525.Az

Müsəlləh əsgərdir onlar bu gündən... - Şahanə Müşfiq yazır


 

ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATININ BİR SIRA TANINMIŞ SİMALARI DA SƏFƏRBƏR OLARAQ ÖN CƏBHƏYƏ YOLLANIBLAR

Müsəlləh əsgərdir onlar bu gündən... - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Sentyabrın 27-si səhər saatlarından düşmənin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində başlayan döyüşlər davam etməkdədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli əmri ilə ordumuz bütün cəbhəyanı bölgələrdə düşmənə qarşı əks-hücum əməliyyatı apararaq işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşur.

Döyüşlər başlanandan bir gün sonra ölkəmizdə qismən səfərbərlik elan olundu və ehtiyatda olan hərbi qulluqçular hissə-hissə ordu sıralarına çağırılır. Çağırılan Azərbaycan övladları buna sevinir, bununla qürur duyur, hələlik çağırılmayanlar isə həsəd aparır, intizarla öz növbələrini gözləyirlər.

Əlbəttə, heç bir müharibə itkisiz ötüşmür, heç bir torpaq qansız azad olunmur. Bizim də şəhidlərimiz, qazilərimiz var. Bu həqiqət nə qədər qəlbimizi göynətsə də, günlərdir cəbhəyə gedə bilmək eşqiylə alışıb-yanan, onu hələ aparmayıblar deyə gedən dostlarından utanan oğullarımızla qürur duyuruq.

Dediyimiz kimi, səfərbərlik elanından sonra vətən oğulları hissə-hissə ön cəbhəyə, düşmənlə mübarizəyə yollanır. Onların arasında ədəbi mühitin nümayəndələri, istedadlı şair və yazarlar da var.

Ədəbiyyatımız özünün ilk zabitini şair Emin Pirinin şəxsində göndərdi cəbhəyə. Bu xəbəri keçmiş leytenant sosial şəbəkədə dostlarıyla böyük sevinc və qürurla bölüşdü: "Ağdamda səngərdə xidmət etdik... Tağım komandiri kimi yenidən xidmətə gedirəm. Belə şərəfli anlar həmişə taleyimizə yazılmır. Çox şükür ki, qismət oldu. Tanrının izniylə Azərbaycan xalqını sevindirərik.

Hamınızı öpüb bağrıma basıram. Elə Ağdamda, tağım komandirinin dilindən yazdığım şeirlə də sizinlə sağollaşıram".

Şair dostumuz bu sözlərindən ardından özünün məşhur "Sağ qalan varmı?!" şeirini də paylaşdı. Növbəti gün hələlik sonuncu statusunda hərbi komissarlıqda olduğunu, birazdan yola düşəcəyini yazan Emin "Məndən narahat olmayın, sözə güllə işləməz!" deyərək hamımızı Allaha əmanət edib cəbhəyə yollandı.

Emindən sonra növbəti xəbər ehtiyatda olan baş çavuş, şair, aktyor Oğuz Alparslandan gəldi. O, vətənin müdafiəsinə Cəlilabaddan yollandı və biz dostları, oxucularıyla bu sözlərlə sağollaşdı: "Bu gün o gündür! Zəfər şərbətini dadmağa gedən yolun ilk addımını atıram. Qismətimizdə zəfər də var, şəhadət də. Tanrı qismətimizdə nə varsa onu nəsib etsin!

Övladlarımla hərbi komissarlığın həyətində sağollaşıram. Sizlərlə isə bu "post" vasitəsi ilə. Haqqınızı halal edin və məni unutmayın.

"Hər şey vətən üçün" - deyib sizlərlə sağollaşıram. Görüşənədək!

Vətən daşı olmayandan vətəndaş olmaz!

Hər birinizi bağrıma basır və Allaha tapşırıram!"

Şair dostlardan Qabil Ədalət də ön xətdə şərəflə vətənin müdafiəsində olan ədəbiyyat nümayəndələrindəndir. Hər zaman Azərbaycan, vətən, bayraq sevgisiylə tanıdığımız, bu sevgisini şeirlərindən də oxuduğumuz Qabil Ədalət sentyabrın 27-si başlayan Qarabağ uğrundakı haqq savaşımızı belə şərh etmişdi: "2020 qələbə ili oldu, koronavirus yox!"

Dünən qələmi müvəqqəti yerə qoyub silaha sarılan növbəti gənc şair Furqan Sadiq oldu.

Hələlik ədəbi mühitdən cəbhəyə çağırılan şairlərin sonuncusu Aqşin Evrəndir. O, sentyabrın 30-u səhər cəbhəyə çağırılması xəbərini öz səhifəsində bizimlə bölüşdü: "Dəyərli dostlar, bizə də yol göründü. Yəqin ki, bu gün və ya sabah gedirəm. Sağlıqla qalın!"

