525.Az

Mirzə Bağır Əliyev - fəal maarifçi və milli istiqlal sevdalısı


 

Mirzə Bağır Əliyev - <b style="color:red">fəal maarifçi və milli istiqlal sevdalısı</b>

Azərbaycanın milli istiqlal hərəkatçılarından olan Mirzə Bağır Əliyev 1882-ci ildə Naxçıvan şəhərində doğulub. Onun atası Hacı Yusifin Nehrəm kəndində və Naxçıvan şəhərində mülkləri vardı. Hacı Yusifin 5 övladı olub: Böyük oğlu Məşədi Tağı, Mirzə Bağır, Nağı, Fatma və Ümmülşərəf. Hələlik Mirzə Bağır Əliyevin şəxsi işi tapılmadığından arxiv sənədlərindən və onun haqqında yazılan xatirələrdən istifadə edəcəyik.

Mirzə Bağırın qızı, Azərbaycanın Xalq artisti Zəroş Həmzəyevanın xatirələrindən məlum olur ki, Mirzə Bağır Əliyev ilk təhsilini Naxçıvan şəhər qəza məktəbində alıb və sonralar İrəvanda gimnaziyada təhsilini davam etdirib. O, ərəb, fars və rus dillərini mükəmməl bilib. Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində saxlanılan sənədlərdən məlum olur ki, Mirzə Bağır Əliyev 11 sentyabr 1908-ci il tarixində İrəvan Quberniyası Xalq Məktəblərinin müdirinin əmri ilə Culfanın Yaycı kənd məktəbinə nəzarətçi (müdir) vəzifəsinə təyin edilmişdi. Arxiv fondlarında onun İrəvan quberniyası Xalq məktəblərinin müdirinə göndərdiyi raportlar saxlanılır. O raportlardan məlum olur ki, Mirzə Bağır Əliyev maarifçilik işində çox intizamlı olub. Müdir olmaqla yanaşı, Yaycı məktəbində rus dili və hesab fənlərini də tədris edib.

1909-cu ilin oktyabrında quberniya mərkəzindən Yaycı kənd məktəbini yoxlamağa gələn inspektor Razumovski yoxlamadan sonra təftiş aktında yazmışdır: "19 sentybar 1909-cu ildə Yaycı məktəbini ziyarət etdim və məktəbin müəllimi Mirzə Bağır Əliyevin rus dili və hesab dərslərində iştirak etdim. Dərslər qənaətbəxşdir və tədris işində cənab Əliyevin səy və istəyi görünür".

Mirzə Bağır Əliyev 1911-ci ilin aprel ayına kimi Yaycı məktəbində işləyib.

Araşdırmalar zamanı tapdığımız sənəddən məlum olur ki, Mirzə Bağır Əliyev 1912-ci ilin aprel ayında Nehrəm məktəbinə nəzarətçi (müdir) təyin olunub. Bu məktəbdə də işləyərkən o, məktəbin təmir olunması üçün, məktəb kitabxanasında lazım olan kitabların Naxçıvandan və İrəvandan gətirilməsi üçün var qüvvəsi ilə çalışmışdı. Bunu onun yazdığı raportlar təsdiqləyir. Həmin raportlar Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 26-cı fondunda saxlanılır. Həmin sənədlərdən məlum olur ki, o, 1916-cı ilin aprel ayına kimi ata vətəni Nehrəmdə məktəb nəzarətçisi işləyib. 1917-ci ildən başlayaraq Mirzə Bağır Əliyev doğma vətəni Naxçıvanın erməni təcavüzündən və xarici müdaxiləçilərdən azad olunmasında fəal iştirak edib. Başqa sözlə desək, onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın istiqlal tarixində fəal iştirakı başlayır.

Mirzə Bağır Əliyev gimnaziya təhsilli olduğundan və ərəb, fars, rus dillərini mükəmməl bildiyindən Naxçıvan Müsəlman Milli Komitəsinin (sonralar Milli Şurası), Naxçıvan Araz-Türk Cümhuriyyətinin və Müvəqqəti hökumətin katibi işləmişdir.

Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" əsəri qalın cildlənmiş 250 səhifəli məktəbli dəftərinə qara mürəkkəblə, ərəb əlifbasıyla yazılıb. Maraqlı və vacib cəhətlərdən biri odur ki, burada naxçıvanlıların düşmənə qarşı mərdlik və qəhrəmanlıqla vuruşması günbəgün, saatbasaat təsvir edilib.

Qeyd etmək yerinə düşər ki, 1993-cü ildə bu qiymətli əlyazma filologiya elmləri namizədi Tərlan Quliyev tərəfindən Azərbaycan əlifbasına (kiril) çevrilib və çap etdirilib.  

Mirzə Bağır Əliyev əsərin əvvəlində yazır: "Qanlı günlərimiz" Naxçıvanda erməni-müsəlman müharibəsinə dair bir əhvalatdır ki, gələcək vətəndaşlar üçün tarixi yadigar deməkdir".

1918-ci ildə onun 36 yaşı vardı. Mirzə Bağır Əliyev Naxçıvanda sovet hökuməti qurulandan sonra mühüm vəzifədə işləyib. İnqilab Komitəsinin qərarı ilə Daxili İşlər Şöbəsinin ümumi məlumat-təlimat şöbəsinə rəis Mirzə Bağır Əliyev təyin olunur. Bu haqda Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı vardır.

