525.Az

Avropa mediasına etirazım - Orxan Aras


 

Avropa mediasına etirazım - <b style="color:red">Orxan Aras </b>

Azərbaycan Ordusu Qarabağı düşmən işğalından azad etmək məqsədilə əks hücumlara başlayan kimi erməni diasporu hər yerə saxta xəbərlər yaymağa başladı. Yalnız müəlliflər, dövlət qurumları, qeyri-hökumət təşkilatları deyil, hətta Kardaşyan kimi  rüsvayçı modellər də tvitləri ilə hadisələri təhrif edirlər. Allaha şükür ki, gənclərimiz dayanmayıb bu mövzuda fəallıq göstərdilər. Sosial mediada Türkiyə və Azərbaycan əhalisi almanca, ingiliscə, fransızca mesajlar yazmağa başladılar.

Biz də Avropa mətbuatını daim izləyirik və dərhal yalan xəbərlərə cavab veririk. Almaniyada sol təmayüllü "TAZ" qəzeti qərəzli xəbər yayımlayanda onun baş redaktoruna aşağıdakı məzmunda məktub göndərdim.

Hörmətli Barbara Junge,

Kölndə yaşayan bir yazıçıyam. Türkiyədə anadan oldum və böyüdüm, ancaq Azərbaycan kökənliyəm. Hessen IG Metall birliyinin üzvü idim və o vaxtdan bəri "TAZ" qəzetini oxuyuram. "TAZ"ın Almaniyada fərqli bir auditoriyası var. "TAZ" insan haqlarını düşünən və qərəzdən azad olan, burada yaşayan xarici mənşəli insanlar tərəfindən qiymətləndirilən bir qəzetdir.

Bilirsiniz ki, Qafqazda bir çox xalq var, amma üç gözəl və kiçik ölkə var. Bunlar Gürcüstan, Azərbaycan və Ermənistandır. Bu ölkələrin xalqları bir-birinə bənzəyirlər. Onların musiqisi, yeməyi və ənənələri bir-birinə bənzəyir. Görünüşləri də o qədər də fərqli deyil. Ancaq tarix boyu imperialistlər bu xalqları siyasi məqsədlər üçün bir-birlərinə vurdurdular. Azərbaycanla Ermənistan arasındakı Qarabağ qarışıqlığı da belə bir siyasi oyundur. Ancaq bu iki xalqın bir-birinə ehtiyacı var. Dağlıq Qarabağda erməniləri də yaşayır (Xankəndi). Ancaq bu şəhərin ətrafındakı yeddi bölgə də Ermənistan tərəfindən işğal edildi. Bu şəhərlərdən didərgin düşmüş bir milyon insan Azərbaycanda, Bakı ətrafında çox çətin vəziyyətdə və Ermənistana qarşı böyük bir qəzəb içində yaşayırlar. Bu insanları başa düşmək lazımdır. Azərbaycan torpaqlarının işğal edildiyi Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası tərəfindən qəbul edilmişdir. Əslində, oradakı Xocalı şəhərinin bütün sakinlər ermənilər tərəfindən öldürülmüşdür. Bu da beynəlxalq təşkilatlar tərəfindən qınandı.

Bir neçə həftə əvvəl münaqişə bölgəsində vəziyyət yenidən gərginləşdi, ölənlər üçün müxtəlif etirazlar edildi. "TAZ"da yazar olan Tiqran Petrosyan bu barədə çox qərəzli məqalələr yazmışdır. Ancaq Almaniyadakı azərbaycanlı tələbələr dinc şəkildə etiraz etdilər və əksəriyyəti işğal altındakı bölgələrdən olan bu gənclər haqlı olaraq torpaqlarını tələb etdilər. İndi iki ölkə arasında başlayan müharibə çoxtərəfli şəkildə ictimai rəydə əks olunur.

Sizdən xahişim budur ki, bu barədə məqalə yazarkən "TAZ"a yaraşan bir şəkildə qərəzsizlik və ədalət prinsipinə əməl edin. Məsələn, bir Azərbaycan vətəndaşı eyni mövzuda qəzetdə öz düşüncələrini yazmağı bacarmalıdır.

Bu məsələlərdə daha diqqətli olmağınızı xahiş edirəm.

Salam və sevgilərlə,

Dr.Orxan Aras

 





01.10.2020    çap et  çap et