525.Az

Haqqım var ki, öyünüm? - Məhsəti Musanın yazısı


 

Haqqım var ki, öyünüm? - <b style="color:red">Məhsəti Musanın yazısı</b>

Haqqı olmaq... İnsanın sevinməyə,  gülməyə, hətta ağlamağa da haqqı olmalıdır. Haqqın olmayan məsələlərə münasibət bildirmək çox çətindir.

Neçə gündür silahlar danışır. Və neçə gündür mən susuram. Ara-sıra  bəzi yoldaşlardan gileylər də ünvanlanır bu tarixi, sevincli  günlərdə  susanlara. O gün bir türkiyəli qardaşımız  da mənə  mesaj yazdı. Daim yazılarımı izlədiyini, nədən  bu məsələlərə münasibət bildirmədiyimi soruşdu. O ərəfələrdə internet olmadığını və gərginlik yaşanan bölgədə yaşadığımı yazdım. O, məni anladığını bildirdi. Amma sonra ara-sıra  çətinliklə  sosial şəbəkəyə daxil olanda da susdum. Və bu zaman özüm özümə sual verdim:

-  Bəs indi niyə susursan?

Özüm də cavablandırıram:

- Qadın olduğum üçün susuram.  Evdə olduğum, döyüş zamanı yaralanan bir əsgərin yarasını bağlamadığım, yanında olmadığım, sinəmi  sipər edib onu qoruya bilmədiyim üçün, hər dəfə artilleriya atəşinin  səsi eşidilən  kimi özüm qorxmasam belə, balalarımı gözümün önünə gətirdiyim üçün susuram. Həmişə haqqında asanlıqla danışdığım vətənpərvərlik hissinin nə qədər böyük, uca, müqəddəs olduğunu dərindən  anladığım, heç vaxt vətənpərvərlikdən danışmayıb  bu gün  vətən  üçün  canını fəda edənlərin içində olmadığım üçün susuram. Bilmirəm.... İzah edə bilmirəm yaşadıqlarımı. Şükürlər olsun, şad xəbərlər ard-arda  gəlir. Böyük, çox böyük ruh yüksəkliyi yaşayırıq. Qalibiyyətimizi əks etdirən  görüntülər yayıldıqca sonsuz  fərəh hissi keçiririk.  Amma bu qədər sevincin içində  həm də bir tərəfdən özümə qapanıram. Hamı kimi bu hisslərimi  paylaşa, fikir bildirə bilmirəm,  buna haqqımın çatmadığını düşünürəm. Bir şəhid, bir yaralı xəbəri gələndə gizlənməyə yer gəzirəm. Elə bilirəm səbəbkar mənəm. Elə bilirəm evdə, işdə, yolda bütün insanlar qınayıcı nəzərlərini mənə yönəldiblər. Elə bilirəm, mən cəbhədə olsam, bu, baş verməyəcəkdi. Elə bilirəm, dünyadakı bütün qətlləri, bütün cinayətləri, bütün haqsızlıqları  mən törətmişəm. Bilirəm, məhz  bu günlərdə belə bir yazı üçün qınayacaqlar məni. "Bu nə bədbinlikdir" deyəcəklər. Amma bacarmıram özümlə. Mən qələbə xəbərlərini bütün gücümlə, kainatı silkələyəcək səslə bağıracağımı, qanadım olmasa belə, həmin gün Günəşə qədər uça biləcəyimi düşünürdüm. Hətta o anı, o sevinc həzzini  təsəvvürümə gətirəndə də  ürəyim az qalırdı ki, partlasın. Fəqət bu gün susuram. İllər öncə yaşamış olduğum, sonralar canımı güclə qurtardığım bir hiss - qadın olmağım, zəif olmağım  məni yenidən  sıxıb ruhdan salır (Başqa qadınlara təsir etmək niyyətim yoxdur). Bəli, bundan çox sıxılaram və susuram. Bu qələbədə payım olmadığı üçün susuram. Məni qınamayın!  Yalvarıram, məni qınamayın! Bilirəm ki, ifadə edəcəyim  ən möhtəşəm söz də bir şəhidin damla qanının yanında cılız, çooox cılız görünəcək. Bu gün danışmaq haqqı  vətənin şəninə  söz deyə bilənlərin yox, vətən uğrunda can verə bilənlərindir. Mənim söz deməyə haqqım çatmır!

 





07.10.2020    çap et  çap et