525.Az

Latviyadan örnək mövqe - Xaqani Cəfərli yazır


 

Latviyadan örnək mövqe - <b style="color:red">Xaqani Cəfərli yazır </b>

ABŞ-da prezident seçkilərinin qızğın mərhələsinın başlamasına baxmayaraq, Azərbayan ordusunun sentyabrın 27-dən başlatdığı əks-hücum əməliyyatları dünya ictimaiyyətinin diqqətindən kənarda qalmır. Beynəlxalq ictimaiyyətin bu hərbi əməliyyatlara həssaslığının bir sıra başqa səbəbləri də var.

Məlum olduğu kimi, keçmiş sovet respublikalarının bir çoxu müstəqilliyini elan etdikdən sonra separatçılıqla üzləşib və onların ərazisində münaqişə zonaları yaranıb. Bu proseslər ilk dəfə Azərbaycanda ermənilər tərəfindən başladılıb və sonradan Gürcüstan, Moldova və Ukraynaya da sıçrayıb. Ona görə də belə bir yanaşma mövcuddur ki, keçmiş SSRİ ərazsindəki münaqişələrin həlli də Qarabağ probleminin həllindən sonra başlayacaq. Ehtimal edilir ki, Qarabağ problemi necə həll olunsa, digər münaqişələr də həmin ssenari üzrə həllini tapacaq. Münaqişələrin ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılması prinsipi çərçivəsində həllini müdafiə edən siyasətçilər əks halda münaqişələrin birdəfəlik həll olunacağına şübhə ilə yanaşırlar. Bu mövqedə olan siyasətçilər hesab edir ki, ölkələr ərazilərinin bir hissəsinin itirilməsi ilə heç zaman barışmayacaqlar və bu, hərbi əməliyyatların zaman-zaman yenidən başlanmasına səbəb olacaq. Ona görə də postsovet ölkələrinin təmsilçiləri bir qayda olaraq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çxış edirlər. Məsələn, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini belə əsaslandırıb: "Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil". Saakaşvili birmənalı olaraq qeyd edir ki, separatçılığı dəstəkləmək qeyri-mümkündür: "Separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır".

Separatçılığa qarşı birmənalı mövqe sərgiləyən postsovet respublikaları arasında Latviyadan olan siyasətçilər xüsusilə diqqəti cəlb edir. Latviya parlamentinin deputatı, ölkəsinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Roman Naudinş Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına qarşı başlatdığı əks-hücum kampaniyasını azadlıq müharibəsi adlandırıb. Latviyalı siyasətçi hesab edir ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində özünün ərazisini başqa dövlətinin işğalından azad edir. Latviya Seyminin nüfuzlu üzvlərindən biri olan Roman Naudinş hesab edir ki, Avropa Birliyinin mövqeyi qətliyyətli olmalı və birmənalı olaraq ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmaısna yönəlməlidir.

Latviyalı, Avropa Xalq Partiyasının sədri Sandra Kaliniete də hesab edir ki, öz ərazi bütövlüyünü təmin etmək Azərbaycanın qanuni haqqıdır.

Latviyanın müdafiə naziri Artis Pabriks Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı problemin atəşkəsin elan olunmasından ötən 26 ildə həllini tapmamasına diqqət çəkərərək dondurulmuş münaqişələrin bir gün hökmən yenidən alovlana biləcəyini bildirib. Ötən 26 ildə vasitəçilərin fəaliyyətinin səmərəsiz və nəticəsiz olduğunu vurğulayan latviyalı nazir ölkəsinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxdığını bildirsə də, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməli olduğunu əsas şərt kimi qeyd edib.

Azərbayan ordusunun sentyabrın 27-dən başlatdığı əks-hücum kampaniyasının ilk günlərindən diqqəti çəkən əsas məqamlardan biri keçmiş SSSRİ ərazindəki münaqişələrin yaranma səbəbi haqqında aydın təsəvvürləri olan siyasətçilərin, xüsusən postsovet respublikalarından olan siyasi xadimlərin obyektiv mövqe sərgiləmələridir. Keçmiş SSRİ məkanındakı münaqişələrin mahiyyəti ilə bağlı məlumatlı hər kəs anlayır ki, bu, totalitar dövlətinin yaratdığı münaqişədir və məqsəd əyalətlərin imperiyadan asılılığını saxlamaq məqsədi güdüb. Bu gerçəkliyi bilən siyasətçilər hesab edir ki, totalitar imperiyanın siyasətinin davam etməməsi üçün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli önə çəkilməlidir. Əks halda münaqişələrin həlli mümkün olmayacaq və daha on illərlə davam edəcək. Bu isə regionda uzunmüddətli sülhü mümkünsüz etməklə yanaşı, postsovet respublikalarının dünya siyasətinə və iqtisadiyyatına inteqrasiyasına əngəl olaraq qalacaq.

Postsovet məkanındakı münaqişələrin yaranması ilə bağlı məlumatlı siyasətçilər hesab edirlər ki, Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun, Azərbaycan ərazi bütövlüyü çərçivəsində həlli digər münaqişələrin də həllinə yol açacaq. Çünki bu zaman nümunəvi presedent yaranmış olacaq. Çox təəssüf ki, bunu anlamayan, Qarabağ münaqişəsi ilə bağlı yalnız din təəssübkeşliyindən çıxış edən siyasətçilər də var. Onlar bu əməlləri ilə sülhə deyil, münaqişənin alovlanmasına xidmət etdiklərinin fərqində deyillər. Roman Naudinş, Artis Pabriks və Sandra Kaliniete kimi latviyalı siyasətçilərin mövqeyi beynəlxalq hüquq mövqeyindən yox, din təəssübkeşliyindən çıxış edən siyasətçilərə nümunə, örnək olmalıdır.

 





07.10.2020    çap et  çap et