525.Az

Şairin kədər salnaməsi - Xatirə


 

HÜSEYN HÜSEYNZADƏDƏN HÜSEYN ARİFƏ...

Şairin kədər salnaməsi - <b style="color:red">Xatirə</b>

Oxuduğumuz misraların nə qədər dəyərli olduğunu bəzən həmin an anlamır və onların arxasında gizlənən mənaları, duyğuları sezmirik. Halbuki hər bir şeir parçası özündə min bir xatirə, acı göz yaşı və ya sevinc, gülüş yaşadır.

Bir şair, qəlbinə yüzlərlə arzunu, xəyalı sığışdırdığı kimi, çəkdiyi iztirabları da könül dünyasının qaranlıq guşəsində saxlayır. Ümumiyyətlə, insan oğlunun yaşadığı acılar ona ilham verə bilərmi? Əsrlərdən bəri yazılan şeirlərin ana xəttini təşkil edən həsrət, ondan doğulan kədər bir insan ömrünə necə təsir edər?

Verilən suallara alınan cavablar adamların yaşadığı ömürdən aslı olaraq, müxtəlif olacaqdır. Bəs bu qədər fərqli həyat yaşayan insanları birləşdirən nədir? Bəlkə də, bu suala birmənalı şəkildə "kədər" deyə cavab verə bilərik. İnsanlar bir-birləri ilə sevinclərini bölüşməyə tərəddüd etdikləri halda, kədərli anlarında sığınmağa bir qanad axtarırlar. Bu səbəbdəndir ki, qəmli notlarla yazılan şeir parçası insan ruhunun dərinliklərinə enir və onu qapısı açıq qalmış keçmişinə aparır.

Qəza bir qapını bağlamayıbdır
Bizim qapımızı bağlayan kimi.
Füzuli Məcnuna ağlamayıbdır
Hüseyn, Arifə ağlayan kimi.

İlk baxışda mənalı misraların bir araya toplandığı şeir parçası kimi görünsə də, özlüyündə övlad həsrətindən qovrulan bir atanın can yanğısı önə çəkilib. Hər bir şeirin, hekayənin tarixçəsi olduğu kimi, insan adlarının da hekayəsi vardır. Bəziləri sevginin "al-əlvan rənglərilə" bəzədildiyi gül dəstəsini xatırlatsa da, bir çoxu bədbəxtliyin, ümidsizliyin simvoluna çevrilmişdi.

Hüseyn Hüseynzadənin sonra Hüseyn Arif olmasında da bu "simvol"un təsiri özünü göstərmişdi. Səmimi şeirləri ilə oxucuların qəlbində taxt quran şair ömrünün baharında birdən-birə dönüb Hüseyn Arif olur. Görəsən, hansı hadisə bunun baş verməsinə səbəb olmuşdu?

Ədəbiyyatımızın tarixi dövrlərinə qısa səyahət etsək, görərik ki, müxtəlif zamanlarda övlad həsrəti ilə bir-birindən yanıqlı əsərlər yazan çoxlu şairlər, yazıçılar varmış. Hüseyn Arif də həmin şairlərlə eyni kədəri bölüşmüş, övlad dağının acı meyvəsini o da dadmışdı.

İllər əvvəl Hüseynzadə ailəsində dünyaya gələn Arif ana və atasına sevinc, yeni ümid gətirmişdi. Sevgi, diqqətlə böyüdülən, hər zaman əzizlənən Arifi, görünür, torpaq da çox sevirmiş. Cəmi 21 bahar yaşayan Arif, ömrünün ən şirin çağında avtomobil qəzasına qurban getmişdi.

Onun gedişi ilə kədər şairinə çevrilən Hüseyn Arif "dünyaya gəlir". Amma adı ilə qoşa səslənən Arif kəlməsi onu təsəlli etmir, həyatdan küsüb ölüm karvanını gözləməyə başlayır. Şair özü qeyd edir ki, səksənə, doxsana, yüzə dözərdim, əgər Arifi 50-də itirməsəydim.

İnsanların yaddaşında zarafatcıl, deyib-gülən insan kimi qalan, amma qəlbində sağalmaz övlad dərdini gəzdirən şair cəmi 68 il ömür sürdü. 1992-ci ilin 14 sentyabrında əbədi aləmə köçərək ruhən oğluna qovuşdu.

 





01.10.2020    çap et  çap et