525.Az

Qarabağ ermənilərinin dini rəhbərindən acizanə etiraf


 

ARXİYEPİSKOP PARGEV MARTİROSYAN: “ONLARIN HAZIRLIĞI XEYLİ YÜKSƏKDİR, PROSESƏ ÇOX AĞILLI YANAŞIR, OLDUQCA ÇEVİK VƏ SƏRRAST DAVRANIRLAR”

Qarabağ ermənilərinin dini rəhbərindən acizanə etiraf<b style="color:red"></b>

“Bu, irimiqyaslı müharibədir və əvvəlkilərdən, 4 günlük aprel döyüşlərindən kəskin şəkildə fərqlənir”. “525-ci qəzet” xəbər verir ki, bu sözlər Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının başçısı arxiyepiskop Pargev Martirosyanın populyar erməni saytlarından birində sentyabrın 30-da yayılan müsahibəsində yer alıb.

Arxiyepiskop P.Martirosyan müharibənin gedişi ilə bağlı müşahidələrinə əsaslanan fikirlərini açıqlayarkən deyib: “Bu dəfə çox fərqli silahlardan istifadə edirlər. Çoxlu sayda pilotsuz uçan aparatları var. İriçaplı atəş vasitələrinin müxtəlif növlərindən atırlar. Onların (sözsüz ki, Azərbaycan dövləti və ordusunu nəzərdə tutur - red.) hazırlıq səviyyəsi xeyli yüksəkdir. Prosesə çox ağıllı yanaşır, olduqca çevik və sərrast davranırlar. Xüsusən vacib məntəqələrə, ən lazımlı yollara yüksək dəqiqliklə zərbələr endirirlər”. Yeparxiya başçısı qeyd edib ki, hərbi əməliyyatların dayandırılması üçün bir sıra dairələrə müraciətlər ünvanlamaqdadır: “Müsahibələr vermişəm. İndi katolik və protestantlara müraciət etməyə hazırlaşıram. Qoy bizim üçün dua etsinlər və bu müharibənin mümkün qədər tez dayandırılmasına çalışsınlar”.

P.Martirosyanın qənaətinə görə, bütün qüvvələrini səfərbər etməsələr, bu güclü hücumların qarşısını almaq
erməni tərəfi üçün çox çətin olacaq. Xatırladaq ki, arxiyepiskop P.Martirosyan hələ 2014-cü il Soçi danışıqları ərəfəsindəki açıqlamasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə inanmadığını, erməni tərəfinin Azərbaycana məxsus rayonlardan çəkilməsinin labüdlüyünü bəyan edərək demişdi: “Həyat təcrübəmdən və son 20-30 ilin hadisələrindən belə görürəm ki, bəzi rayonlar qaytarılmalı, sonra referendum keçirilməli və bizə nazik bir dəhliz verilməlidir”.

 





01.10.2020    çap et  çap et