525.Az

"İşğalçı ölkə bu addımı ilə danışıqlar prosesini ləngitməyə çalışır"


 

"İşğalçı ölkə bu addımı ilə danışıqlar prosesini ləngitməyə çalışır"<b style="color:red"></b>

Son günlər ermənilər tərəfindən atəşkəs rejimi tez-tez pozulur. Atəşkəsin hansı səbəblərdən pozulmasına ekspertlər tərəfindən müxtəlif şərhlər verilir. Amma danılmaz gerçəklik odur ki, ermənilərin atəşkəs rejimini pozması adət halını alıb.

Millət vəkili Tahir Rzayevin sözlərinə görə, məhz əlamətdar günlərdə ermənilərin atəşkəs rejimini pozması adət halını alıb. Millət vəkili hesab edir ki, onların bu hərəkəti sadəcə bir fon yaratmağa hesablanıb. O, belə deyib: "Bu hərəkətləri ilə, guya Qarabağ erməniləri öz torpaqlarını qorumaq istəyirlər. Rəhbərlik qondarma respublika yaradaraq danışıqlarda iştirak etmək istəyir. Təbii ki, bu da qeyri-mümkündür. Əgər Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər birlikdə yaşayırsa, o zaman beynəlxalq aləm hər iki qurumun iştirakçılarını danışıqlar prosesinə dəvət etməlidir. Erməni Qarabağ icması da həmin danışıqlarda iştirak etməlidir. Lakin onların istəyi əsas deyil. Danılmaz faktdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilərin atəşkəs rejimini pozması təxribat xarakterli addımdan başqa bir şey deyil. Hətta bir müddət əvvəl atəşkəsi pozaraq günahı Azərbaycanın üzərinə atdılar. Sonradan məlum oldu ki, baş verənlər, məhz ermənilərin işidir".

Ermənistanın Azərbaycanla rəqabət aparmaq gücünə malik olmadığını deyən millət vəkili bunları söyləyib: "Ölkəmizin hər il hərbi sahəyə ayırdığı büdcə artır. Ali baş komandanımızın bir əmri kifayətdir ki, Qarabağ sakinləri silahlanıb torpaqlarımızı geri alsınlar. Ona görə ermənilərin fon yaratmaq xətrinə atəşkəsi pozması heç bir əhəmiyyət kəsb etmir".

Politoloq Elçin Mirzəbəyli bildirib ki, işğalçı ölkə bu günə kimi konstruktiv mövqe nümayiş etdirməyib. O, Azərbaycanın mövqeyinin isə açıq-aydın ortada olduğunu bildirib. Yanvarın 29-da keçiriləcək Azərbaycan Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində ermənilərin müxtəlif təxribatlara yol verdiyini deyən politoloq bunun işğalçı ölkə tərəfindən atılan ilk belə addım olmadığını qeyd edib. E.Mirzəbəyli bunları diqqətə çatdırıb: "Hər kəsə məlumdur ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf, məhz Ermənistan dövlətidir. Ölkəmizin bu danışıqları pozmağa cəhd göstərməsinə isə heç bir əsas yoxdur. Çünki Azərbaycan bütün vasitələrlə öz torpaqlarını düşməndən azad etmək istəyir. bu hüquqa malikdir. Bu baxımdan görünür, Ermənistan tərəfi həm xarici işlər nazirləri, həm prezidentlər səviyyəsində keçiriləcək növbəti danışıqlarda irəliyə doğru hər hansı bir addım atmaq niyyətində deyil. İşğalçı ölkə bunu pərdələmək üçün cəbhə xəttində gərginliyi artırır danışıqlar prosesini ləngitməyə çalışır".

Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayev Ermənistanın son günlər cəbhə xəttində Ermənistan ordusunun atəşkəs rejimini mütəmadi olaraq pozmazı bununla gərginlik yaratmasına münasibət bildirərkən deyib ki, baş verən son hadisələrin arxasında Rusiya amili dayanır. Onun sözlərinə görə, burada əsas Ermənistan deyil, Rusiyadır: "Çünki Rusiya Ermənistan vasitəsilə Azərbaycana təzyiqini artırır. Son baş verənlər Rusiyanın Azərbaycana təzyiqidir. Ermənistan bu cür bütün təxribatlarına baxmayaraq Azərbaycan ordusu bunun qarşısını qətiyyətlə alır. Azərbaycan ordusu öz mövqeyində çox möhkəm dayanıb. Ordumuz düşmənin hər bir təxribatına cavab verməyə hazır qadirdir".

Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin həllində hər zaman sülh variantına, bu problemin danışıqlar yolu vasitəsilə çözülməsinə üstünlük verdiyini deyən millət vəkili Ülvi Quliyev bundan fərqli olaraq Ermənistanın konstruktiv mövqe tutmadığını bildirib: "Ermənistanın ənənəvi təxribatçı addımları nəticəsində bu problem danışıqlarla həll olunmayacaqsa, o zaman müharibədən başqa variant yoxdur. Ermənistan tərəfi müxtəlif yollarla sülh danışıqlarına zərbə vurur. Ermənistan həmişə atəşkəs rejimini pozub, hər gün, hər saat cəbhə xəttində atəşkəsi pozur, təxribatçı metodlara əl atır, kəndlərə, dinc sakinlərə atəş açırlar. Bu, birinci dəfə deyil. Məsələ bununun qədər hansı vaxta kimi davam edəcəyindədir. Ermənistan bütün bunları ciddi düşünməlidir. Çünki Azərbaycanın çox güclü ordusu, kosmik sürətlə inkişaf edən iqtisadiyyatı var. Cəbhə xəttindəki son hadisələr zamanı biz şahidi olduq ki, bizim ordumuz Ermənistanı yerində oturtmağa qadirdir. Buna heç kimin şübhəsi olmasın. Ancaq indiki şəraitdə müharibə variantı real görünmür. Fikrimcə, Ermənistan tərəfinin cəbhədəki son günlərdəki addımlarında Rusiya faktoru mühüm rol oynayır. Bununla yanaşı Azərbaycanda həyata keçirilən hərbi quruculuq işlərindən, ölkəmizin hərbi qüdrətindən hər kəs xəbərdardır. Bunu Rusiya da, Ermənistan da bilir. Rusiyanın bu məsələdə Ermənistana təzyiqi az deyil. Biz Ermənistan tərəfinin atdığı bütün addımlara hazır olmalıyıq. Necə ki, Cənab Ali Baş Komandan tərəfindən hərbi quruculuq sahəsində müstəsna işlər görülür".

AQİL

 





28.01.2014    çap et  çap et