525.Az

Zəfərin bir addımlığından boylanan vətən torpağı


 

Zəfərin bir addımlığından boylanan vətən torpağı <b style="color:red"></b>

"Minlərlə can qurban oldu!" Əbəs yerə deyildi bu sözlərin bir dövlətin himnində səslənməsi... O dövlət ki, uğrunda neçə canlar fəda oldu. O dövlət ki, 30 ildir, vətən torpağı müjdəsinə həsrət olarkən, indi qələbə müjdəsinin astanasındadır.

Sentyabrın 27-dən başlayaraq mənfur qonşularımız yenidən öz terror siyasətlərini həyata keçirməyə cəhd göstərdilər, genişmiqyaslı təxribat törədərək ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutmağa başladılar. Azərbaycan Ordusunun komandanlığı cavab olaraq döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verdi. Ordumuzun əməliyyatlara başlaması Azərbaycan xalqında işğal altında olan torpaqlarımızın azad edilməsi ümidini yenidən işıqlandırdı. Bu gün torpağını işğaldan azad etmək üçün böyükdən kiçiyə xalqın bütün nümayəndələri bir nəfər kimi Ali Baş Komandanın döyüş əmrini gözləyir.

Əks-hücum əməliyyatlarının başlaması barədə qərardan dərhal sonra Prezident İlham Əliyevin xalqa müraciəti də Azərbaycanın haqq səsinin bir növ carçısı oldu. Ölkə başçısının çıxışında qeyd etdiyi kimi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bu günlər bir sıra dövlətlər Azərbaycan Ordusunun başladığı antiterror əməliyyatını haqlı sayaraq, bu mübarizəmizdə bizim haqlı olduğumuzu bildirərək bəyanatlar verdilər. Ermənistanı və onun siyasətini pisləyən, Azərbaycana dəstək verən ölkələr sırasında qardaş Türkiyə ilə yanaşı, Pakistan, Ukrayna, Əfqanıstan da var idi. Adıçəkilən ölkələr rəsmi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə etdilər. Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan,  XİN rəhbəri Mövlud Çavuşoğlu və müxtəlif siyasi partiya liderləri öz çıxışları ilə mənəvi dəstəklərini bildirirdilər. Eyni zamanda, Pakistan, Əfqanıstan və Ukraynanın xarici işlər nazirlikləri məsələ ilə bağlı rəsmi bəyanat yayaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə etdilər.

Bununla yanaşı, bu günlərdə bir sıra beynəxalq təşkilatlar atəşkəsin pozulmasından narahatlığını ifadə edir, hətta BMT rəsmisi döyüşləri dayandırmağa, tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır. Halbuki Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi aparır. Xatırlatmaq yerinə düşər ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilmiş dörd qətnaməsi var və həmin dörd qətnamədə deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Təəssüf ki, bu qətnamələr kağız üzərində qalır.

Lakin artıq bizim bir yol var: düşmən təslim olsun və işğalda saxladığı ərazilərdən çıxsın. Əks halda qüdrətli Azərbaycan Ordusu haqq mübarizəsindən dayanmayacaq və düşməni əzib keçəcək.

O da məlumdur ki, Ermənistan tərəfi hər dəfə məğlub olanda yalan maşınını işə salır. Bunun səbəbi hər zamankı kimi öz xalqını aldatmaq və məğlubiyyətini gizləməkdir. Azərbaycan Ordusu rəşadətlə irəliləyib qələbə xəbərlərini müjdələdiyi vaxtda, rəsmi Ermənistan erməni əhalisi arasında hökm sürən təşviş və ordularında yaranmış xaosu bir qədər azaltmaq məqsədilə ağılasığmaz yalanlar uydurur. İlk olaraq düşmən tərəfi qəsdən Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı reallığı əks etdirməyən məlumatlar yaydı. Daha bir sərsəm bəyanat isə Azərbaycana guya suriyalı muzdlu döyüşçülərin gətirilməsi ilə bağlı oldu. Lakin bu yalana və digər bütün qaranlıq məqamlara Prezident İlham Əliyev "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində ətraflı və tutarlı cavablar verərək istər beynəlxalq arenada, istərsə də döyüş meydanlarında haqlı üstünlüyümüzü və gücümüzü bir daha təsdiqləmiş oldu.

Bu günlərdə hamımızın qəlbi cəbhədə döyüşən hərbçilərimizlə, vətənin igid oğulları ilə atır. Ordumuzun zəfəri ilə bağlı xəbərlər xalqımıza daha böyük ümidlər verir. Çünki Azərbaycan xalqı anlayır ki, bu qələbə xəbərləri onlara 30 illik torpaq nisgili ilə vidalaşmağın müjdəsini gətirəcək, bu qələbə uğrunda canından keçən minlərlə şəhid ruhunu şad edəcək, bizə Şuşanı, Kəlbəcəri, Ağdamı, Laçını, Cəbrayılı, Füzulini, Xocavəndi, Ağdərəni qaytaracaq!

Allah ordumuzu müzəffər etsin! İnanırıq ki, zəfər xəbərləri uzaqda deyil". İrəli, Azərbaycan əsgəri!

Afaq RZA

 





01.10.2020    çap et  çap et