525.Az

Əsgərə məktub - Əli Əmirli yazır


 

Əsgərə məktub - <b style="color:red">Əli Əmirli yazır </b>

Adını bilmədiyim, əsgər balam, Azərbaycan əsgəri,  səni  çox-çox uzaqdan, əmin-aman  iş otağımdan salamlayıram! Bu əmin-aman şəraiti yaradan sənsən, sənin rəşadətin, sənin cəsarətin, sənin qüdrətindir! 

Etiraf edim ki, bu əmin-amanlıqdan, asudəlikdən bir qədər darılıram. Biləndə ki, mən yazı masası arxasında əyləşəndə, çay içib çörək yeyəndə, rahat yerimə uzanıb dincələndə sən  soyuq səngərdə, od-alov saçan döyüş meydanında ölümlə   üz-üzə dayanmısan. Amma nə etməli, görünür, bu dava, qəsb edilmiş  torpaqlarımızın azadlığı uğrunda  gedən  müqəddəs savaş  sənin qismətinmiş.

Atalarımız demiş, hər bir kişinin həyatında mütləq bir müharibə, savaş olmalıdır. Bu sarıdan  bəxtin gətirib, sənə  müqəddəs bir müharibə qismət olub, bu müharibə müqəddəs olduğu qədər də şərəflidir. Sən vətənimiz Azərbaycanın qiymətli incisi  Qarabağın azadlığı  uğrunda döyüşürsən.  Əsgər balam, sən mütləq qalib gələcəksən,  hər cəhətdən möhtəşəm Qarabağımızı azad edəcəksən! Əyilmiş qəddimizi dikəldəcəksən, bizi düşmən tənələrindən, dost qınaqlarından,  qonşu kinayələrindən qurtaracaqsan. Cəbhədən qəhrəman kimi qayıdacaqsan!  Döyüş igid əsgərim, dörd yanına üfunət saçan mənfur düşmənin bağrını yar, məkr dolu qəlbini parçala, üçrəngli müqəddəs bayrağımızı gözəl Şuşamızın ən  yüksək zirvəsinə sanc. Qoy bayrağımız o ucalıqda vüqarla dalğalansın!

İgid əsgərim, sən xoşbəxtsən, çünki övladlarına Qarabağsız Azərbaycanı deyil, Qarabağlı bütöv Azərbaycanı miras qoyacaqsan. Bu, gələcək nəsillərə səndən möhtəşəm ərmağan  olacaq.  Bəlkə də zaman keçəcək, illər dolanacaq,  adın yaddaşlardan silinəcək, amma əməlin, böyük əməlin heç vaxt unudulmayacaq, XİLASKAR  AZƏRBAYCAN ƏSGƏRİ!

 





08.10.2020    çap et  çap et