525.Az

"Sosial şəbəkələr insanların həyatında vacib yer tutur" - Müsahibə


 

RƏSSAM-İLLÜSTRATOR KƏNAN ŞEYXZAMANLI: "HƏR İŞ HƏVƏSKAR ŞƏKİLDƏ BAŞLAYIB SONRADAN PEŞƏKARLIĞA KEÇİR"

"Sosial şəbəkələr insanların həyatında vacib yer tutur" - <b style="color:red">Müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar 

Rubrikamızın budəfəki qonağı rəssam-illüstrator Kənan Şeyxzamanlıdır. Kənan bəy bir müddət əvvəl "Təhminə" və "Qaynana" filmlərinin illüstrasiyalarını hazırlayıb və sosial şəbəkələrdə maraqla qarşılanıb.

Gənc rəssamla həmsöhbət olub, izləyərkən zövq aldığımız bu əsərlərin texnikası ilə tanış olduq. Söhbətə belə bir səhifə açıb, retro şəkilləri illüstrasiya şəklində rəngləmək ideyasının haradan gəldiyini soruşmaqla başladıq. 

***

- Əslində, səhifəmi 2012-ci ildə açmışam, amma 2014-cü ilə kimi heç bir paylaşım etmirdim. Arada şəxsi şəkillər paylaşmaqla kifayətlənirdim. Çox vaxt Feysbukda cızma-qaralarımı izləyicilərimlə bölüşürdüm. Sonra yavaş-yavaş İnstaqrama keçdim. Uşaqlıqdan animasiya və yapon komikslərinin fanatı idim, ona görə də bu formada işlər görmək istədim. Retro filmlərdən kadrları təzədən canlandırmaq fikri bir neçə il öncədən ağlımda var idi. Ancaq haradan və nə cür başlayacağımı bilmirdim. Düzü, əl qabiliyyətimdən də əmin deyildim. Nəhayət, bir yerdən başlayıb bu işlə məşğul oldum.

- Sosial şəbəkələr bugünkü fəaliyyətinizdə hansı yerləri tutur?

- Bu gün sosial şəbəkələr insanların həyatında olduqca vacib və əhəmiyyətli yer tutur. Sosial şəbəkələrdə bəyəndiyim rəssamları və illüstratorları görə bilirəm, onların əsərlərindən ilhamlanıram. Eyni zamanda, öz işlərimi başqa insanlarla bölüşə bilirəm. Sosial medianın belə üstün cəhətləri çoxdur.

- Sizcə, sosial media istifadəçilərinin əksəriyyəti niyə daha çox absurd paylaşımlara maraq göstərir?



- Mənim fikrimcə, absurd postları dərk etmək daha asandır. Məsələn, çətin bir gündən sonra evə gəldiniz, özünüzü narahat etmək və beyninizi gərginləşdirmək istəmirsiniz. Onun əvəzinə sizi yormayacaq işlərlə məşğul olmaq və ya izləmək istəyirsiniz.

- Yəqin bu işlə həvəskar şəkildə məşğul olursunuz. Bəs rəsmi qazanc yeriniz varmı?

- Hər iş həvəskar şəkildə başlayıb sonradan peşəkarlığa keçir. 2-3 il müddətində ofisdə işləmişəm, 4-5 il sonra isə frilanser (sərbəst işçi) kimi çalışmağa başlamışam. Bu ərəfələrdə həm öyrəndim, həm də peşəkarlığa doğru addımladım.

- İşinizin texnikasından danışardınız bir az...

- Animasiya və illüstrasiya işi bir növ rənglərlə oyundur. Doğru rənglərdən lazımi yerdə istifadə etmək bu işin əsas üstünlüyüdür. Bildiyimiz kimi, animasiyalardan müxtəlif yerlərdə - cizgi filmlərində və reklam çarxlarında istifadə olunur. "Animasiya" sözünün özü də "canlandırma" mənasını verir. Ona görə də əsasən video formatında verilir. Ancaq şəkil üzərində də bunu işləmək, illüstrasiyalar hazırlamaq mümkündür. Çünki solğun şəkilləri rəng və işıqlarla canlandırmaq olur. Şəkili qaralamaqdan ötrü əvvəlcə ideyanı fikirləşib, referenslar axtarıram. Kompozisiyanı qurmaq üçün əvvəlcə cızma-qara edirəm, sonra bunu dəqiqləşdirib düzəltməyə başlayıram. Son düzəlişləri də edəndən sonra rəngləmə işinə keçirəm. Rənglənmiş şəkili korreksiya edib, effektlər verirəm.

Qeyd edim ki, tamamilə rəngsiz olan şəkilləri animasiya formatına salarkən onun həqiqi rənglərini tapmaq bir qədər vaxt aparır. Bu işdə kiçik, amma lazımlı olan bu cür məqamlar var.



- İlk rənglədiyiniz şəkil hansı idi?

- Əvvəllər başlayanda əsasən gündəlik fotoları və yaxud bəyəndiyim xarakterləri illüstrasiya şəklində hazırlayırdım. İlk rəqəmsal işim bir türk modelin portreti olub. Sonradan bu işi retro şəkillər üzərində aparmaq qərarına gəldim. "Təhminə" filmində Zaurla Təhminənin bir epizodunu illüstrasiya formatına çevirməklə bu işə başladım. Həmin şəkillə bağlı hədsiz dərəcədə bəyənmələr və paylaşımlar gəldi. Əziyyətimin bəhrəsini gördüyümə sevinmişdim. Ancaq bu qədər rəğbət qazanacağımı düşünmürdüm.

Günel ABBAS

 





07.10.2020    çap et  çap et