalı günlərin toy dərsi - <b style="color:red">Yazı </b>

Statistika komitəsinin məlumatına görə, ötən ilin on bir ayı ərzində qeydiyyat şöbələri Azərbaycanda 58 317 nigah qeydə alıb.

Hər nigahın bir toy şənliyi ilə nəticələndiyi ölkəmizdə istisnaları nəzərə alaraq, deyə bilərik ki, təkcə keçən il ən azından 50 mindən çox toy məclisi keçirilib. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı, həm də bir-biri ilə bağlı təntənəli ənənələrin vəhdətidir. Toy adətləri əsrlər boyu Azərbaycanın müxtəlif bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilib. Bu adət-ənənələrdə Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapıb. Burada qonaqpərvərlik, gülərüzlük, şadyanalıq, musiqi, incəsənət - nə axtarsan, tapmaq olar. Hər bir xalqın adət-ənənəsi onun özünəməxsusluğunun, unikallığının əsas göstəricələrindədir.

Təəssüf ki, zaman keçdikcə bu unikallıq, özünəməxsusluq özünü tamam başqa səpkidə göstərməyə başlayıb - toy məclisləri şadyanalıq, sevinc, sevgi paylaşımı kodeksindən çıxaraq kommersiya məqsədli yığıncaqlara çevrilib. Yəqin elə buna görə sadə mağarlar bir-birindən dəbdəbəli restoranlara, sadə süfrələr qalın menyularla əvəzlənib. İş belə olduqda isə nə toy edən, nə toya gedən rahat hərəkət edə bilib. İfrata qaçdıqca toy edən çəkdiyi xərci, toya gedən çəkəcəyi xərci fikirləşib. Beləliklə də, hər iki tərəf üçün "xeyir iş" ən əziyyətli işə çevrilib. İş o yerə çatıb ki, kimdənsə "dolanışıq necədir" soruşanda "şükür, yaxşılıqdır, toylar imkan versə, lap yaxşı olar" kimi cavablar almaq da vərdişə çevrilib. Remark deyirdi ki, pulla başa gələn hər şey ucuzdur. Son illər daha çox mahiyyətində madiyyat dayandığı üçün toylarımız da günü-gündən dəyərdən düşüb. Çox yox, cəmi 30-40 il öncələrə kimi dəvətnamə paylayanlar, toy xəbəri gətirənlər bu xoş xəbəri alanlar tərəfindən mükafatlandırılar, "şirinlik" alarmışlar. İndilərdə isə əksəriyyət toy xəbəri gətirən adamları, az qala, "qara xəbər" gətirən poçtalyonlar kimi qarşılayır.

"Çağırılan yeri ar eləmə, çağırılmayan yeri dar" atalar sözünü əlində bayraq edən, daha doğrusu, bundan sui istifadə edən əksəriyyət, tanıdı-tanımadı, bildi-bilmədi, bir dəfə salam verdiyi, adını belə dəqiq bilmədiyi adamları öz toyuna çağırır və beləliklə, hər şey burdan başlayır. Əslində isə insan dərdini kiminlə bölüşə bilirsə, sevincini də onunla bölüşməlidir. Əgər məsələ nəyisə bölüşməkdirsə, bu, maddiyyat olmalıdır. Çünki belə olduqda, necə deyərlər, qurunun oduna yaş da yanır. Toyda həqiqətən iştirak etmək istəyənlər iştirakını məcbur hesab edənlərin mənfi aurasının təsirində qalır.

Son aylar dünyanı cənginə alan, bütün infrastrukturu iflic edən koronavirus pandemiyası, nəhayət, müvvəqqəti də olsa, ölkəmizdəki bu toy bumunu bir xeyli səngitdi. Pandemiyanın gətirdiyi məhdudiyyətlər, bizləri bəzi məcburiyyətlərdən də xilas etdi. Deyəsən, tədricən də olsa, kəmiyyətə yox, keyfiyyətə önəm verməyə başlamışıq, ya da buna məcbur olmuşuq. Artıq öyrənə bilmişik ki, həqiqətən dəyər verdiyin, şad günündə yanında olmasını istədiyin 20-25 nəfərlə də toy etmək olar. Öyrənmişik ki, bu zaman həmin o məhdud sayda olan adamlar da özünü daha dəyərli hiss edirlər. Hər dərd həm də bir dərsdir. Gəlin inanaq ki, bu dərddən lazımi dərsi çıxarmağa müvvəffəq olacağıq. Pandemiya aradan qalxandan sonra da dərdimizi kiminlə, kimlərlə bölüşürüksə, sevincimizi də onlarla bölüşəcək, yurdumuzun hər yerində, o cümlədən, Dağlıq Qarabağda, işğaldan azad olunan torpaqlarımızda ən yaxın, ən doğma insanların ürəkdən qol götürüb oynayacağı toy sədaləri eşidəcəyik.

 





01.10.2020    çap et  çap et