525.Az

Xəzər məsələləri üzrə müzakirələr aparılıb


 

Xəzər məsələləri üzrə müzakirələr aparılıb<b style="color:red"></b>

Dünən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
 
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə AR Xarici İşlər Nazirinin müavini X. Xələfovun və RF Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN – in xüsusi tapşırıqlar üzrə Səfiri İ. B. Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzəryanı dövlət başçılarının 18 noyabr 2010 – cu ildə Bakıda keçirilmiş Zirvə Görüşündə qəbul olunmuş protokol qərarının icrası məqsədilə bir sıra mühüm məqamlar, o cümlədən digər müvafiq məsələlər müzakirə olunub, eləcə də növbəti Zirvə Görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və müntəzəm olaraq davam etdirilməsinin zəruri olduğu bildirilib.

Həmin gün Nazir müavini X. Xələfov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Stats Katibi, Nazir müavini Q. B. Karasinlə görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub və qarşılıqlı maraq doğuran regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

 





16.10.2012    çap et  çap et