Bir sıra şairlər isə məhz cəbhəyanı bölgələrdə yaşayırlar. Erməni daşnaklarının ilk gündən mülki əhalini, cəbhə zonasındakı ərazilərimizi hədəf aldığını və bu günlər ərzində dinc əhalidən də ölənlərin, yaralananların olduğunu nəzərə alsaq, hazırda mərminin, güllənin altında həyatına davam edən, torpağından bir qarış belə aralanmayan o insanların da hər biri bir döyüşçü, qəhrəmandır.

Vaxtilə Ağdamın Mərzili kəndindən məcburi köçkün gələn, indi isə rayonun bizim nəzarətimizdəki ərazisində ailəsiylə birgə yaşayan şair Ramil Mərzilinin olduğu yer mütəmadi şəkildə düşmən tərəfindən atəşə tutulur. Həmçinin, ermənilərin hədəf aldığı Tərtər rayonunda işləyən Ramil və onun kimi vətəndaşlarımız hazırda həm evlərində, həm iş yerlərində hər an təhlükəylə göz-gözədirlər. Qadın və uşaqları bölgədən çıxarsalar da, Ramil qardaşları, qohumlarıyla birgə Ağdamda - düşmənlə üz-üzə yaşamağa davam edir və Azərbaycanın mərd oğulları kimi orduya çağırılacağı günü gözləyir.

Əslən Laçından olan şair və fotoqraf  Nofəl Ümid Bakıda yaşasa da, iyulun 22-də ailəsinin məskunlaşdığı Tərtərə getmişdi. Rayondakı əhval-ruhiyyəni görən Nofəl Bakıya gəlməkdən imtina edib, günlərdir həmkəndliləri, qohumlarıyla birgə olduğu bölgədən çıxmır, "hələ ki, döyüşə çağırmayıblar, mən də burda qalacaq, burdan da cəbhəyə gedəcəyəm" - deyir.

Kəlbəcərdən məcburi köçkün gəlib Goranboyun Qaraçinar kəndində məskunlaşan şair Arzuman Ağdabanlı "məni bir dəfə torpağımdan çıxmağa məcbur qoyub, qaçqın adını almağıma səbəb olublar, bir daha bunu təkrarlamaram, ordumuzun yanındayıq" - deyib, ailəsi, övladlarıyla birgə erməninin hədəflərindən biri olan Qaraçinarda yaşamaqdadır. Bununla da kifayətlənməyən şair dostumuz ordumuza yerlərdə dəstək vermək üçün kənd camaatından qruplar təşkil edib. Özü düşmənin kəşfiyyat məqsədli əraziyə girməsi ehtimalına qarşı tədbir kimi yaratdığı beş nəfərlik qrupla kənd ətrafında gəzir, şübhəli, tanımadığı şəxs gördükdə polisə məlumat verir.

Şairlər arasında övladını cəbhəyə yola salanlar da var. Süleyman Abdulla belələrindəndir.

Xanım şairlər isə arxa cəbhədə ordumuza tam dəstək göstərirlər. Qardaşını, oğlunu, həyat yoldaşını, qohumlarını cəbhəyə yola salan xanımlarımız onlara inamlarını əsl Azərbaycan qadını kimi mətanətlə sərgiləyirlər.

Şair Nuranə Nur ötən il hərbi xidmətdən gələn oğlunu yenidən cəbhəyə göndərdi. Şairlər Sara Selcan və Sevil İşığın hərbçi həyat yoldaşları günlərdir ki, düşmənə qarşı döyüşlərdə iştirak edir. Şair, ədəbiyyatşünas Gülnar Səmanın qardaşı, qohumları da ordumuzun sıralarında vətənin keşiyindədirlər.

Bu yazıda adı çəkilənlər hələlik bizim bildiyimiz qələm adamlarıdır. Bəlkə siz bunu oxuyana qədər yenə də ordumuzun sıralarına şair və yazıçılardan qatılanlar olacaq. İndidən hər birinə sağ-salamat qayıtmağı, uğur, qələbə sevinci arzulayırıq!

Bəli, şair humanistdir, insansevərdir. Ancaq illərdən bəri işğaldan əziyyət çəkən, torpağına həsrət xalqın şairi öncə vətəndaşdır. Məşhur türk alimi Cəlal Şəngörün də dediyi kimi, müharibədən əvvəl müharibə əleyhinə ola billərsən, amma müharibə vaxtı müharibə əleyhdarı olmaq separatçılıq, vətənə xəyanətdir!

Vətən sizə, siz də Allaha əmanətsiniz, Azərbaycan əsgəri!

 





01.10.2020    çap et  çap et