525.Az

“Ukraynada baş verənlərin Azərbaycana təsiri mümkün deyil”


 

“Ukraynada baş verənlərin Azərbaycana təsiri mümkün deyil”<b style="color:red"></b>

Novruz Məmmədov : “ Davos Forumu bir saylı brendə çevrilib, dünyada ona bərabər ola biləcək forum, toplantı yoxdur”

“Davos  İqtisadi Forumu bu gün dünyanın ən mötəbər toplantısı, görüşüdür”. Bunu “525”-ə  açıqlamasında Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dilə gətirib. PA rəsmisinin dediyinə görə, hər ilin əvvəlində İsveçrənin Davos şəhərində bu Forum keçirilir və orada dünyanın əksər dövlətlərinin prezidentləri, hökumət rəhbərləri və nüfuzlu şirkətlərinin  başçıları iştirak edirlər. N. Məmmədov deyib ki, bu Forumda təkcə dünyadakı iqtisadi məsələlər deyil, həmçinin,  siyasi proseslər, təhlükəsizliklə, mövcud münaqişələrlə  bağlı məsələlər də müzakirə edilir, geniş  fikir mübadilələri aparılır və sonda  proseslərin gələcək yönü, perspektivləri müəyyənləşdirilir: “Bu gün tam qəti əminliklə  demək olar ki, Davos Forumu bir saylı brendə çevrilib, ona bərabər ola biləcək forum, toplantı yoxdur”.

PA-nın şöbə müdirinin bildirdiyinə görə, bu Forumun  və Azərbaycan dövlət başçısı İlham Əliyevin də orada iştirakının ölkəmiz, dövlətimiz, xalqımız üçün çox böyük əhəmiyyəti var: “Bu Forumda iştirak etmək həm də Azərbaycanın  dünyada gedən inteqrasiya prosesinə münasibəti deməkdir . Azərbaycan nümayəndə heyəti də  bu Forumda bütün sahələrdə, bütün istiqamətlərdə fəal mövqe nümayiş etdirir. Təsadüfi deyil ki, dövlət başçımız Forum çərçivəsində iki paneldə - Avroasiya, həmçinin, Cənubi Qafqaz və Orta Asiya ilə bağlı panellərdə çıxış etdi, sonradan da ona ünvanlanan sualları ətraflı şəkildə cavablandırdı”.

PA rəsmisi onu da deyib ki, Forumda iştirak etmək üçün hər il Azərbaycanın dövlət başçısına dəvətnamə göndərlir:  “Bu ildə məhz belə oldu. Amma bu o demək deyil ki, bu dəvəntamə hər bir dövlətin başçısına göndərlir, bu, belə deyil. Bu, bir daha Azərbaycanın dünyada, Avropada  önəmini, əhəmiyyətini göstərir”.

N.Məmmədov eyni zamanda bildirib ki, Forum zamanı ölkə Prezidenti İ.Əliyev  3 ölkənin dövlət başçısı,  iki ölkənin baş naziri, bir ölkənin-Fransanın xarici işləri naziri və 20-yə yaxın şirkətin rəhbəri ilə görüşüb. “Bu görüşlərin də hər biri məhz qarşı tərəfin arzusu, istəyi və təşəbbüsü ilə olub. Hər bir görüş də  tərəflər üçün çox əhəmiyyətli, səmərəli və faydalı olub”-deyə, PA rəsmisi  sözlərinə əlavə edib.

Davos  Forumu çərçivəsində Azərbaycan prezidentinin İran İslam  Respublikasının yeni prezidenti Həsən Ruhani ilə    görüşünə toxunan N. Məmmədov qeyd edib ki,  bu görüş  İ.Əliyevin 3-cü müddətə ölkə Prezidenti, eyni zamanda, H. Ruhaninin  İran İslam Respublikasının yeni prezidenti seçilməsindən sonra tərəflərin ilk görüşü olub. N.Məmmədov deyib ki, bu baxımdan,  həm yaxın qonşu, həm də dost olan iki ölkənin dövlət başçılarının  görüşü mühüm əhəmiyyət kəsb edir: “İran bizim yaxın qonşumuz, eyni zamanda, dost ölkədir. Odur ki, iki dövlət başçısının bir araya gəlməsinin çox böyük əhəmiyyəti var.  Eyni zamanda,  bu görüşün əhəmiyyəti ondadır ki,  iki dövlət arasında əməkdaşlıq münasibətlərinin genişləndiriməsi və dərinləşdirilməsi vacib əhəmiyyət kəsb edir.

 Qeyd edim ki, bu münasibətləri dərinləşdirmək və genişləndirmək üçün də çox yaxşı şərait var. Təsadüfi deyil ki, məlum görüşdə də məhz bu münasibətlərin dərinləşdiriləməsi və yeni bir səhifənin açılması zəruruliyi vurğulandı, bəyan edildi”.

Qəzetimizə açıqlamasında PA rəsmisi həmçinin,  Ukraynada baş verən hadisələrə münasibətini bildirib. O, həmin hadisələrin Azərbaycana təsirini sıfıra bərabər hesab edib. PA rəsmisinin qeyd etdiyinə görə, bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik var və bu sabitlik əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan və indiki prezident İ. Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub: “Bu gün Azərbaycan xalqının ən böyük sərvəti ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasıdır. Bunu bilmək, anlamaq və başa düşmək lazımdır. Bir fikir verin, dünyada nələr baş verir. Bu gün dünyada onlarla ölkə var ki, orada yaşananlar həmin ölkələrin özləri üçün də, xalqları üçün də, hökumətləri üçün də böyük fəlakətdir. Onlara bu vəziyyətdən çıxmaq üçün ən azı onilliklər lazım gələcək. Ancaq bu gün Azərbaycan dövləti özünün elə inkişaf mərhələsindədir ki, orada hansısa xoşgəlməz hadisələrin baş verməsi qeyri-mümkündür. Heydər Əliyev siyasətinin də ən böyük uğuru ondadır ki, bu gün hamımız belə bir rahat vəziyyətdə yaşayırıq. Onu da qeyd etmək istəyirəm ki, vaxtilə Azərbaycanda da Ukraynada baş verən narıncı inqilabı təkrarlamaq üçün cəhdlər edildi. O vaxt olduğu kimi, indi də bu cəhdlər heç bir nəticə verməyəcək. Hətta ərəb dünyasında baş verən “ərəb baharı”nı da Azərbaycana köçürmək istəyənlər oldu. Gördüyünüz kimi, bu cəhdlər də alınmadı. Çünki Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mühiti var. Mən demirəm ki, Azərbaycanda hansısa problem yoxdir. Ancaq əsas odur ki, bu nöqsanları, problemləri aradan qaldırmaq üçün siyasi iradə ortadadır və hər il də bu istiqamətdə uğurlu addımlar atılır”.

N.Məmmədov son olaraq Ukraynada baş verən hadisələrin həmin dövlətin və xalqın daxili işi olduğunu vurğulayıb və əlavə edib ki, Ukrayna xalqı özü müdrik qərar qəbul edərək bu vəziyyətdən çıxış yolunu tapa biləcək.

Kamil Həmzəoğlu

 





27.01.2014    çap et  çap et