525.Az

Gəncənin rəhbəri Merlər Forumuna qatılıb


 

VİRTUAL KONFRANS CENEVRƏDƏ TƏŞKİL OLUNUB

Gəncənin rəhbəri Merlər Forumuna qatılıb<b style="color:red"></b>

BMT-nin Avropa İqtisadi Komissiyasının ötən ilin aprel ayında baş tutan 68-ci ali iclası çərçivəsində baş tutan "Şəhərlər Günü" təşəbbüsünün davamı olaraq, hər il Merlər Forumunun təşkil edilməsinə dair də qərar qəbul edilib.

"Covid-19" pandemiyası ilə əlaqədar olaraq, bu il  Merlər Forumu hibrid formatda təşkil olunub. Foruma Avropa İqtisadi Komissiyasının regionunda yerləşən 56 üzv dövlətin müxtəlif şəhərlərindən 30-dan çox mer qatılıb.

Virtual koordinasiyası Cenevrədən aparılan  Birinci Merlər Forumunda ölkəmizi Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təmsil edib. Respublikamızın ikinci şəhərinin başçısı Gəncənin sosial iqtisadi inkişafından və "Covid-19" pandemiyası müddətində şəhərdə görülən tədbirlərdən danışıb.

N.Bayramov həmçinin qeyd edib ki, Gəncə şəhəri 64 ölkədən 230 şəhərin yer aldığı UNESCO-nun həyat boyu təhsil üzrə mühüm layihələrindən biri olan "Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkə"nin üzvü seçilib və həmin layihənin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək və təhsilin keyfiyyətini artırmaqdır.

N.Bayramov Gəncə əhalisinin faydalanacağı yeni təkmilləşdirmələrlə bağlı Gəncə şəhəri ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında birgə fəaliyyətə dair razılıq əldə edildiyini qeyd edərək, şəhərin sözügedən bankın "Yaşıl şəhərlər -  dayanıqlıq proqramı"na da qoşulduğunu və bununla bağlı ikitərəfli memorandum imzalandığını bildirib.  Həmin proqramın tərkib hissəsi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə dəstək göstərəcək.

İkinci şəhərimizin rəhbəri həmçinin əlavə edib ki, bu il Gəncə şəhərinin yeni Baş planının hazırlanması prosesinə də başlanılıb.

Qeyd edək ki, BMT çərçivəsində Merlər Forumunun təşkil edilməsində əsas məqsəd "Dayanıqlı inkişaf və 2030 Gündəliyi" adlı proqram üzrə şəhərlərin üzərinə düşən məsuliyyətə diqqəti cəlb etmək, bununla da müxtəlif şəhərlərin rəhbərlərini əməkdaşlığa dəvət etməkdir.

Tədbirin sonunda, merlərin Cenevrə Bəyənnaməsi qəbul edilib. Qəbul edilən bu sənəd yerli  idarəçilik orqanları tərəfindən yaxın müddət ərzində iqlim dəyişikliyi, yaşıllıqların qorunması, dayanıqlı enerji və nəqliyyat, əlverişli və adekvat mənzil təminatı da daxil olmaqla, şəhərlərin dayanıqlılığını təmin etməsinin həyata keçirilməsi üçün konkret addımlar planını özündə ehtiva edir.

Z.MURADOV
Gəncə

 





08.10.2020    çap et  çap et