Sovet hakimiyyəti illərində Mirzə Bağır Əliyev müəllim, hüquqşünas-vəkil kimi də fəaliyyət göstərib. Mirzə Bağır Əliyev yaxşı tar çalarmış və "Səyyar" təxəllüsü ilə şeirlər yazarmış. Onun qızı mərhum Xalq artisti Zəroş Həmzəyevanın çox ehtiyatla yazdığı ("Atam haqqında bir neçə söz") xatirəsindən məlum olur ki, Mirzə Bağır Əliyev 1937-ci ildə Naxçıvanın Siyasi İdarəsi tərəfindən həbs edilib və 3 gün istintaqa cəlb olunub. Yəqin ki, gələcək axtarışlarda bu istintaq materiallarını tapmaq mümkün olacaq. Çünki Zəroş xanımın yazdığından məlum olur ki, onun həbsi Mirzə Bağır Əliyevin məşhur hərbçi qardaşı ilə bağlı olub. Bu haqda bir az sonra söhbət açacağıq.



Siyasi idarənin sorğu-suallarından sonra Mirzə Bağır Əliyev 5-6 ay işsiz qalıb. Qızının yazdığından məlum olur ki, sonralar işə düzəlsə də, əvvəlki kimi rahat deyildi. Biz onun hərbçi qardaşı Nağı Əliyevlə bağlı axtarışlar aparandan sonra qərara gəldik ki, Siyasi İdarə Nağını bərk axtarırmış. İstintaqdan sonra Mirzə Bağır Əliyev çox yaşamayıb. 1938-ci il sentyabrın 1-də qəflətən ürək tutmasından Naxçıvan şəhərində vəfat edibdir. Mirzə Bağır Əliyev İrəvanlı İbrahim bəy Makinskinin gimnaziya təhsili almış qızı Əfşar xanımla ailə qurmuşdu. Bu nikahdan Şulan (Məmmədrza), Zəroş, Əkrəm, Fəridə və Qurban adlı övladları olmuşdur.

Mirzə Bağır Əliyevin hərbçi qardaşı haqqında Zəroş xanım "Qanlı günlərimiz" əsərinin əlavəsində azacıq məlumat verib. Əvvəldə dediyimiz kimi, çox ehtiyatlı!

2002-ci ildə Azərbaycan hərb tarixinin zəhmətkeş tədqiqatçısı Şəmistan Nəzirlinin "Topoqraf-general İbrahim ağa Vəkilov" adlı kitabının sonunda Azərbaycan Respublikasının Xalq artisti Zəroş xanım Həmzəyevaya ünvanladığı məktubda Nağı Əliyev haqqında məlumat yer alıb (s.286-287).

Nağı Əliyevlə bağlı xeyli axtarışlarımız oldu. Azərbaycan hərb tarixinin Moskvada yaşayan tanınmış tədqiqatçısı Eldar Elxan oğlu İsmayılovun rusca yazdığı "Georgi kavalerləri-azərbaycanlılar", (Qeorqievskie kavalerı - azerbaydjanüı, Moskva 2005) kitabında olan arxiv sənədlərindən məlum oldu ki, Nağı Əliyev Yusif oğlu 22 may 1917-ci ildə çar Rusiyasının yüksək hərbi mükafatı - Georgi Silahı ilə təltif edilib. Orada qeyd olunub ki, Nağı Əliyev 1895-ci ildə Naxçıvan şəhərində doğulub. 13-cü Finlandiya atıcı polkunun poruçikidir. Bu Qızıl Silahın verilmə səbəbi də yazılıb. Oradakı məlumatdan aydın olur ki, Nağı Əliyev 1 oktyabr 1916-cı ildə, həmin polkun podporuçik olan vaxt, özünün kəşfiyyatçı döyüşçü yoldaşlarına komandirlik edərək, güclü atəş altında Ezerno kəndinin cənub-şərqindəki Stavok çayını keçmişlər. Onun özü cəld və çevik süngü döyüşündən sonra düşmənin səngərini ələ keçirib. İki əks hücumdan sonra düşmən səngərində yerini möhkəmləndirib.

O, 1918-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunda hərbi xidmətə başlayıb. Azərbaycan Parlamentinin mühafizə xidmətinin rəisi olub. Bu illərdə ona podpolkovnik hərbi rütbəsi verilib.

1920-ci ildə aprel ayının 28-dən, yəni sovet hökuməti qurulandan sonra onun haraya mühacirət etməsi haqda dəqiq məlumat yoxdur. Güllələnənlər siyahısında da adı qeyd edilməyib. Qohumlarının dediklərinə görə, Nağı Əliyev döyüşçü dəstəsi ilə Naxçıvana gəlib və Naxçıvanın müdafiəsində iştirak edib. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində saxlanılan 2 sənəd Nağı Əliyev haqqında maraqlı məlumatlar verir. Bu sənədlər onun böyük qardaşı Mirzə Bağır Əliyevin Nehrəm kənd məktəbində işləyərkən yazdığı raportlardır. O, 7 yanvar 1913-cü ildə İrəvan Quberniya Xalq Məktəbləri müdirinə göndərdiyi və 17 yanvar 1914-cü il tarixdə yazdığı raportlar Nağı Əliyevin həyatı ilə bağlı axtarışlara kömək edə bilər. Məzmunu dəqiqliklə əlimizdə olan bu arxiv sənədlərindən görünür ki, Nağı Əliyev müəllim də işləyib. Amma onun keçdiyi hərbi yol da mühümdür ki, o haqda az-çox məlumatımız var.

Hər iki qardaşın - Mirzə Bağır Əliyevin və podpolkovnik Nağı Əliyevin 1918-1920-ci illərdə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın müdafiəsində böyük xidmətləri olub. Ürəkləri vətən sevgisi ilə dolu olan qardaşların tariximizdə yaşamaları üçün mənəvi haqları var.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





01.10.2020    çap et  çap et