525.Az

Misir Mərdanov mükafat verdi


 

Misir Mərdanov mükafat verdi<b style="color:red"></b>

Təhsil Nazirliyində prezident İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində medal və fəxri ada layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

525.az-ın məlumatına görə, tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də prezident İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramları ərəfəsində «Tərəqqi» medalı və «Əməkdar müəllim» fəxri adı ilə təltif edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin müəllim əməyini yüksək dəyərləndirdiyini, təhsil işçilərinə xüsusi hörmət və ehtiramla yanaşdığını söyləyən nazir dahi şəxsiyyətin müəllim haqqında söylədiyi qiymətli fikirləri mərasim iştirakçılarının diqqətinə çatdırıb.

M. Mərdanov təhsil sahəsində əldə olunan uğurlara toxunaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, müəllimlərə göstərilən diqqət və qayğıdan söz açıb. Son illərdə fəxri ad və medallara layiq görülənlərlə bağlı statistik rəqəmləri nəzərə çatdıran təhsil naziri bütün bunlara görə təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, ölkə başçısının sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfər təhsil işçisi «Tərəqqi» medalı ilə təltif olunub, 65 nəfərə «Əməkdar müəllim» fəxri adı verilib.

Çıxışının sonunda təltif olunan bütün təhsil işçilərini təbrik edən təhsil naziri onlara işlərində yeni-yeni uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin ilbəil artdığını söyləyərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafına, təhsil işçilərinə göstərilən qayğıdan söz açıb.

Sonra təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

S.QARAYEVA

 





16.10.2012    çap et  çap et