525.Az

Sözə verilən könül - Yazı


 

Sözə verilən könül - <b style="color:red">Yazı</b>

Masamın üstündə nəşrini gözləyən bir kitabın əlyazmaları var. Doğrusu, o imzanı əvvəldən tanımamışam. Mənim üçün çox dəyərli olan tədqiqatçı, yazıçı-publisist Vasif Quliyevin təqdim etdiyi əlyazmalara nəzər salanda hiss etdim ki, bu misraların müəllifi könlünü sözə verib, iç dünyasını şeirlə bölüşüb, misralara çevirib. Özü də bunu bacardığı şəkildə, səmimi bir istəklə həyata keçirir. Yazır ki:

Payızda qızılı bir don geyinər,
Hüsnünə yaraşar yağış da, qar da.
Lakin daha gözəl, qəşəng görünər
Mənim doğma yurdum Şuşa baharda.
Övlada qayğısı, istəyi birdi,
Dağların başında sanki sehrdi,
Qəlbləri coşduran şirin şeirdi
Mənim doğma yurdum Şuşa baharda.
Ətirli çiçəklər yolumu kəsdi,
Xəstəyə bir damla suyu da bəsdi,
Ürəklərə axan həzin bir səsdi,
Mənim doğma yurdum Şuşa baharda.

Hələ Şuşalı günlərdə qələmə alınmış bu şeir müəllifin həzin pıçıltısına bənzəyir. Sanki o, üzünü göylərə tutub, Şuşanın mənzərəsini, gözəllikərini dilə gətirir.

Və yaxud:

Sinəm dağlı, yolum bağlı,
Özüm dərdli qarabağlı.
Bir an ayrı qala bilməz,
Şuşam, qəlbim sənə bağlı.

Bu şeir artıq Şuşasız günlərin acısını özünə hopdurub. Əlyazmalarını vərəqlədikcə diqqətimi bu misralar da çəkir:

Çəmənlər güllü xəli,
İşləyib rəssam əli.
Gəzirəm dəli-dəli,
Şuşamı axtarıram.

Ümumiyyətlə, bu əlyazmaların böyük əksəriyyəti yurd nisgili və vətən həsrətinin cizgilərini özündə ifadə edir. Hər bir şeirin damarında mütləq Şuşa, Qarabağ çaları boy göstərir.

Məsələn:

Şən lalələr boya çəkər dodağına, düzünə,
Bənövşələr sürmə sürtər qaşına, həm gözünə.
Yaz dumanı şeh çiləyər səhər-səhər düzünə,
Qurban olum dolamana, cığırına, rizinə,
Gözəl Şuşam, nə gözəlsən, qaytar məni özünə.

Və yaxud başqa bir şeirdə:

Bu gün vaxtdır, sabahsa gec,
Ayılmasan, sonluq bir heç.
Zaman yetib, canından keç,
Yol gözləyir ana Vətən.

Bəli, mən Tamella Şuşalının əlyazmaları ilə tanış olarkən bir daha açıq-aşkar gördüklərimə də inandım ki, biz Qarabağsız, Şuşasız sadəcə olaraq mövcuduq, yaşamırıq. Bu mövcudluq biz həmin torpaqlara qayıdanda artıq yaşamağa çevriləcək. Ona görə də indi üzümüzü Tanrıya tutub, deyirik ki:

Könlümün kamanı, qəlbimin sazı,
Vətən notu üstə etdi pərvazı.
Ümidim ürəyə gətirdi yazı,
Qoyma həsrətimi həddini aşa,
Tanrım, yardım elə, sevinsin Şuşa.

Burdakı sonuncu misra mənim üçün xüsusilə yaddaqalan oldu. Bu, müəllifin ən səmimi pıçıltılarından biridir. Söhbət burda təkcə bizim yox, həm də Şuşanın sevinməyindən gedir.

Bəli, əl içi boyda bir kitabdakı səmimi pıçıltılar, səmimi ifadələr, həqiqətən də, maraq doğurur, diqqət çəkir.

Düşünürəm ki, Tamella Şuşalının şəhidlərimizin ruhuna, Azərbaycan əsgərinə, yurd nisgilimizə, bütövlükdə yaxından tanıdığı doğmalarına, dostlarına ünvanladığı misralar həqiqətən onun yaşantılarıdır. Və o da bu yaşantıları şeirləşdirib, bütövləşdirib və bütünləşdirib. Bu yolda mən şairə uğurlar diləyir və demək istəyirəm ki, onun sözə verdiyi könlü, inşallah, Şuşada sevinər!

Əbülfət MƏDƏTOĞLU
Əməkdar jurnalist

 





01.10.2020    çap et  çap et