525.Az

Bir ovuc torpağı vətənə çevirmək... - Afaq Rzanın yazısı


 

Bir ovuc torpağı vətənə çevirmək... - <b style="color:red">Afaq Rzanın yazısı</b>

Bir dövlətin bütün vətəndaşlarının birləşərək yazdığı tarix ya müharibə tarixi olur, ya da qələbə müjdəsi. Lakin heç şübhəsiz, qələbəyə gedən yol müharibədən keçir. Tarixin bütün dövrlərində aparılan müharibələr bunun sübutudur. Keşməkeşli tarixi, yerləşdiyi coğrafiyası, zəngin təbii-sərvətləri ilə Qafqazın günəşi, qədim tarixə malik və  sivilizasiyanın ən qədim mərkəzlərindən olan Azərbaycan da belə müharibələrin iştirakçısı, daha çox isə qurbanı olub. Ərazisinə ərəb xilafəti, Rusiya, İran imperiyaları kimi nəhənglərin göz dikdiyi bu vətən, müstəqil Azərbaycan olana qədər saysız mübarizələr aparıb. Qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbi olan Cavanşir və Babək kimi sərkərdələri xalqın birliyinin təcəssümü olublar. Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai kimi dövlət xadimlərimizin fəaliyyəti xalqa dövlətçilik hissini aşılayıb və vətənə bağlılığını artırıb. Yüzillər boyu  kökünə, özünə və ruhuna hopan bu hisslər Azərbaycan xalqını torpağına bağlayan ən böyük qüvvə rolunu oynadı. Bu bağlılıq həm də torpağa müqəddəs baxmağı, uğrunda canından keçməyi öyrətdi mübariz xalqa!

Əcdadları ədaləti ilə dünyaya səs salan, ulu Türkün yadigarı Azərbaycan, təəssüflər olsun ki, özü 30 ilə yaxındır ədalətsizliyin qurbanıdır. Mərd xalqımın uzun illərdir qəlbini dağlayan Qarabağ nisgili artıq qovuşma istəyinə susayıb. Bu, elə bir susuzluqdur ki, Bakıdan Qarabağa, Təbrizdən Naxçıvana - hər bir azərbaycanlının müqəddəs orucu kimi... Hansı ki, bütün zamanların ən böyük iftarını açmaq üçün ürəkləri Qarabağa kökləyib. Növbəti görüş yerimizin Qarabağın göz bəbəyi Şuşa, xan diyarı Xankəndi, vüqarlı dağlarla əhatələnmiş Kəlbəcər, bərəkətli Ağdam olacağına inanırıq. Bu səbəbəndir ki, günlərdir zamanımızı saata yox, qələbəyə kökləmişik. Ancaq bizim üçün iş qələbəni gözləməklə bitmir, səbr kasası daşan vətən təəssübkeşləri üçün bu günlər, həm də qələbəni yazmaq üçün yollandıqları yeni mübarizə tarixidir. Axı, vətən eşqindən qeyri hansı eşq bu millətin balalarının döyüşə deyil də, sanki toya gedirmiş kimi sevincinə səbəb ola bilərdi?! 

Bir ovuc torpaq da vətəndir, deyirlər. Çünki bu bir ovuc torpaqda kök salırsan, onu qoruyursan, səni bütünləşdirəcək nəsilləri həmin torpaqda yetişdirirsən və beləcə  bir ovuc torpağı vətənə çevirirsən! Əgər bir zamanlar qonşu bildiyimiz mənfur düşmənə çevrilib torpağımıza göz dikdiksə, indi həmin torpaqlarda o gözü oyub layiq olduqları cəzanı verməliyik. Bununla həm də digər xisləti xarab qonşularımıza, düşmənlərimizə də görk etməliyik. Etməliyik ki, artıq heç kim Azərbaycanın gücünün, xalqının əzminin, rəhbərinin qətiyyətinin qarşısında ərazi iddiasına düşməsin! Qoy hamı bilsin ki, Qarabağ Azərbaycandır!
Bir neçə gündür, başladığımız haqq mübarizəmiz xalqın qələbəyə olan inamını hər gün biraz daha artırır. İşğaldan azad edilən hər qarış torpaq otuz il öncə Kəlbəcərdə, Xocalıda, Laçında, Füzulidə öldürülən günahsız körpələrin, əsir düşmüş qız-gəlinimizin, vətən yolunda şəhid düşmüş oğullarımızın intiqamıdır. Tezliklə həm söz, həm döyüş cəbhəsində vuruşan mübariz xalqıma Tanrı qələbə müjdəsi nəsib etsin inşallah! Tezliklə Qarabağın qoynunda əlimizdə vətən bayrağı  Əliyarın, Yusifin, Ədalətin, Albertin, Samirin, Fəridin, Mübarizin, İlqarın, Poladın timsalında bütün şəhidlərimizin ruhuna salam yollayıb deyə bilək: "Rahat yatın igidlərim, vətən bağı al-əlvandır!"

Qələbənin astanasındaykən əsərlərində vətən, millət mövzusuna toxunan Azərbaycan poeziyasının azadlıq və hürriyyət mücahidlərindən biri olan, Məhəmməd Hadinin "Türkün nəğməsi" şeirindən bir parça xatırlatmaq istəyirəm. Qoy, bu misralar şanlı mübarizəmizə ithaf olsun!

Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe düvəldən
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

 





03.10.2020    çap et  çap et