525.Az

İçimizdəki qorxular - Afərim yazır


 

İçimizdəki qorxular - <b style="color:red">Afərim yazır </b>

İnsan həyatı boyu bir çox emosiyalar  yaşayır. Bunlardan ən dəhşətlisi qorxudur. Təhlükə hiss etdiyimiz anda yaranan mənfi duyğunu, ovqatı qorxu adlandırırıq.

Qorxular fərqli olur; Anlıq təhlükədən yaranan qorxular. Məsələn: evimizdə oturub, çayımızı içdiyimiz an çilçırağın və əşyaların tərpənməsini görüb, evin silkələnməsini hiss etdiyimizdə artıq zəlzələ olduğunu anlayırıq və içimizi qorxu bürüyür. Bir də davamlı qorxular var. Bu, fobiya adlanır. Bu qorxular müəyyən hadisələrin insanda ardıcıl təsirindən yaranır.  Əgər bizim zəlzələ baş verən mənzilimiz yüksək mərtəbədədirsə, bu qorxu get-gedə artır; oradan necə çıxacağımızı, binanı necə tərk edəcəyimizi düşünürük. Beləliklə, bizdə yüksəklik fobiyası yaranır və hər hündür bir yerdə təhlükə yaranacağını düşünürük. Qaranlıqdan qorxmaq, qapalı məkanlardan qorxmaq, yüksəklikdən qorxmaq... Bu qorxular insana görə dəyişə bilir. Dənizdə üzməyi sevən insan da var, dənizdən qorxan insan da. Necə ki, qaranlıqdan qorxan insan da, qaranlığı sevən insan da var. Bəzi insanlar heç nədən qorxmuram desələr də, gizlində saxladıqları qorxuları mütləq vardır. Belə qorxusu olanlar çox vaxt özünəqapanıq olurlar. Dərdlərini, qorxularını, acılarını birinə danışmaqdan çəkinirlər. Onların ən böyük qorxusu anlaşılmamaqdır. Qınaq hissi bu adamları qorxudur. Onlar zamanında ya özləri çox insanı qınayıblar, ya da ətrafdakı insanların başqalarını qınaq atəşinə tutduqlarının şahidi olublar. Ona görə də bu tip insanlar yaşadıqları qorxuları, acıları bir sirr kimi saxlayıb, özləri ilə məzara kimi aparmaq istəyirlər. Elə insanlar da var ki, köhnə şəkillərə, xatirəsi olan əşyalara baxmırlar, keçmişlərindən, uşaqlıqlarından, gəncliklərindən danışmırlar, söz açılarsa da, bundan yayınırlar. Çünki keçmişləri ilə üzləşmək qorxuları var - xatırlamaqdan belə qorxduqları keçmişlərindən. İçimizdə saxladığımız, dilə gətirə bilmədiyimiz qorxulardan biri də təklik qorxusudur. Təklik qorxusu insanın özünü yalnız hiss etmə halıdır. Elmi dildə bu monofobiya adlanır. Bəs bu qorxu nədən yaranır? Zamanında ayrılıqlar yaşamış, sevdiyi birini itirmiş şəxsdə bu duyğu daha çox özünü büruzə verir. Elələri yalnızlığa nə qədər öyrəşsə də, onu sevmir. Həyatında daim kiminsə olmağını istəyir - onu sevən, ona həmdəm olan birini. Lakin yanlızlığa alışmışların həyatında kimsə uzunmüddətli qalmır. Tək qalmağın özü də  təhlükədir. Tənhalıq, insan olmayan  bir yerə qarğalar doluşar. İnsanlar da təklikdən bəlkə buna görə qorxur? Tənhalığı fürsət bilib qarğa kimi doluşan varlıqlardan. Düşmənləri olan biri dost-tanışını itirəndə  onu tək görüb, zərbələr vurar. İnsan tək qaldıqda özünü gücsüz  hesab edir. Buna görə də yanında birisinin olmağını istəyir, bunun vacib olduğunu, ona əlavə güc qatdığını düşünür. Qaranlıqdan qorxan birinin yanında kimsə olarsa, qorxusu azalar. Tanımadığı bir yerə getməkdən ürkən adam yanında bir dostu olarsa, artıq getməyə özündə cəsarət tapar. Təklik cəsarəti azaldar. Bir işə başlayarkən, bir yöndə addım atarkən məsləhətləşməyə, bölüşməyə adam lazımdır. "Tək əldən səs çıxmaz", "Təklik tanrıya məxsusdur" kimi ifadələr var. Fikrimcə, bu, doğrudur. Elə zamanlar olur ki, insan tək qalmaq istəyir, bəzi qərarları tək alma ehtiyacı duyur. Təklik qorxusunun içində tərk edilmək qorxusu da var. Yanında olanı itirmə, yenidən yalnız qalmaq qorxusu insanı içdən-içə yeyib bitirir. Bəs yanımızda olan o insanlar hər biri güclüdürmü? Bizi hər zaman qoruyurlarmı? Yanımızda kiminsə olmağı hər zaman bizə güc vermir. Sadəcə bir şəxsin varlığı qorxumuzu azaldır. Yanımızda hər zaman sevdiklərimizmi olur? Yalnız sevdiyimiz insanlarımı ətrafımızda saxlayırıq? Bəzən təklik qorxusu o qədər güclü olur ki, yan-yörəmizdə sevmədiyimiz insanları da saxlamalı oluruq. Təklikdən qorxub, hər kəsi yaxına buraxmaq doğru deyil. Bəzən tək qalmayaq deyə ətrafımızda saxladığımız insanlardan zərər görürük.

Belə bir əfsanə var ki, insan övladı yaradılarkən  dörd qolu, dörd ayağı, iki başı var imiş. Tanrı onu sonradan bugünkü insan halına salıb. Həmin gündən bəri insan həyatı boyu öz yarısını axtarır. Təbii ki, bu, bir əfsanədir, amma məcazi də olsa uyğunluq var. İnsan hər zaman axtarışdadır. Hər zaman öz ruhuna yaxın, sevgisini paylaşa biləcəyi doğru insanı axtarır. O insanı ki, bizi gücləndirir, enerjimizi, sevgimizi artırır.

Bu həyatda hər birimizin qorxuları var. Kiçik və ya böyük, fərq etməz. Qorxularımız müxtəlifdir. Birimizin qorxduğundan digərimiz qorxmuruq. Bəzən bizim qorxularımız başqalarına çox bəsit, hətta gülməli də gələ bilər. Birimiz danışmaqdan, yazmaqdan  digərimiz susmaqdan qorxur. Birimizin qorxusu digərimizin səadəti də ola bilir. Qorxularımız nə qədər güclü, dərin olsa belə, onlardan qurtulmağın yeganə yolu həmin qorxuların üzərinə yeriməkdir. Qorxularımızla savaşaq, ya dost olaq? Nə edək, sizcə?

Qorxularımızdan qorxmayaq, qəbul edək, barışaq, qorxumuzu qətrə-qətrə canımızdan çıxaraq!

 





07.10.2020    çap et  çap et